“Location” klubundakı partlayışa görə həbs edilən vəzifəli şəxs azadlığa buraxılıb

“Location” klubundakı partlayışa görə həbs edilən vəzifəli şəxs azadlığa buraxılıb

Hazırda oxunan: “Location” klubundakı partlayışa görə həbs edilən vəzifəli şəxs azadlığa buraxılıb

84293

Bakıda “Location” gecə klubunda baş verən partlayışa görə həbs edilən Rəsul Rəsulov, Orxan Səfərli və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 

Məlum olub ki, Rəsul Rəsulov və Orxan Səfərli həbsdədir. Digər təqsirləndirilən Ruslan Məmmədovun barəsində əvvəllər həbs qətimkan tədbiri seçilsə də, sonradan barəsində seçilmiş qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. 
Prokuror həmçinin cinayət işinin məhkəmə baxışına verilməsini istəyib.  

Rəsul Rəsulovun vəkili Umud Abdurrəhmanlı bildirib ki, müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi yoxdur. Qeyd edib ki, onun barəsində olan cinayət işinə bəraət verici əsaslarla xitam verilməlidir. 

Ruslan Məmmədovun vəkili Vasif Allahverdiyev prokurorun müdafiə etdiyi şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı çıxışına etiraz edib. Bildirib ki, onlar cinayət üzrə 40 zərərçıkmişlə rəsmi qaydada barışıq əldə ediblər, onlara dəymiş maddi ziyan ödənilib:  

"Ruslan Məmmədov az ağır cinayətlərdə ittiham edilir. Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün əsaslar mövcud deyil". 

Orxan Səfərlinin də vəkili çıxış edərək onun barəsində olan cinayət təqibinə xitam verilməsini istəyib. Qeyd edib ki, istintaq dövründə Orxan Səfərlinin barəsində olan cinayət işinə xitam verilməsi, onun həbsdən azad edilməsi barədə vəsatət versələr də, heç bir əsas gətrilmədən vəsatətlərin təmin edilməyib.  

Orxan Səfərlinin vəkili Muxtar Mustafayev qeyd edib ki, bu cinayət işi ibtidai istintaqa qaytarılmalıdır:  

"Bu işdə əsl günahkar olan şəxslərə ittiham verilməlidir. İttiham da daha ağır ittihamla əvəz olunmalıdır. İbtidai istintaq qanun pozuntusu ilə aparılıb". 

Elçin Rzayev deyib ki, prokurorluqda dindirilib, avtomobilinə ziyan dəyib. Qeyd edib ki, sonda zərərçəkmiş qismində tanımayıb. Onun sözlərinə görə, sonda ona zərərçəkmiş qismində müstəntiq tərəfindən tanınmaması barədə qərar qəbul edildiyi məlum olub.  

O cinayət işinin istintaqa qaytarılması, işdə onun zərərçəkmiş şəxs qismində tanınması barədə qərar qəbul edilməsini istəyib. Elçin Rzayev deyib ki, hadisə zamanı avtomobilini orada saxlayıb, ona 3500 manat ziyan dəyib. 

Daha sonra hakimlər hazırlıq iclasının qərarını elan edib. Qərara görə, cinayət işi məhkəmə baxışına verilib.  

Məhkəmə təqsirləndirilən şəxslərin vəkillərinin vəsatətlərini təmin etməyib. Ruslan Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı prokurorun vəsatəti təmin edilməyib. Onun barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri qüvvədə saxlanılıb. 

Elçin Rzayevin müraciəti ilə bağlı məhkəmə heç bir qərar qəbul etməyib. Buna səbəb onunla bağlı işdə heç bir sənədin olmaması izah edilib. Onun diqqətinə çatdırılıb ki, bununla bağlı aidiyyəti üzrə qurumlara müraciət edə bilər. 

Məhkəmə baxışı iyulun 25-ə təyin edilib. 

İttihama görə, hadisə bu il aprelin 3-də gecə saat 3 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda baş verib. 
Partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb. 

Aprelin 6-da 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı xəstəxanada vəfat edib. Aprelin 9-da isə klubun işçisi Gülbala Abdullayev dünyasını dəyişib. 

İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərliyə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elanedilib. 

Eyni zamanda, istintaq zamanı qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edilib. 
Ona Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Cinayət işi üzrə 53 zərərçəkmiş qismində tanınıb. 

Zərərçəkmişlərin siyahısında bloger, Bakı Lift İdarəsinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızı Aysel Şükürova da var. 

O, həmin partlayışda ağır xəsarət alıb. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO