İyunun 13-də Kəlbəcərdə qulluq etdiyi hərbi hissədə xidmət zamanı elektrik cərəyanı vurmasından dünyasını dəyişən 19 yaşlı Riyad Məmməd oğlu Əliyarov doğulduğu Xaçmaz rayonunda dəfn edilib.
Bizim.Media xəbər verir ki, dəfn mərasimində əsgərin doğmaları, sakinlər, qazi və şəhid ailələrinin nümayəndələri, hərbçilər, Xaçmaz İH-nin və hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.
MÖVZU İLƏ BAĞLI:
Faciəli surətdə həlak olan əsgər ailənin sonbeşiyi idi
Xaçmaz İH başçısı Elnur Rzayev əsgərin cənazəsi bükülmüş Azərbaycan bayrağını atası Məmməd Əliyarova təqdim edib və bütün ailə üzvlərinə başsağlığı verərək onlara səbr diləyib.
Dəfn mərasimi Köhnə Xudat kənd qəbristanlığında baş tutub. Mərhum əsgər şəhid məzarlarının yanında torpağa tapşırılıb.
Qeyd edək ki, hərbi xidmətə 2021-ci ilin aprel ayında yollanan əsgər Əliyarovun xidmət zamanı kranın əlində olan trosunun yüksək gərginlikli elektrik xəttinə toxunması nəticəsində həyatını itirdiyi deyilir. O, bu ilin oktyabr ayında qulluğunu başa vurmalı idi. R.Əliyarovun ölüm səbəbi Hərbi Prokurorluğun apardığı istintaqın gedişində tam aydın olacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu