Qəzetləri bağlanmış Baş redaktorlar hardadır? – Özəl AÇIQLAMALAR

Qəzetləri bağlanmış Baş redaktorlar hardadır? – Özəl AÇIQLAMALAR

Hazırda oxunan: Qəzetləri bağlanmış Baş redaktorlar hardadır? – Özəl AÇIQLAMALAR

84965

Bu gün 147 yaşı olan Milli Mətbuatımız bu günə qədər yaşı qədər keşməkeşli ağır zamanlardan keçib desək, heç də, yanılmarıq. Saytların yarandığı zamana qədər milli mətbuatımızın əsas aparıcı orqanı, danışan dili olan qəzetlərimizin milli düşüncə və təfəkkürün formalaşmasındakı rolu əvəzsiz olub. 

Ağır günlərin təlatümlərindən bu günə kimi az sayda qəzetlərimiz sağ çıxsa da, bəziləri bəlkə də, tirajlarının ən bum vaxtında fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalıblar.

Mətbuat günü münasibəti ilə bir zamanlar böyük kütləsi olan, lakin müəmmalı və ya aşkar səbəblərdən dolayı fəaliyyətini dayandıran qəzetlərimizin Baş redaktorları ilə həmsöhbət olmaq, bu özəl gündə fikirlərini öyrənmək qərarına gəldik.
1993-cü ildən 1999-cu ilə qədər fəaliyyət göstərən “Press Fakt” qəzetinin Baş redaktor Məqsəd Nur hazırda fəliyyətini yazıçı olaraq davam etdirir.

Bizim.Media-ya verdiyi özəl açıqlamada həmin dövrdə onunla qəzetdə çalışan hər kəsə təşəkür edən Baş redaktor söyləyib ki, qəzetin fəaliyyətinin dayandırılması mediada baş verən texniki və digər dəyişikliklərlə bağlı olub:

“Media elə bir sahədir ki, daim inkişaf edir. Əgər hər hansı bir imkanım olsaydı, “Press Faktı” internet saytına və ya onlayn bir qəzetə çevirərdim. Ancaq bütün bunlar üçün çox böyük resuslar lazımdır.

“Press Fakt” və digər fəaliyyətini dayandırmış qəzetlər də Azərbaycan mətbuatının bir səlnaməsidir. Bu gün Azərbaycan mətbuatı “Əkinçidən” başlayan ənənələri davam etdirir və düşünürəm ki, bu peşakar məktəbin və ustadların hesabına Azərbaycan mətbuatı inkişaf edəcək. Arzu edirəm ki, peşəkar səviyyə artsın. Mətbuat işçilərinin maddi güzəranı çox yaxşı olsun və daha peşəkar layihələr həyata keçirsinlər”.

“Avropa” qəzetinin Baş redaktoru olmuş yazıçı Fəxri Uğurlu isə açıqlamasında bildirib ki, qəzet 2000-ci ildə nəşrə başlayıb. Təqribən il yarım sonra maddi çətinlikdən dolayı fasilə verib.

Müəyyən fasilələrlə yenidən fəaliyyətə başlayan qəzet 2003-cü ilə kimi çap olunub. 

“Ümumilikdə qəzetin 126 nömrəsi çapdan çıxıb. O zaman hardasa ümumi tirajın 70-75 faizi satılırdı. Bununla belə, o satışla öz xərclərimizi ödəyə bilmədik. Satış bizim xərclərimizin yalnız 40 faizini ödəyirdi. O zaman reklam bazarı olmadan qəzet saxlamaq mümkün deyildi. Dünya standartı belədir ki, təqribən qəzetin xərclərinin 25-30 faizi satışdan gələ bilər. Qalan 70-75 faizi isə reklam hesabına ödənilir. Ona görə də, biz maliyyə çətinliklərindən dolayı fəaliyyətimizi sonlandırdıq”.

Qeyd edək ki, müəyyən fasilələrlə işsiz qalan yazıçı Fəxri Uğurlu hazırda Yeni Azərbaycan qəzetində və Multikulturalizm jurnalında çalışır.
Bir zamanlar çoxlarının maraqla izlədiyi “Şans” qəzeti təəssüf ki, bu günə kimi gəlib çıxan şanslı qəzetlərimiz sırasında ola bilmədi. Qəzetin Baş redaktoru Azər Hüseynbala Bizim.Media- ya bildirib ki, qəzet maliyyə dəstəyinin kəsilməsi ucbatından dayanıb:

“O vaxt qəzet Dövlət Əmlak Komitəsinin sədri Nadir Nəsibov tərəfindən qeyri-rəsmi şəkildə maliyyələşdirilirdi. Hardasa bir ilə yaxın fəaliyyət göstərdik. 1998-1999-cu illər ərzində qəzetin xeyli nömrəsi çap olunub”.

