Şuşada Konstitusiya Məhkəməsinin iclası keçirildi - BU MƏSƏLƏLƏRƏ BAXILDI

Şuşada Konstitusiya Məhkəməsinin iclası keçirildi - BU MƏSƏLƏLƏRƏ BAXILDI

Hazırda oxunan: Şuşada Konstitusiya Məhkəməsinin iclası keçirildi - BU MƏSƏLƏLƏRƏ BAXILDI

83924

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası Şuşada keçirilib.

Konstitusiya Məhkəməsindən Bizim.Media-ya bildirilib ki, iclasda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə, Azərbaycan Respublikası Baş Prokurorluğunun sorğusu əsasında Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh olunmasına və N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 24 noyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işlərinə baxılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Şuşanın adından istifadə qaydası müəyyənləşdi - YENİ QANUN


Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakimlərin məruzələrini, maraqlı subyektlərin nümayəndələrinin, mütəxəssislərin çıxışlarını, rəylərini, ərizəçinin şikayətini və işin materiallarını araşdırıb müzakirə edərək qərarlar qəbul edib.

Birinci işlə bağlı qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.2-ci maddəsinin mənasına görə, davam edən cinayətin birinci epizodunun şəxs tərəfindən başqa cinayət üzrə hökm çıxarılmazdan əvvəl törədildiyi və həmin hökm qanuni qüvvəyə mindikdən sonra davam edərək başa çatdırıldığı halda, cinayət hökm qanuni qüvvəyə mindikdən sonra törədilmiş hesab edilməli və cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq hökmlərin məcmusu üzrə təyin olunmalıdır.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır.

Digər iş üzə Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipi baxımından rüşvət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə uyğun olaraq rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdiyinə görə cinayət məsuliyyətindən azad edildiyindən, barəsində törədilmiş dələduzluq cinayət işi üzrə onun zərərçəkmiş qismində tanınması mümkün hesab edilməlidir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının 1-ci bəndinə əsasən şəxs cinayət prosesində zərərçəkmiş şəxs qismində tanındığı halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə müvafiq olaraq ona qarşı dələduzluq cinayətini törətmiş şəxs onunla barışdıqda və dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilə bilər.
Konstitusiya Məhkəməsinin Plenumu üçüncü iş üzrə qərara alıb ki, N.Hüseynbəyovun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı əlilliyə görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin I və III hissələrinə və 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci və 96.5.1-ci maddələrinə uyğun olmayan hesab edilsin, müvafiq məhkəmə aktı icra edilməsin və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.

Qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO