Xəbər verildiyi kimi Azərbayacan Mərkəzi Bankı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) barəsində məhkəməyə müraciət edib. İş Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatına verilib.
Mərkəzi Bank TƏBİB barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimə protokolu tərtib edib.
TƏBİB-in rəsmisi Zamira Adilova Bizim.Media-ya açıqlamasında bildirib ki, Mərkəzi Bank “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə İnzibati Xətalar Məcəlləsinin qeyd olunan maddəsi ilə inzibati tənbehin verilməsi məsələsinə baxılması üçün aidiyyəti məhkəmə instansiyasına müraciət edib:
MÖVZU İLƏ BAĞLI:
TƏBİB-in nizamnamə Fondu müəyyən ediləcək
“Sözügedən inzibati xəta haqqında iş üzrə məhkəmə icraatı davam edir və yekun məhkəmə qərarı qəbul edilməyib”, deyə qurum rəsmisi qeyd edib.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi valyuta tənzimi qaydaları pozulmasına görədir.
Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər isə inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Alçina Amilqızı, Bizim.Media