Şəhid ailələrinə mənzil verilməsi bu tarixə qədər davam edəcək – Zaur İbrahimovla MÜSAHİBƏ

Şəhid ailələrinə mənzil verilməsi bu tarixə qədər davam edəcək – Zaur İbrahimovla MÜSAHİBƏ

Hazırda oxunan: Şəhid ailələrinə mənzil verilməsi bu tarixə qədər davam edəcək – Zaur İbrahimovla MÜSAHİBƏ

79398

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin sədr müavini Zaur İbrahimov şəhid ailələrinin və müharibə əlillərinin ev və avtomobillərlə təminatı ilə bağlı Bizim.Media-ya eksklüziv müsahibə verib. Həmçinin qurum rəsmisi müsahibədə şəhid ailələri, müharibə əlilləri və xüsusi imtiyazlı şəxslərin təminat prosesi ilə bağlı önəmli suallarımızı cavablandırılıb.

Müsahibəni oxuculara təqdim edirik:

- Zaur müəllim, Prezident İlham Əliyevin tapşırığı ilə şəhid ailələri və müharibə əlillərinə mənzillər verilir. Bu il neçə şəhid və qazi ailəsinin evlə, müharibə əlillərinin maşınla təmin olunması nəzərdə tutulub?

- Şəhid ailələrinin və müharibə əlillərinin mənzil təminatı genişləndirilərək davam etməkdədir. Nəzərinizə çatdırım ki, son illərdə bu kateqoriyadan olan şəxslərin mənzil təminatı Prezident İlham Əliyevin tapşırıqları ilə 5 dəfə genişləndirilib. Belə ki, 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572 və postmüharibə dövrü: 2021-ci ildə 3000 şəhid ailəsi və müharibə əlili fərdi ev və mənzillərlə təmin olunub. Postmüharibə dövründə 6 yaşayış kompleksinin açılışı həyata keçirilərək bu kateqoriyadan olan şəxslərə təqdim olunub.


Nəzərinizə çatdırım ki, bu 6 yaşayış kompleksinin 4-nün açılışında şəxsən Cənab Prezident də iştirak edib. Təbii ki, bu da ölkə başçısının şəhid ailələri və müharibə əlillərinə olan xüsusi qayğısının bariz nümunəsidir. Onu da qeyd edim ki, bu yaşayış komplekslərinin hamısı bütün zəruri infrastrukturlarla tamamlanıb. Bir çoxunda məktəb, uşaq bağçası və klub icma mərkəzləri var. Bu günə qədər də 6 yaşayış kompleksinin hamısında təminat həyata keçirilib və bu kateqoriyadan olan şəxslərimiz artıq həmin evlərdə yaşayırlar.

Bu il üçün isə 1500 sözügedən kateqoriyadan olan şəxslərin fərdi ev və mənzillərlə təmin olunması nəzərdə tutulur. Artıq bu il 500 nəfər bu mənzillərlə təmin olunub. Növbəti aylarda da 500-ə yaxın fərdi evin də şəhid ailələri və müharibə əlillərinə təqdimatı planlaşdırılır. Bu ilin sonunadək 1500 şəhid ailəsi və müharibə əlili fərdi ev və mənzillərlə təmin olunacaq. Bu günə qədər sözügedən kateqoriyada olan şəxslər 12500 mənzillə təmin olunub. Eyni zamanda avtomobil təminatı da davam etməkdədir. Bu günə qədər 7450 müharibə əlilinə avtomobillər təqdim olunub. Proses davam edəcək.

- Şəhid ailələri və müharibə əlillərinə ev və maşın təminatının verilməsi prosesi hansı müddətə qədər davam edəcək?

Mən ölkə başçısının sərəncamlarını qeyd etmək istəyirəm. Sözügedən təminatla bağlı 1-ci sərəncam 569 nömrəli sərəncam olub ki, bununla 2014-ci ilə qədər uçota alınmış şəxslərin təminatı aparılıb. Daha sonda 2021-ci ildə verilən sərəncamla isə 2014-2019-cu ilə qədər uçota alınmış şəxslər, eyni zamanda 2020-ci il hərbi əməliyyatları və Vətən müharibəsi zamanı şəhid olmuş şəxslərin ailələri və müharibənin nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər mənzillərlə təmin olunur. Təbii ki, bu şəxslərin hamısı mənzil məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq yerli şəhər və icra hakimiyyəti orqanlarında uçota alınırlar. Onların mənzil-məişət şəraitləri araşdırılır.

Bundan sonra onlar növbəyə alınaraq, sənədləri bizə təqdim olunur və o şəkildə də mənzil təminatı tərəfimizdən həyata keçirilir. Prezident İlham Əliyevin  25 yanvar 2021-ci ildə verdiyi sərəncamla 2021-2025-ci ildə mərhələli şəkildə 11 min şəhid ailəsi və müharibə əlili fərdi ev və mənzillərlə təmin olunacaq. 


-Vətən Müharibəsində şəhid olmuş şəxslərin ailələri və müharibə əlillərindən başqa daha hansı kateqoriyadan olan şəxslər ev, maşın uçotu üçün sizə müaricət edə bilər?

-2021-ci il 25 yanvar tarixində verilən sərəncamla həmçinin Çernobıl atom elektrik stansiyasında qəzanın nəticələrinin aradan qaldırılması  zamanı əlillik qazanmış şəxslərin də mənzil təminatı nəzərdə tutuldu. Əvvəllər biz onları yalnız avtomobillə təmin edirdik. Lakin 2021-ci ildə verilmiş bu sərəncamla artıq onlar da sözügedən kateqoriyaya daxil oldular və onların da mənzil təminatı həyata keçirilir. Eyni zamanda Nazirlər Kabinetinin sərəncamı ilə Dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları və eyni zamanda gözdən əlilliyi olan şəxslərin də mənzil təminatı nəzərdə tutulub. Hazırda da təminat prosesi davam etdirilir.

-Vətən Müharibəsi Qəhrəmanı statusunu almış qazilərimizin mənzillə təminatı prosesi hansı yerdədir?

- 2021-ci ilin avqust ayında Cənab Prezident İlham Əliyevin Vətən Müharibəsi Qəhrəmanlarının mənzillə təmin olunması ilə bağlı sərəncamı oldu. Bu sərəncamla Vətən müharibəsi zamanı xüsusi şücaətləri ilən seçilən "Vətən Müharibəsi Qəhrəmanı" adını almış igidlərimizin mənzillə təmin olunması həyata keçirilib.


-Vətəndaşların sizə istər şifahi, istərsə də yazılı müraciəti daha çox hansı problem və ya istəklə bağlı olur?

Prezident İlham Əliyev də mütəmadi olaraq öz çıxışlarında şəhid ailələri, müharibə əliləri və xüsusi imtiyazlı şəxslərə qayğı ilə yanaşılmasını, onların probleminin həllinə yönəlik addımların atılmasını vurğulayır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və tabeliyində olan bütün qurumlar sözügedən həssas kateqoriyadan olan vətəndaşlarımızla bağlı prosesləri xüsusi diqqətlə icra edir. Bilirsiniz ki, Nazirliyin və Agentliyin vəzifəli şəxslərinin bütün bölgələrdə mütəmadi qəbulları keçirilir. Vətəndaşlarımız bütün müraciətlərinə xüsusi həssaslıqla yanaşılır. Təbii ki, Sosial Xidmətlər Agentliyinin səlahiyyətləri çərçivəsində olan müxtəlif müraciətlər; ev, maşın təminatı, sanatoriya-kurort yollayışları və s. məsələlərlə bağlı müraciətlər daxil olur. Bütün bu kateqoriyadan olan şəxsləri dinləyərək qanunvericilik çərçivəsində problemlərinin həllinə yönəlik sürətli tədbirlər görürük. 

- Maraqlıdır, qurum rəsmisi olaraq, şəhid və qazi ailələrinə baş çəkərək onların istəkləri, qayğıları haqqında məlumat alırsınız?

- Demək olar ki, mənzillə təmin olunan bütün şəhid ailələri və müharibə əlillərini tanıyıram. Mənzil təminatı tədbirlərimizin hamısında özümüz də iştirak edirik və evlərinə də gedirik. Əsas məsələ onların qayğı ilə əhatə olunmasıdır. Biz Sosial Xidmətlər Agentliyi olaraq maksimal şəkildə təkcə mənzil, maşın təminatı deyil, eyni zamanda nazirliyin göstərdiyi bütün xidmətlərlə onları məlumatlandırırıq. Həmçinin digər məsələlərlə də aidiyyatı qurumlarla əlaqəli şəkildə dəstək olmağa çalışırıq. Onların hər biri bizim əzizlərimizdir.

- Vətən Müharibəsi iştirakçısı olmuş qazilərimizdən neçə nəfər Sosial Xidmətlər Agentliyində işlə təmin olunub?

- 12 Vətən müharibəsi əlili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində işlə təmin olunub. Hazırda onlar agentliyimizdə fəaliyyət göstərirlər. 

-Rayonlarda qazi ailələrinə verilən torpaq sahələrində evlərin tikilməsi ilə bağlı məsələlərdə nəzarətiniz necə tənzimlənir?

- Təbii ki, bizim şəhid ailələri və qazilərimizi fərdi evlərlə təmin etməyimiz üçün öncəliklə onlar yerli şəhər/rayon icra hakimiyyəti və yerli bələdiyyələr tərəfindən torpaq sahələri ilə təmin olunmalıdırlar. Bu mərhələdən sonra təbii ki, o torpaqların da zəruri infrastrukturlarla təmin olunması önəmli məsələdir. Bilirsiniz ki, günümüzdə su, işıq və digər zəruri ehtiyaclar olmadan bir evin mövcud olmağı o qədər də doğru deyil. Təbii ki, bu da bizim səlahiyyətimizdə deyil, çünki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi torpaq təminatı ilə məşğul olmur. Zəruri infrastrukturlarla təmin olunduqdan sonra biz dərhal növbəliliklə, ailə tərkiblərinə uyğun şəkildə fərdi evlərin tikintisinə başlayırıq. Yaxın günlərdə də Azərbaycanın müxtəlif rayonlarında  500-ə yaxın fərdi evin təqdimatına başlanılacaq.

-Qarşıda şəhid ailələri və müharibə əlilləri həmçinin imtiyazlı şəxslər üçün hansı yeni layihələr gözlənilir?

- Təbii ki, tədbirlər və layihələr çoxdur. Mən kurasiyamıza daxil olan məsələlərlə bağlı deyə bilərəm ki, biz avtomobil və mənzil təminatı ilə bağlı tədbrilərimiz davam edir və 1500 fərdi ev və mənzilin təminatını bu ilin sonuna qədər yekunlaşdıracağıq. Həmçinin bu ilin sonuna qədər qoyduğumuz bütün hədəfləri tamamlayacağıq.

- Vaxt ayırıb suallarımızı cavablandırdığınız üçün təşəkkür edirik. 

- Əhəmiyyətli məsələlərlə bağlı verdiyiniz suallar üçün biz sizə təşəkkür edirik. Hər zaman suallarınızı cavablandırmağa açığıq.

Səkinə Yusibli, Bizim.Media 







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO