Yay ayları bir çox insan enerjisini artırırsa, da bu mövsümdə bədbəxt və yorğun insanlar də ən az digərləri qədər çoxdur. Əgər siz də çöldəki Günəşə baxmayaraq, özünüzü uzun müddətdir kədərli, yorğun və depressiv hiss edirsinizsə, yay depressiyasına tutulmuş ola bilərsiniz. Bəs, yay depressiyası nədir?
Bizim.Media araşdırmasına görə, yay depressiyası qış depressiyasına nəzərən daha az rast gəlinir və onun səbəbləri tam məlum deyil.
Genetik faktorlar, stress, travmatik hadisələr yay depressiyasına səbəb ola biləcək amillərdəndir. Bundan əlavə, melatonin hormonunun az ifrazı kimi bioloji faktorlar depressiyaya səbəb ola bilər.
MÖVZU İLƏ BAĞLI:
Soyuq havalarda ölməkdən qorxan adamların QIŞ DEPRESSİYASI – Çarə soyuq havadır
Psixoloq Gülnarə Orucova qeyd edir ki, yay depressiyası ən çox avqust ayına təsadüf edir:
“Hamımız 9-10 ay işləyirik və enerjimiz yay aylarında tükənmiş olur. Bu zaman bizə istirahət lazım olur. Belə ki, yay ayları üçün istirahət planı hazırlayırıq. Bəzən hər şey planladığımız kimi getmir, ya maddi cəhətdən korluq çəkirik, ya da xəyalımızda olan şəxslər bizdən ayrılır, həyatımızda artıq olmur. 9-10 ay boyunca qurduğumuz xəyalları reallaşdıra bilməyəndə depressiyaya qapılırıq”.
Ekspert bildirir ki, insanlar o qədər böyük xəyal qururlar ki, gerçəkləşdirə bilmirlər:
“Yay depressiyası böyük xəyalların fonunda yaranır. Hədəfi yaxın qoyanda tez, uzaq qoyanda çatmaq da çətin olur. Kiçik bir guşədə biri ilə çay içmək belə bizim üçün istirahət ola bilər. Çox vaxt insanlar yalnız öz mənafelərini düşündüyü üçün xoşbəxt ola bilmir. Halbuki yaxınlarımızın sevinci, səadəti belə xoşbəxtliyin formullarından biridir”.
Gülnar Hüseynova bildirir ki, xoşbəxtliyi insan özü yaratmalıdır:
“Hətta bir qisim yayda Günəşdən enerji alır, soruşsanız, Günəş sayəsində özlərini gümrah hiss edirlər. Yayı sahildə oturub bir fincan qəhvə içmək üçün səbirsizliklə gözləyən insanlar da az deyil. Fəsilin fərqi yoxdur, xoşbəxtliyi maddiyyatda, varda axtarmaq düzgün deyil. Hər an sevməyə yeni bir şey tapmaq olar”.
Mia Quliyeva, Bizim.Media