Rozanın oğlu Corca ev vermək tapşırığı kimdən gəlib? – Faktın ARDINCA 

Rozanın oğlu Corca ev vermək tapşırığı kimdən gəlib? – Faktın ARDINCA 

Hazırda oxunan: Rozanın oğlu Corca ev vermək tapşırığı kimdən gəlib? – Faktın ARDINCA 

82739

Günün mövzusu Corc Qafarov, günümüzün qəhrəmanı isə Roza Zərgərlidir. Artıq neçə gündür ki, sosial şəbəkədə əsas müzakirə mövzusu Corca ƏƏSMN tərəfindən Masazır qəsəbəsində bir otaqlı ev verilməsidir. Çoxluq belə düşünür ki, ev Corcun sosial vəziyyətinə və istedadına görə yox, məhz Rozanın oğlu olduğuna görə verilib. “Od olmayan yerdən tüstü çıxmaz”.

Məsələyə tam aydınlıq gətirmək üçün gəlin əvvəlcə Corcu tanıyaq.

Corc Qafarov kimdir?

Corc 1995-ci ildə anadan olub. Qarışıq ailədə doğulan Corcun taleyi çox uğursuz olub. Corc və kiçik qardaşı Jerar ailələri dağıldığı üçün 2 saylı uşaq evində böyüyüblər. O, 282 saylı otra məktəbin məzunudur. Onun çox ağır və üzücü həyatı olub. Lakin, “Qisas” serialının çəkiliş meydançasında müğənni Roza Zərgərli ilə tanış olandan sonra Corcun həyatı 180 dərəcədə dəyişib.

Yüksək qonararlı filmlərə çəkilməyə başlayıb. Sonra Akademik Milli Dram Teatrına aktyor kimi işə qəbul olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Rozanın övladlığa götürdüyü aktyor oğluna ev verildi - FOTO


Elə həmin zaman, yəni 2019-cu ildə Qaraçuxur bələdiyyəsinə üzv seçilib. Göründüyü kimi Corc əksər internat uşaqlarından fərqli olaraq 24 yaşına qədər çox nadir insanların qazana biləcəyi iki böyük uğura imza atıb. Həm “azdrama”ya işə düzəlib, həm də bələdiyyə üzvü seçilib. Reallıqdan çıxış etsək, bu “uğurlar”da tanınmış müğənni Roza Zərgərlinin “xidməti” apaydın görünür. Ona görə də Corca ƏƏSMN tərəfindən ev verilməsi də Roza xanımın “xidməti” hesab olunur.

Təbii ki, uşaq evində böyüyən, min bir əzab görən Corc Qafarova 1 otaqlı mənzilin verilməsi heç kimi qıcıqlandırmır. Normalda ƏƏSNM bu cür addımları toplum tərəfindən təqdir edilir. Lakin, məsələnin mənəvi tərəfi insanları əsəbləşdirir.

Bu da Roza Zərgərli faktorudur. Həm aparıcılıq, həm müğənnilik, həm də aktrisalıq edən Roza Zərgərlinin sosial durumu hər kəsə bəllidir.

Bu xanım həm də kommersiya ilə məşğuldur. Bir əldə 4 qarpız tutmaq isə heç də hər efirə çıxan müğənniyə nəsib olmur. Bu da bizim üçün müzakirə mövzusu deyil. “Bacarana baş qurban” deyib böyüklərimiz. Amma məsələnin həssas tərəfi odur ki, Roza Zərgərli hər yerdə oğlu kimi təqdim etdiyi, qızı ilə birgə bir evdə yaşatdığı və sarmaş-dolaş pozalar verdiyi “oğlu” Corca tutduğu statusundan istifadə edərək dövlətdən havayı ev alıb. Əslində, Corcun mənzili elə də bahalı deyil. Ən yaxşı halda mənzil 30 min manat dəyərindədir. Di gəl ki, efirdən şəstlə “mən gündə 700 manat xərcləyirəm” deyən bir müğənniyə bu cür hərəkətlər yaraşmır. Hamı bilir ki, Roza xanım istəsə, Corca paytaxtın ən baxımlı yerindən ev alar. Və bəlkə də alıb.

Amma bu qədər imkanın qabağında Masazır qəsəbəsində yetimlər üçün inşa edilən binadan hansı yollasa 1 otaq əldə eləmək Roza xanım üçün yaxşı hal sayılmır. Ona görə də ictimaiyyət bu məsələdə həm Roza Zərgərlini, həm də ƏƏSMN-ni qınayır.


Axı, hər il uşaq evlərindən onlarla uşaq həyata atılır. Və bu uşaqların heç 5-6 faizi ƏƏSMN-də ev ala bilmir. Amma Rozanın oğlu həm bələdiyyə üzvü seçilir, həm “azdrama”da asanlıqla işə düzəlir, həm də ən yüksək qonararlı seriallara çəkilir. Üstəlik, havayı mənzil də alır.  

Roza Zərgərli nə etməlidir?

İndiki vəziyyətdə Roza Zərgərli çıxıb deməlidir ki, “Corc mənim oğlum deyil. Onun mənimlə heç bir bağlılığı yoxdur”. Onda heç kim nə Rozanı, nə də ki, ƏƏSMN qınamaz. Amma bu fikir deyilmirsə və manşetləri Roza xanımla Corcun sarmaş-dolmaş şəkilləri bəzəyirsə, onda hamı “torbada pişik var” deyəcək. Necə ki, deyir...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO