Lənkəran İcra Hakimiyyəti başçısının müavini Rasilə Əliyevanın evində döydüyü iddia edilən 9-cu sinif şagirdi Aliyə Camalova ilə bağlı məsələnin detalları araşdırılır. Döyülmə faktının harada və kim tərəfindən baş verməsi ilə bağlı hələki rəsmi açıqlama verilməyib.
Rasilə Əliyevanın yeniyetməni əxlaqsızlıqda və sinif yoldaşlarını pozmaqda ittiham etməsi, bu səbəbdən qızın orta məktəbdən çıxarılmasını tələb etməsi ictimaiyyətdə birmənalı qarşılanmayıb. Bu mövzuda səlahiyyət sahibi olmayan Rasilə Əliyevanın belə bir açıqlama verməsi ciddi tənqidlə qarşılanıb.
Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin müəllimi Gülzar Əliyeva Bizim.Media-ya açıqlamasında 4 il sinif rəhbəri olduğu Aliyə Camalovadan danışıb.
MÖVZU İLƏ BAĞLI:
İcra başçısının müavininin döydüyü deyilən məktəblidən XƏBƏR var – Anadan yeni DETALLAR
O, deyib ki, indi də sinif rəhbər olduğu şagirdləri ilə maraqlanır, onlardan hər dəqiqə xəbər tutur:
“Aliyə artıq 9-cu sinifdə oxuyur. Mən onları 5-ə qədər aparmışam. Ümumiyyətlə o sinfin xarakteristikası çox gözəldir. Hamısı çox yaxşı uşaqlardır. 4 il onlara analıq və müəlliməlik etmişəm. Qaldı ki, Aliyəyə, mən onun başına gələnlərdən çox üzüldüm. Bir valideyn üçün övladının bu şəkildə döyülməsi sadəcə dəhşətdir. Mən özüm də Aliyəni və xəsarətlərini gördüm. Düşünəndə ki, övladımı kimsə döyüb, o anda nə edərəm, bilmirəm. Çox təssüflənirəm. Açığı dünən mediada oxudum ki, guya Aliyə Camalovanı Rasilə Əliyeva ilə birgə Yeganə Əsgərova da döyüb. Mən Yeganə müəlliməni 30 ildən çoxdur tanıyıram. O səsini qaldıra bilər, amma əlini yox... Həmişə şagirdlərinin arxasıda dayanıb. Hələ də təccüb içindəyəm. Hər halda araşdırmaların nəticəsində həqiqətlər ortaya çıxacaq”.
Gülzar Əliyeva Rasilə Əliyevanın Aliyəni əxlaqsızlıqda günahlandırması məsələsinə də münasibət bildirib:
“O sinifdə əxlaqsız uşaq ola bilməz. Nəinki Aliyə, heç bir qız və ya oğlan barədə belə ittihamın irəli sürülməsi ciddi yalnışlıq olar. 15 yaşında qızın nə əxlaqsızlığı ola bilər? Nə tərbiyəsizlik edib ki, ona əxlaqsız adı verilsin.
O ifadə Aliyə üçün çox böyük və günahdır. Aliyədə ana, ata, baba və nənə qayğısı əskik olmayıb. Anası Ləman xanımı uzun müddətdir ki, tanıyıram. Çox mədəni və ziyalı xanımdır. Onda olan bütün mədəni xüsusiyyətlər də Aliyədə toplanıb. Sakit, tərbiyəli, yalanı və əsəbi olmayan qızdır. Məktəbdə nəsə neqativ bir olay baş verəndə qulağımıza çatır.
Bu günə qədər Aliyə barəsində hər hansı xoşagəlməz hal eşitməmişəm. Tək Aliyədə yox, onun təhsil aldığı o sinifdə bütün uşaqlar tərbiyəlidir. Rasilə Əliyevanı da həm valideyn kimi, həm də həmkar kimi tanımışam. İcra başçısının müavini olmamışdan əvvəl bizim məktəbdə Azərbaycan-dili fənnini tədris edib.
Valideyn kimi isə 1 il yaxından tanımışam. Təxminən 8 il olar ki, bir yerdə çalışmırıq. Onun qızı Sara da mədəni qızdır. Sara ilə Aliyənin çox gözəl münasibətləri olub. Heç vaxt bir-birlərinə qarşı aqressiv olmayıblar. Niyə belə bir olay yaşanıb? Çox qəibədir...”, - deyə Gülzar Əliyeva qeyd edib.
Xatırladaq ki, Lənkəran 4 saylı orta məktəbin 9-cu sinif şagirdi Aliyə Camalovaya fiziki zorakılıq olunub. Döyülən yeniyetmənin anası Ləman Camalovanın iddiasına görə qızı Lənkəran şəhər icra başçısının müavini Rasilə Əliyeva tərəfindən evində döyülüb.
Digər iddiasına görə qızı döyüləndə orada Lənkəran 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova da olub. Yeniyetmənin üzündə və bədənində ciddi xəsarət izləri var.
Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin regional çöbəsinə daxil olmuş müraciət əsasında araşdırma aparılır.
Alçina Amilqızı, Bizim.Media