Bu həftədən etibarən Naxçıvan Muxtar Respublikasında ictimai nəqliyyat xətlərində elektrobuslardan istifadə olunmağa başlanılıb. Ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin ictmai nəqliyyatda istifadəsi isə həm ekspertlər, həm də ictimaiyyət tərəfindən müsbət addım kimi qiymətlənidirilib.
Sözügedən təcrübənin digər şəhərlərimizdə də tətbiqinin vacib olduğunu da diqqətdən yayındırmamalıyıq. Xüsusilə də, nəqliyyat infrastrukturu ilə bağlı kifayət qədər tənqidlərin olduğu paytaxt Bakıda...
MÖVZU İLƏ BAĞLI:
“Dönmə işığından istifadə etməyənlər cərimələnməlidir” - Eskpertdən qəzaların azalmasına ÇÖZÜM
Naxçıvanda istifadə olunan bu metodun Bakıda da tətbiqinin nəzərdə tutulub-tutulmadığını öyrənmək üçün Bakı Nəqliyyat Agentliyinə sorğu ünvanlasaq da, müraciətimiz cavabsız qalıb.
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyevin ötən il imzaladığı “Azərbaycan – 2030: Sosial və iqtisadi inkişafa dair milli prioritetlər”lə bağlı sərəncamında Azərbaycanın yaşıl artım və təmiz ətraf mühit ölkəsinə çevrilməsi nəzərdə tutulub:
“Burada ekoloji cəhətdən təmiz və təhlükəsiz nəqliyyat vasitələrindən istismarına daha çox üstünlük verilməsi nəzərdə tutulub. Azərbaycanın bütün iri şəhərlərində ictimai nəqliyyatda istifadə olunan minik vasitələri də ekoloji təmiz avtomobillərlə əvəz olunmalıdır.
Yaxın gələcəkdə elektriklə çalışan avtomobillərin istifadəsi də bura daxildir. Naxçıvanda artıq bu addımın atılması müsbət qiymətləndirilməlidir”.
Ekspert oxşar təcrübənin Bakıda da tətbiq olunmasının nəzərdə tutulduğunu bildirib:
“Ümid edirəm ki, biz də payıza qədər Bakı şəhərində ictimai nəqliyyatda elektrobusları görə biləcəyik”.
Eldəniz Cəfərov Gəncə Avtomobil Zavoduna bu tip avtobusların istehsalına da münasibət bildirib:
“Hələ bir neçə il əvvəl Belarus Respublikası ilə əməkdaşlıq çərçivəsində belə bir təşəbbüs var idi. Amma hal-hazırda GAZ-da istehsal olunmuş elektorubuslar haqqında məndə məlumat yoxdur. Dünya ölkələrində isə əksər hallarda Çin istehsalı olan elektrobuslardan daha çox istifadə olunur. Bu da onların həm qiymət, həm də texniki qulluq baxımından daha sərfəli olması ilə bağlıdır”.
Murad Əhmədov, Bizim.Media