Hazırda lent.az saytında çalışan Baş redaktor söyləyib ki, qəzeti yenidən bərpa etməyə heç bir ümidi yoxdur:

“O zaman çox möhtəşəm bir kollektivimiz vardı. Hüseyn Əfəndi, Zöhrab Əmirxanlı, Qulu  Ağsəs, Qurban Yaquboğlu  kimi iti qələmi və yaradıcı jurnalist zövqü olan insanlarla işləmək mənim üçün də xoş idi. İndi təəssüf ki, nə o kollektivi toplamaq, nə də o formada qəzet çap etmək mümkün deyil”.

Növbəti müsahibimiz isə veteran qəzetlərimiz sırasında olan “Reytinq” qəzetinin Baş redaktoru Afiq Mirzə oldu. Bizim.Media-ya açıqlamasında o bildirdi ki, hazırda “Reytinq” qəzeti onlayn formada fəaliyyət göstərir və o da burada fəaliyyətimi davam etdirir.

Afiq Mirzənin sözlərinə görə, o vaxt KİV rəhbərliyi ilə aralarında yaranmış  problem səbəbi ilə məhz redaksiya heyyətinin qərarı ilə qəzetin fəaliyyəti dayandırıldı. 

“Bizə ayırılan 3 aylıq vəsaitdən imtina edərək qəzetin fəaliyyətini dayandırdıq. Vüqar Səfərli ilə aramızda ciddi problem oldu. Qəzet 1999-cu ildən  fəaliyyət göstərirdi. 2000-ci ildən isə Baş redaktoru məhz mən oldum. Qəzet 2010-cu ildə fəaliyyətini dayandırdı. Əməkdaşlarımızdan Aqil Ələsgər, Faiq Əhməd və Zaur Əhməd  hazırda media orqanlarında baş redaktordular.

Seymur Verdizadə, Bahar Rüstəmli, Əziz Rzazadə kimi imzalarla işləmək də, mənə xüsusi zövq verirdi. Digər əməkdaşımız Ramil Hüseyn isə indi başqa sahədə çalışır. Hazırda ofisimiz təmirdə olduğu üçün onlayn formada fəaliyyət göstəririk”.
Media aləmində iz qoymuş qəzetlərdən biri də “Rezonas” qəzeti olub. Unudulmaz vəkil Adil İsmayılovun təsisçiliyi ilə nəşr olunan qəzetin sonuncu Baş redaktoru tanınmış jurnalist Vəli Əkbər olub. Milli Mətbautımızın 147-ci ilində sıralarımızı tərk etmiş qəzetlərlə bağlı onun da fikrini öyrəndik:

“Mətbuata gələndə bütün ruhumu reportyorluğa vermişdim. Amma tale elə gətirdi ki, 25 yaşından “Press Fakt” qəzetində məsul katib, Baş redaktorun müavini kimi fəaliyyət göstərməyə başladım. Sonra 1998-ci ildə unuzulmaz dostum, vəkil Adil İsmayılovun dəvəti ilə “Rezonans” qəzetinə Baş redaktor kimi gəldim.

Məndən əvvəl qəzetə ünlü imzalar rəhbərlik etmişdilər, Mehaman Cavadoğlu, Fəxri Uğurlu. Çox populyar bir dərgi idi. Adil İsmayılov heç qəzetin işinə qarışmazdı, tam yaradıcılıq mühiti vardı. Əla labaratoriya idi. Düz 3 il qəzetə rəhbərlik elədim, son 9 ayda kollektiv maaşsız, qonararsız çalışdı. İndi o insanları xatırlayanda hamısı ilə qürur duyuram.

Təşəkkür edirəm hamısına. Qəzetin bağlanması labüd idi, sarı mətbuatın üstələdiyi bir zamanda ağıllı görünməyin özü axmaqlıq sayılırdı. Sonralar bunun məntiqi nəticəsinə də şahid olduq. Klassik qəzetçilik tarixin arxivinə qovuşdu. Amma onlar mətbuat tarixində “əjdaha izləri”dir.

Bizim nəslin çoxlu nümayəndələri vardı ki, bu işi şərəflə görüb, qələmi aparıb Həsən bəy Zərdabinin qəbri önündə təhvil verdilər. Hamımızı ayaq üstə alqışlayıram. Açığı deyim onlara haradasa Milli Mətbuat uğrunda mücadilə edən “şəhid qəzetlər” statusunda baxıram”. 
Xatırladaq ki, Vəli Əkbər sonradan “Həftə içi” qəzetində Baş redaktorun müavini,  “Lider” Televiziyasında İctimai-siyasi Proqramlar və Xəbərlər Studiyasının direktoru, Aztv, ARB, İTV kanallarında xəbər redaktoru kimi fəaliyyət göstərib. Hazırda Bizim.Media İnformasiya Portalında Baş redaktorun müvainidir. 

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO