Gəncədə şəhid olan türk mehmetçilərinin xatirəsi əbədiləşdirildi - FOTO

Gəncədə şəhid olan türk mehmetçilərinin xatirəsi əbədiləşdirildi - FOTO

Hazırda oxunan: Gəncədə şəhid olan türk mehmetçilərinin xatirəsi əbədiləşdirildi - FOTO

81049

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 104-cü il dönümü günündə Qafqaz İslam Ordusunun 11 iyul 1918-ci il tarixində Gəncə şəhərində qəhrəmancasına həlak olan ilk şəhidlərinin xatirəsinə həsr olunan abidənin açılışı olub. 

Bizim.Media xəbər verir ki, tədbirdə Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, ATİB sədri Camal Yanğın, Azərbaycan Quru Qoşunları Komandanı general-mayor Ənvər Əfəndiyev, millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov, Türkiyənin Azərbaycandakı səfirliyinin və Gəncədəki Baş Konsulluğunun və şəhər ictimaiyyətinin nümayəndələri, sakinlər iştirak ediblər.

MÖVZU İLƏ BAĞLI:

Qafqaz İslam Ordusuna aid abidənin açılışı olacaq - FOTO


Tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükutla anılması ilə başladı. Sonra hər iki ölkənin dövlət himnləri səsləndirildi. 

“Tarixən Türkiyə və Azərbaycan xalqları daim bir-birinin yanında olmuşlar, ən ağır dövrlərdə belə qardaş dəstəyini əskik etməmişlər. Ölkəmizin 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və rəşadətli Ordumuzun gücü ilə möhtəşəm Zəfər qazanması və ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi bütün Türk dünyasına qürur verən hadisə oldu.

Bu gün Qafqaz İslam Ordusunun 11 iyul 1918-ci il tarixində Gəncə şəhəri üçün gözlərini qırpmadan canlarını fəda edən əsgərlərin əziz xatirəsinə ucaldılan abidə də məhz bu dostluq və qardaşlıq əlaqələrinin bariz nümunəsidir”.

Bu fikirləri açılış mərasimində qonaqları salamlayan Gəncə İcra hakimiyyətinin başşısı Niyazı Bayramov söyləyib. Şəhər rəhbəri əlavə edib ki, şəhid olan türk mehmetçilərinin xatirəsinin Gəncədə əbədiləşdirilməsi qürurvericidir.

Sonra çıxış edən Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Türkiyənin Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, ATİB sədri Camal Yanğın və digər qonaqlar Qafqaz İslam Ordusunun 11 iyul 1918-ci il tarixində Gəncə şəhəri üçün canlarından keçən türk əsgərlərinin ruhunun əbədiləşdirilməsi üçün ucaldılan bu abidənin iki qardaş ölkə arasında, “bir millət iki dövlət” prinsipinin bariz nümunəsi olduğunu bir daha vurğuladılar:

“Qafqaz İslam Ordusu komandanı Nuru paşa 25 may 1918-ci ildə Gəncəyə gəlişi gəncəlilər tərəfindən böyük sevinclə qarşılanıb. Çünki Nuru Paşanın ilk amalı Gəncədə mövcud olan təhlükəni aradan qaldırmaq, buradakı düşmənləri tərksilah etmək və azərbaycanlı əhalinin təhlükəsizliyini təmin etməkdən ibarət idi.

11 iyun 1918-ci ildə Qafqaz İslam Ordusunun 13 mehmetçiyi Gəncənin Şah Abbas məscidinin ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar. Bu ərazidə ucaldılan möhtəşəm abidə hər iki dövlət üçün çox böyük tarixi hadisədir” deyən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ölkələr arasında qardaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyini qeyd edib.

Tədbirdə çıxış edən rəsmilər Azərbaycan və Türkiyə  arasında olan tarixi köklərə söykənən dostluq və qardaşlıq münasibətlərindən bəhs ediblər. Bildirilib ki, hər iki dövlətin əlaqələri günü-gündən güclənir, möhkəmlənir və daha da dərinləşir.

Çıxışlardan sonra din xadimləri Kamran Məmmədov və Zeki Yavuzyılmaz şəhidlərin ruhuna dualar oxuyublar. Daha sonra rəsmilər tərəfindən abidənin üzərindən ağ örpək götürülüb və önünə tər güllər düzülüb.

Mərasimdə Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin “Xəmsə” nağaraçalan qrupunun və Gəncə Dövlət Filarmoniyasının solistlərinin ifasında “Mehtər Marşı” və “Nuru Paşa Marşı” təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib. 

Qeyd edək ki, Qafqaz İslam Ordusunun ilk şəhidlərindən – 13 qəhrəman məhmətçiyin xatirəsinə ucaldılan abidə Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Azərbaycandakı Səfirliyinin, Türkiyənin Gəncədəki Baş Konsulluğunun və Azərbaycan Türk İş Adamları Birliyinin təşkilatçılığı inşa edilib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO