Bayram, yoxsa iş günlərinin sayı azaldılmalıdır? – EKSPERT RƏYİ 

Bayram, yoxsa iş günlərinin sayı azaldılmalıdır? – EKSPERT RƏYİ 

Hazırda oxunan: Bayram, yoxsa iş günlərinin sayı azaldılmalıdır? – EKSPERT RƏYİ 

85046

Son günlərdə ölkəmizdə bir sıra ekspertlər və millət vəkilləri tərəfindən tətil, eləcə də qeyri-iş günlərinin azaldılması mövzusunda fikirlər səsləndirilir.  

Belə ki, məsələ ilə bağlı, əsasən, iki fərqli mövqe sərgilənir: 

1. Ölkədə qeyri-iş günlərinin sayının çox olması iqtisadi aktivliyə mənfi təsir göstərir. Buna görə də, tətil günlərinin azaldılmasına ehtiyac var. 

2. Azərbaycan reallığında onsuz da bir çox sahələrdə işçilər həftənin 5 günü, 8 saatlıq iş rejimində deyil, daha artıq çalışırlar. Ona görə də, bu addım insanların istirahət hüququnu tamamilə məhdudlaşdıra bilər. 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədovun sözlərinə görə, əmək müqaviləsi olmadan işləyənlərin sayı onsuz da kifayət qədərdir: 

“Ona görə də həmin şəxslər bəzən bayram günlərində də işə cəlb olunur. Amma leqal sektorda bu, bir qədər natarazlıq yaradır. Yəni dövlət sektoru işləmir, lakin digər strukturlar çalışmağa davam edir, yəni faktiki olaraq iş gedir. Bu da diskomfort yaradır. Xüsusən də, xidmət sahələri, notariat, qeydiyyat orqanları və özəl olsa belə bank sektoru bayramlarda işləmir, nəticədə insanlar üçün narahatlıq yaranır. Problem ondan ibarətdir ki, bir çox ölkələrdə uzun müddətli tətil günləri var, lakin bizdə bunun hesablanması İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən aparılmalıdır.
 

Yalnız bundan sonra qeyri-iş günlərinin iqtisadi təsirlərini müəyyənləşdirmək mümkündür. Onlar da yalnız formal əmək bazarına istinadən hesablanma apara bilərlər, kölgə iqtisadiyyatını hesablamaqsa mümkün deyil”. 


Ekspert Konstitusiyanın 37-ci maddəsinə əsasən, hər kəsin istiqahət hüququnun olduğunu da xatırladıb: 

“Azərbaycanda davam edən qeyri-iş günləri Yeni il və Novruz bayramlarında olur. Digər bayramlarsa bəzən ona görə uzadılır ki, həmin günlər şənbə-bazara təsadüf edir. Ümumilikdə isə qeyri-iş günlərinin iqtisadiyyata ciddi təsir göstərdiyini düşünmürəm. Çünki əsasən dövlət qurumları, təhsil müəssisələri, büdcə təşkilatları üçün qeyri-iş günü olan vaxtlarda istehsal müəssiəsələri əksər hallarda fəaliyyətini davam etdirir”. 

Sahib Məmmədov yüksək iqtisadi inkişaf səviyyəsinə malik olan ölkələrdə 4 günlük iş həftəsinin tətbiqi, iş saatlarının azaldılması məsələsinə də toxunub: 
 

“Bu cür ölkələrdə istehsalın həcmi azalmır. Onlar müasir texnologiya və metodların tətbiqi yoluyla əvvəlki tempi qoruya bilir, əksinə daha çox qazanc əldə edirlər. Çünki daha az enerji sərf olunur, yaxud məsafədən işə keçməklə ofislərin həcmi kiçilir və saxlanma xərclərinə qənaət edilir.


Yəni səmərəliliyi və faydalı iş əmsalını diqqətdə saxlamaq lazımdır. Əgər işçi 8 saat ərzində aldığı nəticəni daha qısa müddətdə əldə edə bilirsə, vaxt uzatmağa ehtiyac yoxdur. Dördüncü sənaye inqilabı da məhz buna hesablanıb: daha qısa vaxtda, daha yaxşı səmərə əldə etmək. Ona görə də, bayram günlərini azaltmağa yox, səmərəliliyi artırmağa çalışmalıyıq”. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO