Lənkəranda icra başçısının keçmiş müavini Rasilə Əliyeva tərəfindən fiziki zorakılığa məruz qalmış 15 yaşlı yeniyetmə Azərbaycan Uşaqlar Birliyində reablitasiyaya cəlb olunub.
Bu barədə məlumatı Bizim.Media-ya Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib.
Onun sözlərinə görə məktəbliyə iki gündür ki, psixoloji dəstək göstərilir:
“İş ondadır ki, hələ qızın izahatları alındığına görə vəziyyətinin qənatbəxş olduğunu deyə bilmirəm. Yenidən üzləşmələr, izahatlar təkrar yeniyetməyə o hadisələri xatırladır. Ailəyə həm xahiş, həm də hədə-qorxu zəngləri gəlir. Hər vəchlə çalışırlar ki, uşağın izahatları geri çəkilsin.
MÖVZU İLƏ BAĞLI:
Rasilə Əliyeva haqda daha bir İTTİHAM – “Erkən nikahın razılığı üçün 4 min alırmış”
Təbii ki, ailə bu addımı atmağı düşünmür. İstənilən halda hadisə ilə bağlı hər güngü xatırlamalar yeniyetməyə yaxşı təsir etmir. Ona görə də reablitasiya müddəti haqda bir söz deyə bilmirik. Amma ilkin olaraq bir ay və ya bir ay yarım gəlib-gedəcək”.
Xatırladaq ki, iyulun 14-də Lənkəran 4 saylı orta məktəbin 9-cu sinif şagirdi həmin rayonun icra başçısının müavini Rasilə Əliyeva tərəfindən fiziki zorakılığa məruz qalıb. Hadisə yerində 4 saylı məktəbin direktoru Yeganə Əsgərova da olub.
Döyülmə faktı ilə bağlı Lənkəran şəhər prokurorluğunda cinayət işi açılıb. Sözügedən şəxslər vəzifələrindən uzaqlaşdırılıblar.
Alçina Amilqızı, Bizim.Media