Kimsəsiz şəhidin doğma kəndindəki uçuq-sökük QƏRİB MƏZARI – Qusar rəsmiləri vədə əməl edəcəkmi?

Kimsəsiz şəhidin doğma kəndindəki uçuq-sökük QƏRİB MƏZARI – Qusar rəsmiləri vədə əməl edəcəkmi?

Hazırda oxunan: Kimsəsiz şəhidin doğma kəndindəki uçuq-sökük QƏRİB MƏZARI – Qusar rəsmiləri vədə əməl edəcəkmi?

82789

Bu bir ailə dramıdır. Ən acı hadisələrə ürcah olan ailənin hekayəsi. Birinci Qarabağ Müharibəsində şəhid olan Fərhad Şəkərxan oğlu Hacıyevin ailəsidir bu. 

Fərhad Qusarın Çiləgir kəndində doğulub. 1993-cü ildə Vətənin müdafiəsi üçün müharibəyə yollanıb. 

İndi Fərhad Şəkərxan oğlu Hacıyevin doğulduğu Qusarın Çiləgir kənd qəbristanlığındakı məzarı çox baxımslz vəziyyətdədir. Məzarını ot basıb, qəbirüstü abidəsi də uçulub dağılmaq üzrədir.

Fərhad sadə, imkansız ailənin övladı olub. Onun valideynlərinin nəinki oğullarının qəbrini düzəltməyə imkanı olub, hətta özlərini dolandırmaq üçün Bakıdan olan imkanlı şəxsin Qusardakı bağ evində çalışıblar. Elə həmin evdə 2015-ci ildə qaz partlayışı nəticəsində həyatlarını itiriblər. 

Fərhadın böyük qardaşı isə Rusiyada hərbi xidmətdə olarkən xəsarət alıb və hazırda əlildir. Ailənin 3-cü övladı olan Fərhadın 3 bacısı da var. Böyük bacısı Pərvanə Həsənova da çətin yaşadıqlarını deyir, qardaşının qəbrinin gözdağı kimi qalmasından üzülür. İllərdir bərpaya ehtiyacı olan qəbir abidəsi indi tam dağılmaq üzrədir. Amma əldən gələn bir şey yoxdur, kimdir onları eşidən?

Bu barədə bir neçə il əvvəl özüm də elektron mediada yazı ilə çıxış etmişdim. Onda Qusar Şəhidlər Xiyabanının yenilənməsindən sonra bu məzarın da səliqə-səhmana salınıb abadlaşdırılacağına söz verilmişdilər. 

Bugünlərdə Birinci Qarabağ şəhidi Bəhruz Ağaverdiyevin büstünün açılışından sonra məzarı ziyarət edilərkən bu qərib məzarı yenidən gördüm. Uçuq məzarı göstərib hesab sordum. Qusar İH başçısının Urva İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Edison Ələsgərov vəd verdi ki, bir ay ərzində şəhidin qəbirüstü abidəsi bərpa ediləcək.

Fərhad Hacıyevin qəhrəmanlığından isə bizə Birinci Qarabağ Müharibəsi veteranı Teyyub Novruzbəyov danışdı:

“Fərhad əsgər kimi Füzulinin Şükürbəyli kəndində yerləşən ikinci həmlə batalyonunda rabitəçi idi. Bu əsgər düşmən sirrimizi başa düşməsin deyə batalyonun rəhbərliyinə məlumatı ləzgi dilində çatdırdı. Batalyondakılar əsasən qusarlılar olduğundan ləzgi dilində məlumat ötürmək hamıya sərf edirdi. Erməni tərəf, təbii ki, bu dili anlamadığından heç nə başa düşmürdü. Fərhad Hacıyev və yoldaşları 1994-cü il mart ayının əvvəllərində Füzulinin Şükürbəyli istiqamətində gedən döyüşlərdə qərargah rəisi Elman və bir neçə hərbçi, ümumilikdə 8 nəfər düşmənin minomyot atəşi nəticəsində mina partlayışı zamanı həlak olub”.

Teyyub Novruzbəyov ah çəkə-çəkə danışır ki, "bu, bizə çox böyük itki oldu. Hamı sarsılmışdı. Şəhid olan 8 nəfərin hamısına görə kədər içindəydik".

Fərhadı çox cəsur və bacarıqlı əsgər kimi indi də hörmətlə xatırladığını deyən keçmiş döyüşçü onun cənazəsini  Qusara özü yola saldığını dedi:

"Beyləqanın Peyğəmbərlik adlanan bir yeri var, orda, səhv etmirəm, indi də naməlum qəbirlər var. Şəhid olan hərbçilərimizi burada müsəlman adəti ilə yuyub meyitini öz rayonlarına yola salırdıq. Müharibədə əsgərin paltarı onun kəfənidir-deyirlər. Biz Fərhad Hacıyevi və diğər həlak olanların nəşini öz rayonlarına yola saldıq. Mən müharibə şəraitinə görə onu Qusaracan müşayiət edə bilmədim".
 

Fərhaddan danışdıqca düz 28 il əvvəlki o dövrə qayıdan, səsi gah titrəyib, gah qəhərlənən Teyyub Novruzbəyov sonda igid həmyerlisinin baxımsız məzarına görə də narahatçılıq keçirir.


Deyir ki, rəsmilər bərpa etməsə, biz keçmiş döyüşçülər gərək yığışıb Fərhadın məzarını abadlaşdıraq. Ailəsi bu cür ağır tale yaşayan şəhidin əbədi evinə hörmətsizlik isə yolverilməzdir. Vətən üçün, dövlət üçün canından keçənlərin ruhunu şad etməsək, bizi hansı acı talenin gözləyəcəyini isə bir Allah bilir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu












© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO