“Bugünkü vəziyyətdə bütün yeniyetmələrin psixoloji problemi ailədən gəlir. Ailə təməldir. Bu gün 17 yaşlı yeniyetmə məqsədli olaraqsevdiyi qıza boynunda ip keçirmiş vəziyyətdə fotosunu göndərirsə, deməli onun psixoloji durumunda mütləq şəkildə problem var”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında psixoloq Gülnarə Abuzərova bildirib.
Belə ki, dünən Bakının Sabunçu rayonunda baş verən 17 yaşlı yeniyetmənin intiharının psixoloji aspektdən şərh edən Gülnarə Abuzərova bu cür addım atan şəxslərin əsas problemlərinin nədən ibarət olduğunu da qeyd edib:
MÖVZU İLƏ BAĞLI:
Psixoloqdan gizli SÖHBƏTLƏR: “Xəyanət edən kişilərlə qadınların sayı bərabərdir” – MÜSAHİBƏ
“Problem ondan ibarətdir ki, o artıq özünü lazımsız və yararsız bilir. Bilirik ki, ilk sevgi yeniyetmələr üçün həyat deməkdir və onlar həyatın mənasını məhz bunda görürlər. Aralarında nə baş verdiyini bilməsək də, fotonu sevdiyi qıza göndəribsə, deməli ya ona sevgisini göstərmək üçün, ya da qarşısındakının onda yaratdığı halı ona çatdırmaq üçün (yəni mən sənsiz ölümə gedirəm) bunu edib. İndiki dönəmdə yeniyetmələrin ən zəif tərəfi güvənsizlikdir”.
Psixoloqun sözlərinə görə, ailə mühiti, onların böyümə şəraiti, bu cür addımlara birbaşa təsir göstərir:
“Yeniyetmələr bu gün daha sərbəst yaşamağı, təhsildən uzaqlaşmağı düşünürlər. İnsan beyniylə böyüyür. Təhsildən uzaq olmağı, sosial həyatdakı sərbəstlik, sosial şəbəkələrin yeniyetmələr üzərində mənfi təsirləri olur. Ailə ilə bağlı əsas problemlər isə valideynlərin onları anlamaması, qayğısızlıq və diqqətsiziliyi onlarda güvənsizlik yaradır. Nəticədə yeniyetmələr özlərini yalnız hiss edir, həyatlarının balansını itirirlər. İlk sevgi, ilk xəyanət kimi hallar isə yeniyetmələrə ciddi təsir göstərib, onları çarəsiz duruma sala bilir. Belə olan halda onlar intihar yolunu seçirlər”.
Psixoloq yeniyetmələri intihardan qorumaq üçün hansı addımların atılmalı olduğunu da açıqlayıb:
“Valideynlər övladlarına mütləq diqqət yetirməli, onları tanımalı, qorxutmamaq şərtilə ona güvən verməlidirlər. Bir çox valideynlər övladlarını anlamır, özləri ilə müqayisə edir, hədə-qorxu gəlir. Yeniyetmələrsə öz hallarını gizlədir, qorxu və anlaşmazlıq yaşayırlar. Hər zaman bildirəm ki, valideyn qədər uşağa yaxın olan kimsə yoxdur.
Valideyn övladının psixoloji durumunu, həyat tərzini anlayaraq hiss etməlidir, qorxudara deyil. Əgər o, övladlarının hər halını anlasa, problem aradan qalxar.
Bu gün də ən böyük problemlərdən biri yeniyetmələrin problemlərini vaxtında görüb, psixoloqa müraciət etməmələridir. Yeniyetməlik hormonal dəyişikliklər dövrüdür və bu, psixikaya hər cür təsir edə bilər. Bu gün hər birimiz yeniyetmələrə qarşı diqqətli olub, həssas yanaşmalı, dəstək olmağı bacarmalıyıq”.
Murad Əhmədov, Bizim.Media