Evdə, metro-avtobuslarda, hətta qonaq getdiyiniz yerlərdə belə, hər kəsin əlində bir telefon virtual aləmdə vargəl etməsi yenilik sayılmaz. XXI əsrdə texnologiyasız yaşamaq təbii ki, mümkün deyil. Dünya rəqəmsallaşıb, virtuallaşıb və hər kəs bu meta aləmdə öz yerini müəyyən etməklə məşğuldur.
Amma aşırı aludəçilik tam paralelində fəsadları ilə də yol yoldaşlığı edir. Belindən, gözündən, kürəyinin duzlaşmasından, hətta psixaksının pozulmasından şikayət edənlərin sayı da günbəgün artmaqdadır. Ən pisi də odur ki, texnologiyanın “günahsız qurbanlarına” yenə ilk çevrilən uşaqlardır. Erkən xəstəliklərdən tutmuş, intihar və tərbiyə aşınmalarına qədər hər şey bu təbəqədə daha sürətli inkişaf edir.
Gələcəyimizin sağlamlığını bəs necə qorumalıyıq?
Psixoloq Fərqanə Mehmanqızı Bizim.Media-ya açıqlamasında problemi yenə valideynlərdə görür, deyir ki, ata-analar məsələyə xüsusi diqqət yetirməlidirlər:
"Uşaqlar da texnologiyanın "əsir"inə çevriliblər. Azyaşlıların telefonlardan istifadəsi zamanı valideynlər müəyyən nüanslara diqqət etməlidir. 3 yaşa qədər uşaqlarına gündə 30 dəqiqə, 4 saat fasiləylə bu imkanı təqdim edə bilər. 7-8 yaşa qədər uşaqlarının isə 3-4 aramla, gündə 3 dəfə 1 saat olmaqla istifadəsinə şərait yarada bilərlər".
MÖVZU İLƏ BAĞLI:
“Bomjların əksəriyyəti imkanlı ailələrin uşaqlarıdır” – Psixoloqdan QALMAQALLI AÇIQLAMA
Psixoloq əlavə edir ki, 10 yaşa qədər uşaqların texnoloji vasitələrlərdən həddindən artıq istifadəsi daha ciddi fəsadlara gətirib çıxara bilər:
"İnsanların barmaq səthlərində balışcıqlar olur. Bu yaşda olan uşaqlar isə oyunlara daha həvəslidirlər, onlar praktiki oyunlar oynadıqca, barmaqları sərt əşyalara təmas etdikcə, balışcıqlar "döyülür". Bu da kiçik motorikanı (Kiçik motorika – əl biləyi və barmaqlarının köməyi ilə xırda və dəqiq hərəkətlər yerinə yetirməyə xidmət edən sinir, əzələ və dayaq sisteminin birgə koordinasiya olunmuş işidir) öldürür, inkişaf dayanır. Nəticədə nitqin zəifləməsi, ünsiyyət problemi, asosiallıq yaranırr. Akademik dəyərlər nisbətində əqli gerilik kimi dəyərləndirilir".
Psixoloq qeyd edib ki, analar uşaqların sakit olması, yemək yeməsi, öz rahatlıqları üçün nəticələri zərərli olan bu cür imkanlar yaradırlar. Gələcək fəlakətə yuvarlanır, bizsə onu öz əlimizlə bir az da irəli itələyirik.
“Bununla bağlı uşaq bağçası, məktəblərdə xüsusi təlimlərə ehtiyac var, uşaqlar elə kiçik yaşlarından bu barədə savadlanmalı, özləri də dərk etməlidirlər. Ən yaxşı yol isə valideynlərin uşaqlarıyla daha çox praktik vaxt keçirmələridir", - deyə psixoloq fikrini tamamlayıb.
İmamət İsmayılova, Bizim.Media