"Atamın ruhu indi şaddır, daha narahat deyil. Çünki atamın uğrunda canından keçdiyi doğma Qarabağı,doğma Kəlbəcəri indi azaddır, illərin murdarlığında olan o doğma məkanlar indi düşmən tapdağından təmizlənib".
Bu sözləri Bizim.Media-ya özəl olaraq şəhid polis əməkdaşı, Azərbaycanın Milli Qəhrəmanı, Qusar rayon polis şöbəsinin sabiq sahə müvəkkili Sərdar Səfərovun qızı Sərdarə Səfərova deyib.
Onun sözlərinə görə, atasının qəbri doğulduğu Kəlbəcər şəhər məzarlığında yerləşir.
Vətən Müharibəsindən sonra bibiləri, əmi və bibi uşaqları atasının məzarını ziyarət edə bilsələr də özü xidməti işinə görə hələ gedə bilməyib. Bu ilin avqust ayında Kəlbəcərə atasının qəbrini ziyarət etməyə hazırlaşır, məzuniyyətə çıxanda ora getməyi düşünür.
İndi isə gələk Kəlbəcərdə doğulan Sərdar Səfərovun Qusara necə gəlib çıxmağına, səbəbi var. Sərdar Mədət oğlu Səfərov uşaqlıqdan milis (polis) olmaq istəyi ilə yaşayıb.
Orta məktəbi bitirdikdən, iki illik hərbi xidmətdən sonra Kaunas Xüsusi Orta Milis Məktəbində təhsil alan Sərdar Səfərov Qusar rayon polis şöbəsində sahə müvəkkili kimi işə başlayıb.
Tanıyanları, keçmiş iş yoldaşları, həmyerliləri Sərdarın çox qoçaq və vətənsevər insan olduğunu deyirlər.
O, 1988-ci ildə Qarabağ münaqişəsi başlayanda könüllü olaraq Qusardan Qarabağa yollanıb. Elə Qarabağda da erməni terrorunun qurbanı olub.
Qızı Sərdarə deyir ki, “1991-ci il sentyabr ayında Əsgəran rayonunda ermənilər tərəfindən "Qaz-53" markalı sərnişin avtobusu partladılanda hadisə yerinə əməliyyat-istintaq qrupunun tərkibində olan atam Sərdar da gəlib.
Qrup üzvləri geri qayıdanda onların içində olduğu "ZİL" markalı avtomaşın da erməni təcavüzü nəticəsində güllə-boran edilib və onlar qəhrəmancasına həlak olublar".
Ölümündən sonra-1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Sərdar Səfərov ata yurdu Kəlbəcərdə dəfn edilib. Kəlbəcər işğal olunandan sonra doğmaları Sərdarın məzarını uzun illər ziyarət edə bilməyib.
Vətən Müharibəsindən sonra yaxınları xoşbəxtlikdən Sərdar Səfərovun məzarını salamat görə biliblər. Yaxınları deyir ki, məzarın üstü götürülmədiyindən qəbir o səbəbdən salamat qalıb.
Səhd polis Sərdar Səfərovun qızı Sərdarə atasını görməyib, atası şəhid olandan 3 ay sonra -1991-ci ilin dekabrında doğulub. Atasının yolunu davam etdirən Sərdarə Səfərova hazırda DİN-nin Pasport, Qeydiyyat və Miqrasiya İdarəsininin inspektoru vəzifəsində çalışır.
Anası Xatirənin də onlarl birlikdə yaşadığını deyən Sərdarə 7 yaşlı qızından sonra doğulan körpəsini Sərdar adlandırıb:
"Avqust ayında məzuniyyət zamanı ailəlikcə Kəlbəcərə getmək istəyirik, istəyirəm, 3 yaşlı oğlum Sərdar da babası Sərdarın məzarını görsün. Elə mənim özüm də, atamın məzarını ilk dəfə görəcəyəm".
Qusar polisinin əməkdaşı olmuş Sərdar Səfərovun xatirəsi Qusar şəhərində əbədiləşdirilib.
Şəhər küçələrindən birinə Sərdar Səfərovun adı verilib, adına xatirə kompleksi ucaldılıb. Polis əməkdaşları onun xatirəsini həmişə hörmətlə yad edirlər.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:30 / 02.07.2022
Qəhrəman POLİS – 31 yaşlı qızı hələ də atasının üzünü görməyib - FOTO
Hazırda oxunan: Qəhrəman POLİS – 31 yaşlı qızı hələ də atasının üzünü görməyib - FOTO
Hazırda oxunan: Qəhrəman POLİS – 31 yaşlı qızı hələ də atasının üzünü görməyib - FOTO
81950
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.