Meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq, eləcə də qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri tərəfindən Bərdə rayonunun Gərənə kəndində taxıl sahəsində “Yay mövsümündə dənli və texniki bitkilərin tədarükü zamanı, eləcə də biçilmiş ərazilərdə yanğın təhlükəsizliyi” mövzusunda birgə maarifləndirmə tədbiri keçirilib.
Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, tədbirdə, həmçinin Qarabağ regionunun aidiyyəti dövlət qurumlarının nümayəndələri və təsərrüfat sahibləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan FHN-in Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev tədbirin məqsəd və əhəmiyyətindən danışaraq, yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri ilə yanaşı, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının, kövşən sahələrinin yandırılmamasının, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyini vurğulayıb.
Qeyd olunub ki, dənli və texniki bitkilərin əkin sahələri ilə yanaşı meşələrin yanğından qorunması tək yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatlarında çalışan bütün şəxslərin əsas vəzifələrindəndir və bu sahədə onların qarşısında ciddi məsələlər durur.
Sonra Daxili İşlər Nazirliyinin Bərdə rayon Polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin rəis əvəzi polis kapitanı Natiq İsmayılov çıxışında mövzunun aktuallığını diqqətə çatdıraraq bildirib ki, biçilmiş taxıl sahələrinin yandırılması qadağandır və buna görə taxıl sahəsinin sahibi məsuliyyət daşıyır.
Daha sonra mövzü ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. Sonda tədbir iştirakçılarına texnika vasitəsilə əkin sahəsinin biçilməsi, biçilmiş əkin sahəsi ilə meşə sahəsi arasında şumlama yolu təhlükəsizlik zolağının yaradılması əyani şəkildə nümayiş etdirilib.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
- A-
- A
- A+
Cəmiyyət
13:30 / 06.07.2022
Meşə yanğınlarının qarşısını necə almaq olar? - FOTO
Hazırda oxunan: Meşə yanğınlarının qarşısını necə almaq olar? - FOTO
Hazırda oxunan: Meşə yanğınlarının qarşısını necə almaq olar? - FOTO
82575
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.