Ən gənc Vətən Müharibəsi Qəhrəmanından ÖZƏL AÇIQLAMA: “Digər gözümü də...” - FOTO

Ən gənc Vətən Müharibəsi Qəhrəmanından ÖZƏL AÇIQLAMA: “Digər gözümü də...” - FOTO

Hazırda oxunan: Ən gənc Vətən Müharibəsi Qəhrəmanından ÖZƏL AÇIQLAMA: “Digər gözümü də...” - FOTO

81048

“Azərbaycan ordusunun hərbi qulluqçusu olmağımla fəxr edirəm. Mən öz növbəmdə bütün azərbaycanlıları Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edir, xalqımıza sülh və əminamanlıq arzulayıram. Əminliklə deyirəm ki, güclü ordumuz hər zaman müzəffər, Dövlətimiz isə qalib olacaq”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycanın ən gənc Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə səsləndirib.

Xatırladaq ki, Abdullazadə Azər Rizvan oğlu 18 fevral 2001-ci ildə Tərtərin Cəmilli kəndində doğulub. O, qəhrəman ailənin son beşiyidir. Onun əmisi   tibb xidməti leytenantı Natiq Yaqub oğlu Abdullayev birinci Qarabağ savaşında, keçmiş Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Atası Rizvan Abdullayev isə eyni istiqamətdə ağır yaralanıb. Birinci qrup müharibə əlilidir.

“Hazırda bir əmim ordu sıralarında xidmət edir. O, tibb xidməti polkovniki Elçin Abdullayevdir. Bundan başqa Vətən müharibəsi zamanı mənimlə birlikdə böyük qardaşım Abdullazadə Yaqub Rizvan oğlu da döyüşlərə qatılmışdı”, deyə Azər Abdullazadə qeyd edib.

Ailədə ondan böyük bir bacısı və bir qardaşı var. 44 günlük müharibədə müddətli həqiqi hərbi xidmət keçən əsgər kimi döyüşüb. Tank heyətində tuşlayıcı vəzifəsini yerinə yetirən Azər erməni ordusunun müdafiyə səddinin yarılmasında misilsiz xidmətlər göstərib.

Cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan silahlı qüvvələrinin atəş mövqelərini, zirehli texnikalarını və xeyli sayda canlı qüvvəsini məhv edib. Döyüşlərdə iki dəfə yaralanıb. Birinci dəfə yarası o qədər də ağır olmadığı üçün təkidlə ön cəbhəyə - döyüşlərə qayıdır. Sonra ağır yaralanır.

“Mən və döyüş yoldaşlarım illərin mifini qırmağa israrlıydıq. Həm də bu bizim üçün qisas hissi idi. Torpaqlarımızı işğal edən, minlərlə ailəni başsız, anaları övladsız qoyan erməniyə dərs verməyin zamanıydı. Bunu biz Azərbaycan dövləti olaraq, Azərbaycanın Silahlı Qüvvələri olaraq bacardıq. Buna görə çox qürurluyam”, deyə Azər Abdullazadə bildirib.

Abdullazadə Azər Rizvan oğlu döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb.

O, ən gənc Vətən Müharibəsi Qəhrəmanıdır. “Silahlı Qüvvələr Günü” ilə əlaqədar olaraq Bizim.Media-nın Qarabağ bürosuna danışan Azər qazi olmasına baxmayaraq hər zaman döyüşə hazır olduğunu dilə gətirir:

“Vətən müharibəsində bir gözümü itirmişəm. Əgər ölkəmizin ərazi bütövlüyü uğrunda hər hansı bir döyüş olarsa, digər gözümü də bu Vətənə qurban verməyə hazıram”.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO