“Ana, deyəsən bayramda gələ bilməyəcəyəm...”- Amma ŞƏHİD kimi gəldi - FOTOLAR

“Ana, deyəsən bayramda gələ bilməyəcəyəm...”- Amma ŞƏHİD kimi gəldi - FOTOLAR

Hazırda oxunan: “Ana, deyəsən bayramda gələ bilməyəcəyəm...”- Amma ŞƏHİD kimi gəldi - FOTOLAR

7862

“Yuxularıma gəlmir... Çox ağlayıram, ona görə inciyir, yuxuma gəlmir..."

Oğlunun ölüm xəbərini dekabrın 31-də almışdı Lətifə ana. Ondan cəmi üç gün əvvəl danışmışdılar.

Oğlu ona “Ana, bizə bayram üçün 10 günlük məzuniyyət vermək istəyirlər. Sənin üçün elə darıxmışam, icazə versələr, ayaqyalın, piyada da olsa, evə gələcəyəm, bayramı səninlə keçirəcəyəm” demişdi.
 

MÖVZU İLƏ BAĞLI:

“Oğlumun döyüş yoldaşlarını axtarıram” - ŞƏHİD ANASI


Deyir ki, oğlum hər zaman verdiyi sözü tuturdu. O, bu dəfə də verdiyi əhdə bivəfa çıxmadı. Söz verdiyi kimi bayram gecəsini sonuncu dəfə evində anası ilə keçirdi.

Vahidov Vahab Kamil oğlu 1977-ci ilin 10 sentyabrında Bakının qədim kəndlərindən biri olan Əmircanda dünyaya göz açıb. Anası onun uşaqlıq çağlarını belə xatırlayır:

“Vahab uşaqlıqdan çox mehriban, xoşxasiyyətli idi. Məktəb vaxtı çox sakit, sözə qulaqasan uşaq olub, müəllimləri də onu çox istəyirdi. Hamının sevgisini qazanmışdı. Böyük – kiçik yeri bilən idi. Bir müəllimi vardı. Vahab ona “ana” deyirdi. O da sağ olsun, Vahabı çox istəyirdi. O müəllimə Vahab şəhid olanda bizə gəldi, çox pis olmuşdu, deyirdi, elə bil balamı itirmişəm. Gedəndə məndən Vahabın fotosunu istədi, dedi, evimdə saxlayacağam".

Baxmayaraq ki, oğlunun ölümündən 23 il keçib, Lətifə ana o illər haqda sanki dünənmiş kimi danışır. Gözlərindəki kədər onu ağuşuna alıb, o dəqiqələrin ağrı-acısını yenidən yaşayır. Kədəri qarşısında aciz qalıram.

Bu anlarda ona deyiləcək təsəlli sözləri boğazımda ilişib qalır.

“Özü haqqında ən axırda düşünərdi. Yadımdadır, sonuncu dəfə əsgərliyə yanına getmişdim. Baxmayaraq ki, sərhəd bölgəsində, düşmənlə üz-üzə xidmət edirdi, ancaq məni düşünürdü. Gedəndə boynuma sarıldı, dedi -“Ana, özündən muğayat ol, başqa heç nə istəmirəm”, mən də ona söz verdim ki, onun sözünə əməl edəcəyəm. Çox heyif, o, özünü qoruya bilmədi”.

Lətifə ana oğlunun hərbi xidmətə gedəcəyi günü səbirsizliklə gözlədiyini deyir.

“Ona hərbi xidmətə yollanması barədə çağırış vərəqəsi gələndə, çox sevindi. İşə gedirdi, ancaq mənə dedi ki, qoy əvvəl hərbi komissarlığa gedim. Elə həmin gün Füzuliyə yola düşdü. Əvvəl Füzuli rayonunda - Həsənqayada xidmət etdi. Sonra Vahabı Goranboyun Tapqaraqoyunlu bölgəsinə yolladılar. Orada da öz əsgər yoldaşlarından seçilirdi, çox cüssəli, boy-buxunlu idi. Ona görə də onu ön cəbhəyə göndərdilər. Düşmənlə üz-üzə dayanırdı, ancaq heç nədən qorxmurdu. İnandırım sizi, bir dəfə də olsun ki, mənə şikayət etmədi ki, qorxuram”.

