Bakı-Quba-yolunun bərbad olması haqda çox danışmışıq. Hazırda 30 illik zəmanətlə tikilən bu yolda əsaslı bərpa işləri aparılır.
Xatırladaq ki, bu yol 2008-ci ildən çəkilməyə başlayıb. Yolun birinci hissəsi Siyəzən rayonu ərazisində istifadəyə veriləndə açılışda iştirak edən mətbuat nümayəndələri arasında mən də vardım. Sabiq nəqliyyat naziri Ziya Məmmədov onda jurnalistlərə yolun 30 illik zəmanətlə tikildiyini bildirmişdi.
Amma hadisələrin sonrakı inkişafı göstərdi ki, yolun altı “yeyilib”.
İndi bərpası gedən Bakı-Quba yolunda beton plitələrin necə sökülüb qalaqlanmasını buradan keçən hər kəs görür. Kilometrlərlə sökülmüş beton parçalarının heç birində armatur parçasına rast gəlməzsiniz.
Xaçmazlı taksi sürücülərindən biri yolboyu kilometlərlə atılan beton parçalarına heyfi gəldiyini deyir:
“Bu qədər zəhmət, dövlət vəsaiti havaya sovrulub. Bəzi yerlər var ki, orada az-çox armaturdan istifadə olunub, amma kilometrlərlə ərazilər var ki, bir dənə armatur görməzsən. Yol yenidən qurulur, sevinirik, amma çox təəssüf, qısa ömürlü bu yolun cəfasını həmişə biz sürücülər çəkirik. Heç olmasa bu dəfə insaflı olsunlar, yolu keyfiyyətli inşa etsinlər. Çünki israfçılıq günahdır, cinayətdir”.
Məsələ ilə bağlı Qubadan olan deputat Vahid Əhmədov da müansibət bildirib. Millət vəkili Bakı-Quba yolunun bərpası işlərinin dövlət başçısının nəzarətində olduğunu bildirərək qeyd etdi ki, bu yolun inşası zamanı ciddi qanun pozuntularına yol verilib:
“Yol tikilərkən və sonra əsas 3 amilə əməl edilməyib. Mütəxəssislər deyir ki, yolun itikintisi zamanı istifadə edilən sement keyfiyyətsiz olub. Amma beton yolun inşası zamanı keyfiyyətli sement və keyfiyyətli armaturdan istifadə olunmalıdır. Gördüyünüz kimi, armatur çox hissədə heç rast gəlinmir. İkincisi, bu yolda əvvəllər tərəzi vardı. Karxanalardan qum, çınqıl daşıyan ağır tonnajlı yük maşınları bu tərəzidən keçirilib, yoxlanılıb buraxılırdı. Elə maşın var ki, 10 ton əvəzinə 30 ton yük vururdu. Sonradan həmin tərəzi ləğv edildi. Sementin keyfiyyətsizliyi, armaturdan demək olar, çox az istifadə edilməsi, tərəzinin ləğvi, ümumilikdə, bu 3 amil yolun vaxtından tez dağılmasına səbəb oldu”.
Milli Məclisin üzvü Vahid Əhmədovu Bakı-Quba beton yolunun inşasını aparan “Akkord” Şirkətlər Qrupunun yola dövlət büdcəsindən ayrılan vəsaiti düzgün xərcləməməsi də narahat edir:
"Təəssüf ki, bu şirkət dövlət büdcəsindən ayrılan külli miqdarda vəsaiti düzgün sərf eləmədi. Ciddi məsələdir. “Akkord” Şirkətlər Qrupunun indi də dövlət qurumlarına və banklara borcu var. Belə olmamalı idi. Bu şirkətin məsuliyyətdən yayınması doğru hal deyil".
Vahid Əhmədov yolun bərpasının ciddi nəzarət altında olduğundan da xəbərdardır:
"Mən hər dəfə Qubaya gedəndə yolun tikintisinə baş çəkirəm. Çox sürətli və keyfiyyətli iş gedir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov və 1-ci müavini tez-tez bu yola baxış keçirir, yoxlamalar aparır. Bu, çox yaxşı haldır. Mən işin həcmindən və keyfiyyətindən razıyam".
Millət vəkili yolun bərpasında Şabran, Siyəzən və Xızı rayonları istiqamətləri üzrə 8 briqadanın gecə-gündüz çalışdığını bildirdi:
"Hər briqadanın öz iş sahəsi bölüşdürülüb. Hər briqada öz sahəsində keyfiyyətli iş aparır. İşin həcmi göstərir ki, bu il dekabr ayının sonuna kimi Bakı-Quba yolunda təmir-bərpa işləri başa çatacaq. İnsanlarımız bu yoldan rahat,maneəsiz istifadə edə biləcəklər".
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
15:23 / 13.07.2022
30 illik zəmanətlə tikilən Bakı-Quba yolu niyə tez dağıldı? – Millət vəkili 3 SƏBƏBİ AÇIQLADI
Hazırda oxunan: 30 illik zəmanətlə tikilən Bakı-Quba yolu niyə tez dağıldı? – Millət vəkili 3 SƏBƏBİ AÇIQLADI
Hazırda oxunan: 30 illik zəmanətlə tikilən Bakı-Quba yolu niyə tez dağıldı? – Millət vəkili 3 SƏBƏBİ AÇIQLADI
83549
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.