SƏFƏR QEYDLƏRİ: Viran olmuş Qubadlıda ilk hərbçi şəhidin məzarı yenidən bərpa olundu – VİDEO

SƏFƏR QEYDLƏRİ: Viran olmuş Qubadlıda ilk hərbçi şəhidin məzarı yenidən bərpa olundu – VİDEO

Hazırda oxunan: SƏFƏR QEYDLƏRİ: Viran olmuş Qubadlıda ilk hərbçi şəhidin məzarı yenidən bərpa olundu – VİDEO

82968

29 il sonra Qubadlıya ilk səfərimdə ziyarət edəcəyim iki ünvan var idi. Birincisi, doğma ata ocağı, ikincisi isə Qubadlının ilk hərbçi şəhidi Mehman Müseyib oğlu Ağayarovun məzarı. Ata ocağına ziyarətim barədə ötən yazımda ətraflı söhbət açmışam.

Bu dəfə isə reallaşan ikinci istəyim barədə fikirlərimi və səfər təəssüratımı dəyərli oxucularla bölüşürəm. Qeyd edim ki, bu səfərdə mənimlə birgə jurnalist həmkarlarım Vasif Həsənli, Samir Feyruzov və şəhidimizin bacıları Afinə və Afilə Ağayarovalarda vardı. 

Dağıdılmış məzarlıq

Mənim fikrimcə erməni vandallarının Qubadlıda yaratdığı xarabazarlıq yanında dünyanın ən mahir rəssamının fantaziyası belə zəif qalır. Erməni vəhşiləri ayaqda olan hər şeyi-evləri, sosial-mədəni obyektləri, hətta qəbirstanlığı yerlə bir ediblər. Açığı bu səfər məni çox mütəssir etdi. Gördüyüm acı mənzərə yəqin ki, hələ xeyli müddət yaddaşımdan silinməyəcək.
 

MÖVZU İLƏ BAĞLI:

29 il sonra Qubadlıya İLK SƏFƏRİM - İtirdiklərim və tapdıqlarım 


Yol yoldaşlarımızla birgə bələdçinin iştirakı ilə qəbirstanlığa üz tutduq. Əslində bura qəbirstanlıq demək də düzgün deyil. Ermənilər tərəfindən hər yerdə vəhşicəsinə qəbirlər sökülmüş, qəbirüstü abidələr dağıdılmışdı.

30 il baxımsız qalan qəbirstanlıq ilanların oylağına çevrilmişdi. Bəlkə də ona görə qəhrəman soydaşımızın məzarını tapmaq bizə xeyli çətin oldu. Baxmayaraq ki, şəhidimizin bacıları üçün də, mənim üçün də bu məzar vaxtilə bir ziyarətgah idi. Bütün bunlara rəğmən erməni vandalların xarabazarlığa çevirdiyi ərazidə Mehmanın məzarını çətinliklə olsa da tapdıq. 



Azca qala “ay Mehman hardasan?” deyə qışqıracaqdılar

Məzarı axtardığımız bir saata yaxın zaman mənə bir dünya qədər gəldi. Gözucu tez-tez Afinə ilə Afiləyə baxırdım. Elə bil, dünyaları başlarına uçmuşdu. Elə bil, bu iki bacı qardaşlarını 30 il qabaq yox, elə bu dəqiqə itirmişdilər. 30 il əvvəlki cismani itkidə bir qürur, bir təsəlli vardısa, bu dəfə onları sifətindən qaldırıla bilinmiyəcək bir xəcalət yükü yaşanırdı.

Dost-doğma qardaşlarının məzarını tapa bilmirdilər. O tərəfə, bu tərəfə boylana-boylana qalmışdılar. Az qala, “ay Mehman hardasan?” deyə qışqıracaqdılr. Doğrudan da, çarəsizlik nə ağır yük imiş?! Bu ağır yükü onlar kimi olmasa da bir az mən də öz üzərimdə hiss edirdim. Axı, o zamanlar uşaq olsam da mən də bu məzarlığa az gəlməmişdim...

Di gəl ki, qarşımızda qəbirstanlıq silinib, sovrulmuş bir mənzərə var idi. Yaxınlaşıb yerdən bir əlçim yuxarıda olan qəbir izlərini görməyincə buranın nə olduğunu təssəvvür etmək belə çox çətindir. Ona görə də bacıların xəcalətli və üzgün nəzərləri hər kəsi sarsıtmışdı. Hamı çaşıb qalmışdı. Baxışlarda isə bir sual vardı: 

NƏ EDƏK?

İlk ağıla gələn Mehmanın digər yaxınlarına zəng edib məzarın nişanələrini soruşmaq oldu. Elə bu da köməyimizə yetdi. Edilən tariflər hesabına çətinliklə də olsa, Mehmanın məzarını tapdıq.
Gördüklərimiz isə bizi dəhşətə gətirdi. Ermənilər məzarın üstündəki qiymətli daşları söküb aparmışdılar. Üstəlik, qəbrin yan tərəfini də dağıtmışdılar. Şahidlərin dediyinə görə qızıl axtaran vəhşi erməni varlıqları bütün qəbirləri bu cür dağıdıblar. Məzarın baş hissəsindəki tanış dəmir parçasını tapanda bacılar elə sevindi ki, elə bil şəhid qardaşlarına cismani qovuşmuşdular...

Jurnalist dostlarımla məzara əl gəzdirdik, təmizlik apardıq. Məzarın baş hissəsinə özümüzlə gətirdiyimiz dəmir löhvəni quraşdırdıq. Məzarı Mehamanın canından çox sevdiyi və uğrunda öldüyü Azərbaycan bayrağına bürüdük.



Şəhidimizin ruhuna dualar oxuduqdan sonra geriyə - Bakıya dönürük. 

Ayaqlarım getsə də, qəlbim dağıdılmış, yerləbir edilmiş Qubadlı xarabazarlığında qalır. Ruhumun dinclik tapdığı doğma yerlərə bir də və əbədiyyən qayıtmaq eşqi ilə son dəfə baxıram. Bu yerlərin nigaran, amma hüzünlü aurasını səsli-küylü, tüstülü-dumanlı Bakıya aparmaq istəyi keçir içimdən...
 


Şəhid Mehman Ağayarov kimdir?

Hər bir Qubadlının qəlbində dərin iz buraxmış Mehman Müseyib oğlu Ağayarov 1 mart 1971-ci ildə Qərbi Zəngəzurda doğulub. Uşaqlıq illəri Zəngəzur mahalanın Gorus rayonunun Şurnuxu kəndində keçib. Lakin, ötən əsrin 80-ci illərin sonunda ermənilərin milli zəmində törətdiyi qırğınlar zamanı yeniyetmə Mehman ailəsi ilə birgə Qubadlıya köçür.

Erməni vəhşiliyini gözü ilə görən və bunun acısını yaşayan Mehman hər zaman intiqam hissi ilə yaşayırdı. Təsadüfi deyil ki, Qubadlıda könüllü müdafiə batolyanları yaradılanda onun sıralarına ilk yazılanlardan biri də Mehman Ağayarov idi.

O, xalqımızın qeyrətli oğlu, Milli Qəhrəman Əliyar Əliyevin batalyonunda şərəfli bir döyüş yolu keçdi. Əliyar Əliyev Mehmanın cəsarətini görüb onu kəşfiyyat qrupuna daxil etmişdi. Mehman qısa zamanda cəsarətli kəşfiyyatçı, igid döyüşçü kimi komandirlərinin və yoldaşlarının dərin hörmətini qazanmışdı.

O, Qubadlının Əliquluşağı, Məlikəhmədli, Tarovlu kəndlərində gedən döyüşlərdə fədakarlıqla vuruşub, çox sayda erməni məhv edib. Amma onun döyüş yolu elə də uzun çəkmir. Son döyüşə 1992-ci ilin 19 fevralında gedir.
Ermənilər Məlikəhmədli kəndinə güclü hücuma keçir və axşamdan başlayan döyüş səhərə yaxın səngiyir. İgidlərimiz kəndi fədakarlıqla müdafiə edərək böyük itkilər verən düşməni geri çəkilməyə məcbur edir. Mehman bu bu qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur və Qubadlıda dəfn edilir.

Anar Tahirov, Bizim.Media İnformasiya Portalının Baş redaktoru 














































© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO