Qaxdan yol alıb Laçına gedən arı karvanı - REPORTAJ

Qaxdan yol alıb Laçına gedən arı karvanı - REPORTAJ

Hazırda oxunan: Qaxdan yol alıb Laçına gedən arı karvanı - REPORTAJ

81021

“Atamın hər iki peşəsini uğurla davam etdirdiyim üçün qürur duyuram. Təsərrüfatımızın illər sonra ilk dəfə doğma kəndimizə aparılmasını sözlərlə ifadə etmək çəx çətindir. Var olsun, Ali Baş Komandan, var olsun müzəffər Azərbaycan Ordusu. Ancaq bir kədərli məqam da var ki, atama bu günləri görmək qismət olmadı. Mən əminəm ki, indi Onun ruhu şaddır...”, - deyir Orxan Cəbrayıl.

Cəbrayıl Orxan Əfqan oğlu ixtisasca həkimdir. O, Laçının Ələkçi kəndində doğulub. Ermənistanın Azərbaycan ərazilərinə silahlı təcavüzü başlayanda Orxan Cəbrayılın cəmi on yaşı olub. Elə həmin illərdə də ailəsi ilə birlikdə Laçından məcburi köç etməyə məhkum olub.

Uzun illər Qax rayonu ərazisində köçkün kimi məskunlaşıblar. Onun sözlərinə görə atası Əfqan həkim 2010-cu ildə Vətən - yurd həsrəti ilə dünyadan köçüb. Ancaq buna baxmayaraq ailənin Laçına dönəcəkləri ümidi bir gün də olsun ölməyib:

“Şükür olsun bu günə, indi atamın həkim işləyib, arıçılıq təsərüffatı ilə məşğul olduğu doğma kəndimizdəyəm”, - deyir Oraxan Cəbrayıl.

Qəhrəmanımız dövlət dəstəyi ilə ilk dəfə arıçılıq təsərrüfatını Laçına aparıb. Necə deyərlər doğma ocağında yenidən yurd salıb, yeni nəfəs gətirib doğulduğu kəndin xarabalıqlarına.

18 iyun tarixində 50 arı ailəsi ilə Şamkəndə köçən təsərrüfat sahibi Laçın yaylaqlarının arıçılıq üçün əvəzsiz ərazilər olduğunu bildirir:

“Torpaqlar işğaldan azad edilənə qədər arıları Qaxda saxlayırdıq. Burada arılar akasiya, qaratikan, cökə və s. bitkilərdən bəhrələnirdi. Ancaq Laçın yaylaqlarında çiçəklərin həddən artıq çox olması məhsuldarlığın artmasına təkan verəcək”.

Ümumiyyətlə, Laçın rayonu ölkədə yaylaq ərazilərinin çoxluğu ilə fərqlənir. Həmin yaylaqların da zəngin floraya sahib olması demək olar ki, kəndli təsərrüfatları üçün ən unikal yer hesab edilir. Bu il həmin yaylaqlara arıçılarla yanaşı maldarlıqla məşğul olan fermerlər də yollanıb. 
Füsunkar təbiəti göz oxşayan Laçına indi əsl sahibləri ayaq açıb, köç etməyə başlayır. Azərbaycan Ordusunun rəşadəti nəticəsində indi bu dağlara həyat yenidən qayıdır.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO