Vətən müharibəsində tarix yazan əkiz qardaşlar - FOTOLAR

Vətən müharibəsində tarix yazan əkiz qardaşlar - FOTOLAR

Hazırda oxunan: Vətən müharibəsində tarix yazan əkiz qardaşlar - FOTOLAR

8377

Bu gün söhbət açacağımız qəhrəmanlarımız, əslən Biləsuvarın Bəydilli kəndindən olan əkiz qardaşlar Həsənağa və Qalib Bağırlılardır. Qəhrəmanlarımızın necə bir ailədə doğulub-böyüdüyü yəqin ki, hər kəsi maraqlandırır. 

Bizim.Media bu cür cəsur övladlar yetişdirən, 44 günlük müharibə zaman qəhrəmanlıq dastanı yazan qardaşların ataları ilə əlaqə saxlayıb.

Cəsur əsgərlərin atası Afət kişi torpaqlarımızın azad olunmasında pay yükü olan övladları ilə fəxr etdiyini dilə gətirib.

“Düzdür, övladdır, onlar cəbhədə olanda içimdə bir qorxu hissi var idi. Ancaq eyni zamanda da mən bir qürur, fəxr hissi keçirirdim”.

Hər iki oğlunun cəbhədə topçu olduğunu qeyd edən ata, övladlarının Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı və Laçın rayonunun azad olunmasına görə medalları ilə təltif edildikləri barədə danışdıqca, sevincdən sözlər boğazında düyünlənir.

Ata “Xoşbəxtəm ki, vətən üçün bu cür övladlar yetişdirə bilmişəm” sözlərini deyib, dəstəyi cəsur döyüşçüləri dünyaya gətirən, onlara gözəl tərbiyə, təmiz əxlaq bəxş edən anaya- Elnarə xanıma ötürür. Ananın da duyğuları atanın keçirdiyi hisslərdən fərqli deyildi.

Elnarə xanım ilə söhbətim zamanı onun səsində hədsiz sevinc və qürur hissini müşahidə edirəm. Ana qəhrəman övladlarından ağız dolusu danışır.

“Onlar mənim boya-başa çatdırdığım, tərbiyə etdiyim yeganə övladlarımdır. Onların da qismətində bu ali məqama yüksəlmək var idi. Həyatda hər kəs öz qismətini yaşayır. Şükür ki, övladlarımın həyat yolu, döyüşlərdən, ər meydanından keçib. Döyüşüb, cəbhədə qəhrəmanlıq göstərib, bizim də başımızı uca ediblər”.

Döyüş yollarının demək olar ki, cəbhənin bir çox istiqamətindən keçdiyini bildirən Elnarə xanım övladlarının mübarizəyə ilk olaraq Füzuli istiqamətində qoşulduqlarını deyib. 

Həsənağa və Qalib Bağırlı qardaşları döyüşlər zamanı nümayiş etdirdikləri şücaətə görə, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı və Laçın rayonunun azad olunmasına görə medalları ilə təltif edildiyini eşidən ana keçirdiyi hisslər haqqında danışarkən deyib:

“O hissləri hec cür təsəvvür edə bilməzsiniz. Bir ana üçün övladlarından ala biləcək bundan böyük hədiyyə ola bilməz”. 

Elnarə xanım indi çox qürurlu, əsl Azərbaycan qadınıdır. Onsuz da o, 25 ildir vətən üçün neçə-neçə övladlar yetişdirib, müəllim kimi həmin övladlara qələm tutmağı öyrədib. O, ən gözəl müəllimliyi öz övladlarına – Vətən sevgisi, vətənə sonsuz, təmənnasız məhəbbəti öyrətməklə bəxş edib.

Elnarə xanım tezliklə, özvladlarını evləndirməyi, onlara xonça aparmağı da düşünür. Oğullarının igidlikləri kəndə yayıldıqdan sonra qohum olmaq istəyən çox ailələr var... 

“Mən də oğlanlarımın seçdikləri gözəl, onlara yaraşan bir ailənin qapısına elçi gedib, nərmənazik qızın incə belinə qırmızı lent bağlamaq arzusundayam. Şükür Allaha müharibə bitdi, Azərbaycan qələbə qazandı. Azərbaycan bütün müharibədə iştirak edən igid qazilərimiz ilə fəxr edir. Allah şəhidlərimizə rəhmət eləsin! Onlar öz qanları ilə bir qəhrəmanlıq dastanı yazdı”.

Onlar bizə, qələbə bəxş edib, tarix yazan igidlərimizdir. Biz sizinlə fəxr edirik, Azərbaycan əsgəri!

Vüsalə Balayeva, Bizim.Media












 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO