Qazilər niyə intihar edir? – Korporativ maraqların qurbanına çevrilən VƏTƏN FƏDAİLƏRİ

Qazilər niyə intihar edir? – Korporativ maraqların qurbanına çevrilən VƏTƏN FƏDAİLƏRİ

Hazırda oxunan: Qazilər niyə intihar edir? – Korporativ maraqların qurbanına çevrilən VƏTƏN FƏDAİLƏRİ

83517

Son iki ilə yaxın müddətdə intihar edən qazilərimizin sayı 40-a yaxınlaşır. Azərbaycan kimi kiçik ölkə üçün bu çox böyük rəqəm və utancverici göstəricidir. Baxmayaraq ki, həm insanlıq baxımından, həm də dini baxımdan intihar günah və qəbuledilməz addım sayılır. 

Amma məsələyə günümüzün reallığından baxanda intiharın özü də bir etiraz formasıdır. İnsan çarəsiz qalanda öz problemini ictimailəşdirmək üçün bəzən intihar yolunu seçir.

Ona görə də intiharlar cəmiyyətin ən böyük sosial bəlasıdır. Bəzən intiharların çoxluğu həmin cəmiyyətdəki ədalətsizliyin etalonu kimi də qəbul edilir. Çünki, intihar edən insanların bir çoxu psixoloji problem üzündən deyil, üzləşdikləri ədalətsizslik səbəbi ilə intihar edir. O cümlədən də, qazilərimiz. 
 

MÖVZU İLƏ BAĞLI:

Sabirabadda qazinin özünü yandırması ilə bağlı araşdırma aparılır – RƏSMİ   


Şəhid ailələrinin və qazilərin dövlət qurumlarından niyə narazıdır?

Təsadüfi deyil ki, sonradan məlum olur ki, intihar edən qazilərin yerli dövlət qurumları ilə hansısa müstəvidə problemi olub. Statistika göstərir ki, qazilər ən çox narazı qaldıqları qurum yerli icra hakimiyyətləridir. Bu da ondan irəli gəlir ki, yerlərdə ən ali qurum İcra Hakimiyyətləridir. Vətəndaşlar və o cümlədən də qazilər hansısa məsələ ilə bağlı ilk növbədə icra hakimiyyətinə müraciət edirlər. Çox təəssüf ki, bəzi icra hakimiyyətləri də qazilərə istənilən diqqəti göstərmir, bir çox hallarda isə onları boş vədlərlə yola vermək istəyirlər.

Bu da məsələyə qeyri peşəkarlıqdan irəli gəlir. Çünki, qeyri-peşəkar məmurlar problemi həll etməkdən daha çox problemi dondurmağa çalışırlar. Digər tərəfdən bəzi icra hakimiyyətinin işçiləri qazilərlə separat danışığa gedir ki, “sənə istədiyin məsələ də kömək edəcəyik, amma sən də hər yerdə cənab başçını müdafiə edəcəksən”. Təbii ki, bəzi qazilər bu razılaşmaya getmir. Nəticədə həmin qazilər İcra Hakimiyyətinin qara siyahısına salınır.

Ümumiyyətlə yerlərdə qazilərlə və şəhid ailələri ilə iş lazımıi səviyyədə deyil. Bir çox hallarda dövlət qayğısının özü düzgün istiqamətdə aparılmır.

Məsələn, sıradan bir vətəndaş hansısa şəhid və qazi haqqında “kitab yazır”. Sonra da bu diribaş soydaşımız hansısa yolla icra hakimiyyətinə yol tapır. Və nəfis şəkildə çap olunan həmin kitaba İcra Hakimiyyəti sponsorluq edir. Halbuki, İcra Hakimiyyətlərinin nizamnaməsində belə bir missiya yoxdur. Bu da bir tərəfdən vəsaitin səmərəsiz istifadəsinə və sosial ədalətsizliyə yol açır. Digər şəhid ailələri və qazilər də narazılıq edir ki, “bizimlə bağlı niyə kitab yazılmır?”.

Qazilərimiz öz iddialarında nə dərəcədə haqlıdırlar?

İntihar məsələsinə digər rakursadan baxanda isə daha bir eybəcərlik üzə çıxır. Azərbaycan reallığında əksər şəhid ailəsi və qazilər dövlətin verdiyi imtiyazlardan maksimum dərəcə də istifdə etməyə çalışırlar. Bəzən hətta sui-istifadəyə də gedilir. Bu gün nəinki icra hakimiyyətinin, digər dövlət qurumlarının, bələdiyyələrin və hətta “meru”ların qarşısında qazilərə rast gəlmək olur. Çox təəssüf ki, bəzi qazilər özləri üçün deyil, başqalarının istəyinə xatir hətta “zerkalnı” avtomobil nömrəsi üçün “meru”ların qapısını döyürlər.
 

Bu da istər-istəməz narazılıq yaradır. Və bəzən “qurunun oduna yaş da yanır”. Bəzi qazilərin sui-istifadə etdiyi imtiyazlardan bir çox qazilər yararlana bilmir. Bəzi qazilər haqlı ikən haqsız duruma düşür. Bu da son nəticədə intiharlara gətirib çıxarır.


Nə etməli?

Cəmiyyətin bu həssas kateqoriyası ilə aparılan işdə şəffaflıq yaradılmalıdır. İstər qazilər, istərsə də şəhid ailələri üçün yeni metodologiya işlənib hazırlanmalıdır. Qazi də, şəhid ailəsi də bilməlidir ki, qanun ona nədən və ildə neçə dəfə istifadə imkanı verir. Məhz bu zaman bəzi qazi və şəhid ailələri sui-istifadəyə getməyəcəklər. Eləcə də icra strukturları da bilər ki, rayondakı şəhid ailəsinə və qazilərə hansı yardımları və hansı əsaslarla həyata keçirəcək. Çünki, tərəflərin ikisində də məsələyə korporativ yanaşma var. Bu məsələdə şəvvaflıq yaradılsa, həmin korporativ maraqlar aradan qalxacaq və sosial ədalət bərpa olunacaq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO