"Azərbaycan Ordusu XXI əsrin ordusudur" - Polkovnik-leytenant Elxan Şıxəliyev

Hazırda oxunan: "Azərbaycan Ordusu XXI əsrin ordusudur" - Polkovnik-leytenant Elxan Şıxəliyev

81031

Müzəffər Azərbaycan ordusunun yaranmasından 104 il keçir. Uzun və keşməkeşli yol keçən ordumuz çox çətinliklərə sinə gərməli olub. Əvvəlcə bolşevik Rusiyası, sonra isə Rus qoşunlarıyla üz-üzə gəlmək məcburiyyətində qalıb. Həmin döyüşlərdə uduzsa da Azərbaycan ordusu heç zaman sınmayıb, vaxtı-zamanı gəlincə toparlana bilib.

Və ayağa qalxan ordumuz öz sözünü də dedi, tarix də yazdı. İndi dünyanın aparıcı dövlətləri Azərbaycan ordusunun 44 günlük müharibədəki döyüş təcrübəsini öyrənir, təhlil edir. Bu isə həm qürurvericidir, həm də təqdirəlayiqdir.

Birinci Qarabağ müharibəsinin veteranı, Azərbaycan bayrağı ordenli, polkovnik-leytenant Elxan Şıxəliyev müzəffər ordumuzun keçdiyi şərəfli yolla bağlı fikirlərini Bizim.Media ilə bölüşüb.

O, Azərbaycan ordusunun son 30 illik təkamül yolunu 3 mərhələyə bölüb.

Bildirib ki, “SSRİ dağılandan sonra yenicə müstəqillik qazanan Azərbaycan ordusu yox idi.

Baxmayaraq ki, o zaman Ermənistanla müharibə şəraitində yaşayırdıq. 1991-ci ildə ermənilərə qarşı vahid ordu deyil, könüllü dəstələrlə vuruşurdu. Bu dəstələrin nəinki, peşəkarlığı, heç normal təchizatı da yox idi. Ona görə də Rus qoşunlarının biləvasitə yardımı ilə ermənilər 2 il ərzində 20 faiz ərazilərimizi işğal etdi. Bu ordumuzun təkamül yolunda keçdiyi birinci mərhələ idi”.

Elxan Şıxəliyev ordumuzun təkamül yolundan danışarkən çoxlarımızın bilmədiyi bir maraqlı faktı söylədi.

O bildirdi ki, “çoxları hərbi sahədə Türkiyə-Azərbaycan əməkdaşlığının tarixini dəqiq bilmir.

Xatırladım ki, 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs imzalandıqdan sonra Ümummilli lider Heydər Əliyevin təşşəbbüsü ilə Türkiyə ilə bir sənəd imzalandı. Bu Türkiyə silahlı qüvvələrinin hərbi yardımı  və kordinasiya mərkəzinin yaradılması müqaviləsi idi. Məhz bu müqavilədən sonra Azərbaycan ordusu bütün sahələrdə Türkiyə ordusu, daha dəqiq desək NATO standartlarına uyğun şəkildə qurulmağa başladı. Bu da ordumuzun təkamül dövrünün ikinci mərhələsi idi”.

Müsahibimizin fikrincə prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də Heydər Əliyev cənablarının yürütdüyü siyasəti yeni müstəvidə və daha təkmil formada davam etdirdi.

“Ali Baş Komandan İlham Əliyev Azərbaycanda XXl əsr ordusu qurdu. Bu ordu ən azından 4-cü sənayenin ən son nailiyyətlərindən bəhrələnərək qurulmuşdu. Ona görə də 44 günlük müharibədə göstərdiyimiz döyüş taktikasını bütün dünya təəccübllə qarşıladı. Bu müharibə tarixə “ulduz müharibəsi”, və yaxud “PUA müharibəsi” kimi düşdü. Beləcə, Azərbaycan ordusu həm tarix yazdı, həm də işğal altında olan torpaqlarımız azad edildi. Bu da Azərbaycan ordusunun təkamülündəki üçüncü və ən şərəfli dövrü idi”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO