“Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilovun barəsində olan məhkəmə qərarından apellyasiya şikayəti verilib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub.
Şikayətə bu günlərdə baxılacağı gözlənilir.
MÖVZU İLƏ BAĞLI:
DTX-nin saxladığı gömrük generalının BİZNES ŞƏBƏKƏSİ – ARAŞDIRMA
Xatırladaq ki, Ehtiram Xəlilovun müdafiəçiləri tərəfindən verilən apellyasiya şikayətində onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini, onun həbsdən azad edilməsi istənilib.
Qeyd edək ki, iyunun 22-də Səbail rayon Məhkəməsinin qərarı ilə Ehtiram Xəlilov barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
“Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.
Onun 200 mindən çox rüşvət aldığı bildirilir.
Ehtiram Xəlilov Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə) və 311.3.3-cü (Rüşvət alma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilir.
Eldar Məmmədli. Bizim.Media