Ana danışdıqca əllərini ağarmış saçlarında gəzdirir, gözləri isə sanki uzaqlarda xınalı quzusunu, şəhidini axtarırdı. Oğlunun hərbiçi olmaq arzusundan da danışır. Deyir, xidmətini başa vurduqdan sonra, hərbi hissədə qalmaq fikri vardı.

 Hər dəfə mənimlə danışanda deyirdi ki,

- “Ana, xidmətim bitdikdən sonra məni gözləmə, çünki burada qalıb, hərbçi olmaq istəyirəm. İstəyirəm geri dönəndə hərbçi kimi dönüm”.

Ancaq nə bilərdi ki, şəhid kimi dönəcək. Nə qədər çətin olsa da, anadan Vahabın şəhid olduğu gün barədə danışmağını istəyirəm.

“Sonuncu dəfə danışığımızda dedi - “Ana, deyəsən bayramda gələ bilməyəcəyəm, bura çox qarışıqdır. Erməni dığaları bizi dayanmadan atəşə tutur”. Həmin an ürəyimə bir sıxıntı gəldi. Bütün gecəni yata bilmədim. Sanki onun ölümü ürəyimə dammışdı. Sonra öz-özümə dedim ki, hər şey yaxşıdır, niyə belə düşünürəm? Hətta buna görə özümü danladım da. Sən demə ana ürəyi hər şeyi hiss edirmiş. Kaş ki yanılardım. Həmin gecənin səhəri, balamın ölüm xəbəri gəldi”.

O gündən sonra Lətifə ana balasını qoynuna basıb qucaqlaya bilmədi, təsəllisi yalnız onun buz bağlayan fotoları oldu.

Həmin gün onun şəhid balası həyatdan xatirələrə köçdü.

“Dekabrın 31-i səhər qonşu qaranəfəs gəldi ki, sizi hərbi kommisarlıqdan axtarırlar. Dalağım sancdı, narahatlıq məni bürüdü. Atası işdə idi, hərbçilər qardaşımla onun çalışdığı yerə gedib, vəziyyəti atasına deyiblər. Mənə heç kim, heç nə demirdi. Aralarında pıçıltı ilə danışırdılar. Birdən arxasıyca su atıb balamı yola saldığım darvaza taybatay açıldı. Sən demə, balam söz verdiyi kimi, bayramı mənimlə keçirmək üçün görüşümə tələsirmiş. Həmin gün biz onu öz əllərimizlə qara torpağa əmanət etdik”.

Lətifə ananın gözləri dolur, əlləri əsə-əsə axan göz yaşlarını silir.

“Mənfur düşmənin gülləsi düz şah damarından dəyib. Hospitala çatdıra bilməyiblər, yolda güclü qanaxmadan keçinib”.

O gün Lətifə ana şəhid anası adını qazandı. Bilmirəm, o bu adla təsəlli tapdı, yoxsa yox.

“Yuxularıma da gəlmir, bəlkə, orada onu doyunca qucaqlayıb bağrıma bassam, təsəlli taparam. Bu 23 ildə bir dəfə gördüm yuxuda onu, sakitcə mənə çörək verib getdi. Arxasınca nə qədər çağırsam da, mənə hay verməyib, yoluna davam etdi. Deyirlər, çox ağlayıram ona görə inciyir, yuxuma gəlmir”.

Lətifə ana oğlunun yolunu hələ də yuxularında gözləyir. Ömrü boyu, son nəfəsinə qədər onun gözləri uzaqlarda, xəyallarda, yuxularda daim onu axtaracaq. Vahab sevdiyi qızın adını anasına demədən şəhid olub.

 Bəlkə də çəkinib, ananın dediyinə görə çox utancaq olub. Kaş ki, deyərdi...

“Mənim xəbərim olmayıb, amma balamın sevdiyi qız varmış. Bir gün əmisi gəldi mənə dedi ki, Vahabın qəbri üstündə bir qız için-için ağlayırdı. Əmisi yaxınlaşanda, o, uzaqlaşıb. O qızın kim olduğunu bilmədik. Bəlkə balamın qoxusunu ondan alardım, təsəllim olardı”.
Bir qadın vardı... Saçları qar kimi bəyaz... O, şəhid anası idi...

Vüsalə Balayeva, Bizim.Media 















 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO