“Kəpəz” MTK-nın işçisi - Ağdam rayon sakini, 1984-cü il təvəllüdlü Tamerlan Tağıyevin dələduzluq əməlləri üzə çıxıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, o, MTK-nın Nəsimi rayonunda tikdiyi binada mənzilləri qanunsuz olaraq satıb.
Bununla bağlı “Kəpəz” MTK-nın direktoru, 1961-ci il təvəllüdlü Rəşid Quliyev Nəsimi rayon Polis İdarəsinə müraciət edib. O bildirib ki, şirkətin işçisi Tamerlan Tağıyev ondan xəbərsiz, qanunsuz olaraq 5 mənzili başqasına satıb.
MÖVZU İLƏ BAĞLI:
Məhkəmə həkimi şantaj edən baş redaktorla bağlı QƏRAR VERDİ
Mənzillərin ümumi dəyəri təxminən yarım milyon manatdır.
Bu cinayət işi üzrə “Kəpəz” MRK və daha 6 vətəndaş – Esmira Qasımov, Tural Qələndərov, Hüseynağa Heydərov, Xalid Quliyev, Vüsalə Səfərova və Səfayət Hətəmova zərərçəkmiş qismində tanınıb.
Tamerlan Tağıyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilib. Cinayət işi araşdırılması üçün Bakı Ağır Cinayətlər
Məhkəməsinə göndərilib. İş hakim Azad Məcidovun sədrliyi ilə araşdırılıb. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Tamerlan Tağıyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
O bildirib ki, 30 avqust 2018-ci ildən 12 aprel 2021-ci ildək MTK-da satış meneceri işləyib:
“MTK-nın direktoru Rəşid Quliyev olsa da, həmin MTK Famil Aslanova məxsusdur. Famil Aslanov 2016-cı ildən “FVS” inşaat müəssisəsini yaratdı. Sonra isə bu MTK fəaliyyətə başladı. “FVS” və “Kəpəz, MTK-nın ofisi Nəsimi rayonunda yerləşir. Mənə isə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən təzə inşa olunmuş mənzillərin satışı həvalə olunub.
Xırdalan şəhərində, H.Əliyev prospekti 596 ünvanında yeni 11 mərtəbəli yaşayış binasının tikintisi 2016-cı ildə tamamlanmış binanın ofisində oturmuşam. Mənimlə əmək müqaviləsi bağlanmayıb”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 8 aprel 2020-ci ildə onun xəbəri olmadan satış meneceri vəzifəsindən MTK-da gözətçi vəzifəsinə keçiriblər:
“Mən yalnız istintaq zamanı bildim ki, gözətçi vəzifəsinə keçirilmişəm. MTK-nın sədri Rəşid Quliyev olsa da, əsas sahibi Famil Aslanovdur (mətbuatda yayılan məlumata görə, F. Aslanov sözügedən MTK-nın sahibi olub və deputat Mahir Aslanovun oğludur - red.)”.
Tamerlan Tağlyev deyib ki, şatış meneceri kimi onun vəzifəsi mənzil almaq istəyən müştərilərə mənzilləri göstərmək, mənzili bəyəndikləri təqdirdə həmin müştəridən beh kimi pul alınmasından və həmin pulu baş mühasibə verməkdən ibarət olub:
“Bütün vəzifələri mənə baş mühasib Namiq Fərəcov izah etdi və bildirdi ki, pulların müştərilərindən alınmasını bilavasitə mən təşkil etməliyəm. Mənzillərin hər kvadrat metr qiymətlərini mühasib mənə bildirib. Müştərilərdən pulu alarkən heç bir mədaxil xəzinə orderi tərtib edilməyib.
Mənzilə beh verən şəxsin şəxsiyyət vəsiqəsini “VhatsApp” vasitəsi ilə mühasibə göndərirmişəm. Bundan sonra müştəridən ilkin olaraq beh kimi aldığım pulu da ona verirmişəm. Mühasib həmin müştərinin adına müqavilə bağlanması haqqında sənəd və maliyyə arayışı yazıb, mənə verib. Mən də həmin müqaviləni və maliyyə arayışını müştəriyə vermişəm. Bundan sonra müştəri pulu hissə-hissə ödəyib”.
Tamerlan Tağlyevin ifadəsinə görə, şirkətin mühasibi özündə cədvəl yazıb, müştərinin hissə-hissə ödədiyi pulları həmin cədvələ qeyd edib:
“Müştərinin ödədiyi hissə-hissə pullara görə də bizə heç bir sənəd verilməyib. Həmin pulların qeydiyyatını mühasib özü müqavilənin arxa hissəsində qeyd edib. Heç vaxt heç bir rəsmi sənəd olan müqavilə və maliyyə arayışları saxtalaşdırmamışam, müştərilərdən qəbul etdiyim pulları mühasibə vermişəm.
Mühasib isə həmin puldan hərdən bir mənə hörmət edib. Mühasibin göstərişi ilə mənzil sahiblərindən həmçinin, mənzilin təmiri üçün, kommunal qurğuların quraşdırılması üçün pul almışam. Hamısını mühasibə vermişəm”.
Təqsirləndirilən şəxs bildirib ki, ondan əvvəl mənzillərin açarları Əli müəllimdə olub:
“Əli müəllim komendant olub. Pandemiya vaxtı Əli müəllim işə gəlmədiyi üçün açarları mənə verildi. Binada olan 110 mənzilə görə alıcıya hansı tarixdə mənzil satılmasından asılı olmayaraq, 1 nömrəli protokolda tarix 22 iyul 2018-ci il yazılıb. Hazır blank olub, hazır blankda müştərinin ad familyası yazılıb. Nə üçün hamısında eyni tarix yazılmasını bilmirəm. Həmin blanklar məndə olmayıb. Blankları kimin tərtib etməsini bilmirəm”.
Tamerlan Tağıyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Eldar Məmmədli, Bizim.Media