Birinci Qarabağ müharibəsi iştirakçısı və Gənc Tamaşaçılar Teatrının aktrisası Simuzər Atakişiyeva tərəfindən 44 günlük Vətən müharibəsində görmə qabiliyyətini itirmiş 17 qazi haqqında qələmə alınmış “Qəhrəmanlıq nümunəsi” adlı kitabın tanıtımı olub.
Qısa müddətdə ərsəyə gətirilmiş sənədli bioqrafik kitabda igidlərin hər birinin həyatı, döyüş yolu və yaralanma anı ayrı-ayrılıqda təffərrüatı ilə öz dillərindən eşidilir.
Kitab Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin “Qəhrəmanlıq nümunəsi” layihəsi çərçivəsində Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə işıq üzü görüb.
Təqdimatda “Qəhrəmanlıq nümunəsi” kitabının müəllifi Simuzər Atakişiyeva Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı görmə qabiliyyətini itirmiş təxminən 300 qazinin də bioqrafiyasının qələmə alınacağını deyib.
Daha sonra kitabın qəhrəmanları haqqında qısametrajlı film-təqdimat çarxı təqdim edilib. Kitabın hazırlanmasında görmə əlilliyi olanlar da nəzərə alınıb. Onlar üçün kitab Brayl əlifbası və audio formatda da nəşr edilib.
“Qəhrəmanlıq nümunəsi” layihəsinin özü isə 6 ay müddətində davam etdiriləcək. Tədbirdən hazırlanmış geniş videoreportajı diqqətinizə təqdim edirik:
Alçina Amilqızı, Bizim.Media