Gəncədə Avropa Yenidənqurma və İnkişaf Bankının “Yaşıl Şəhər” layihəsinin təqdimatı keçirilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Nizami və Kəpəz İcra Hakimiyyətinin başçıları Nizami Hacıyev, Eldəniz Xudiyev, millət vəkilləri Pərvin Kərimzadə, Müşfiq Cəfərov, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə rəhbəri Kamola Mahmudova, AYİB-in “Yaşıl Şəhərlər” üzrə həmsədri Lin O'Gradi, layihənin meneceri İto Hiro, idarə, müəssisə və təşkilat rəhbərləri iştriak ediblər.
2020-ci ilin mart ayında Gəncə şəhəri Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) “Yaşıl Şəhərlər” proqramına qoşulub.
Gəncə Azərbaycanda AYİB “Yaşıl Şəhərlər” layihəsinə qoşulan ilk şəhərdir. “Yaşıl Şəhər” layihəsi Gəncə şəhərinə ən aktual ekoloji problemləri, iqlim dəyişikliyi risklərini müəyyən etmək və prioritetləşdirməkdə kömək edəcək. İlkin mərhələdə layihə üç hissədən ibarət olacaq. Bunlar bərk məişət tullantılarının idarə edilməsi, şəhərin küçə işıqlandırma sisteminin və ictimai nəqliyyatın yenilənməsi ilə bağlıdır.
Yaşıl Şəhər layihəsinin inkişafı və həyata keçirilməsi şəhər ekoloji mühitinin yaxşılaşdırılmasında mühür əhəmiyyət kəsb edəcək. Avropa Yenidənqurma və İnkişaf Bankının “Yaşıl Şəhər” layihəsinin meneceri İto Hiro çıxışında layihənin icrası və layihə çərçivəsində gələcəkdə görüləcək işlər haqqında danışıb.
Sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Kamran Məhərrəmov “Şəhər infrastrukturunun cari vəziyyəti və layihədən gözləntilər”, qrup rəhbəri Con Barber “Yaşıl Şəhər: metodologiya və yanaşmalar, əsas fəaliyyət, proqram və praktiki nəticələr” mövzularında çıxış ediblər.
Çıxışlardan sonra AYİB-in “Yaşıl Şəhər” layihəsinin nümayəndələri mətbuat konfransında iştirak edib, jurnalistləri maraqlandıran sualları cavablandırıblar.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu