Məktəblilərin dərsdən sonra asudə vaxtlarını maraqlı keçirməsi həmçinin zehni yorğunluqlarını dəf etmələri üçün sinif rəhbərlərinin təşəbbüsü ilə rayon və digər maraqlı məkanlara səfərlər, turlar təşkil olunur.
Lakin çox zaman təşkilatçılıq işinin zəif olması və ya anidən meydana çıxan problemlər sonda heç də xoş olmayan, hətta bədbəxt hadisə ilə nəticələnə bilir.
Son günlərdə 2 məktəb kollektivinin yaşadığı qəza hadisəsi də sözügedən məsələlərə nümunədir. Bu hadisələr rayon ekskursiyasına aparılan şagirdlərin təhlükəsizliyinin tam təmin olunmadığını göstərir.
MÖVZU İLƏ BAĞLI:
Şamaxıda məktəblilərin düşdüyü qəza ilə bağlı rəsmi AÇIQLAMA - Araşdırma aparılır
Ümumiyyətlə şagirdlərlə təşkil olunan gəzinti turlarında təhlükəsizlik necə təmin olunmalıdır? Bu işə direktorun nəzarəti varmı?
Təhsil eksperti Elçin Əfəndi məsələyə aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, uzaq səfərə ümumiyyətlə icazə verilməməlidir:
“Düşünürəm ki, səfərə ümumiyyətlə icazə verilməməli idi, əgər verilibsə, müvafiq yol hərəkəti qaydalarına əməl olunmalı idi. Gecə saatında uşaqların daşınması yol hərəkəti haqqında qanuna əsasən, doğru deyil. Qəzaya gəldikdə isə burada görüntüyə əsasən, demək olar ki, sürücü idarəetməni itirib. Bu da iki halda baş verə bilər: sürücü yuxuya gedib və ya sərxoş olub, ikincisi isə avtobusda texniki nasazlıq olub. Hər iki halda qanunvericilik tələbi pozulub. Qaldı ki, məktəb direktoruna, o yalnız o halda yaxasını kənara çəkə bilər ki, həqiqətən də səfərin təşkilindən ümumiyyətlə məlumatsız olub, yəni, təşəbbüs barədə ona istər valideynlər, istərsə də müəllimlər məlumat verməyib. Əks halda mənim xəbərim yoxdur deməklə bu işlər həll olunmur”, - deyə ekspert cavablandırıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədovun sözlərinə görə isə direktorun bu məsələyə heç bir müdaxiləsi yoxdur:
“İstirahət günü, eyni zamanda dərsdənkənar vaxtda valideyn təşəbbüsü ilə səfər planlamasına direktorun müdaxilə imkanı yoxdur. Bir daha valideynlərə çağırış edir ki, dərsdənkənar vaxtlarda və tətil müddətində bu kimi səfərlərə təşəbbüs göstərərkən müvafiq normalara cavab verən qurumlarla qanunauyğun şəkildə tərəfdaşlıq etsinlər”.
Xatırladaq ki, iyunun 12-də Qəbələdən Bakıya hərəkət edən sərnişin avtobusu qəzaya düşüb. Nəticədə avtobusda olan Bakı şəhəri 279 nömrəli məktəbin şagirdləri, onların sinif rəhbəri və valideynlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Digər oxşar hadisə isə 1 həftə əvvəl Şəkidə baş verib. Belə ki, Samux şəhər 3 nömrəli tam orta məktəbin 16 şagird və 4 müəllimindən ibarət heyəti Şəkiyə səfərləri zamanı qəzaya düşüb.
Səkinə Yusibli, Bizim.Media