“Səhərlər heyvanların bağırtısına oyanırıq” – ŞİKAYƏT

“Səhərlər heyvanların bağırtısına oyanırıq” – ŞİKAYƏT

Hazırda oxunan: “Səhərlər heyvanların bağırtısına oyanırıq” – ŞİKAYƏT

7859

Paytaxtımızda əhalini narahat edən problemlərdən biri də ət kəsimidir. Heç kəsə sirr deyil ki, bununla bağlı sakinlər tərəfindən dövlət orqanlarına saysız-hesabsız şikayətlər daxil olub.

Səkilərdə və əhalinin sıx yaşadığı ərazilərdə ət kəsiminin qarşısını almaq üçün dövlət tərəfindən əməli işlər görülüb.

Məsələ isə göründüyü kimi tam həllini tapmayıb. Nəticədə Azərbaycan prezidenti İlham Əliyevin 2018-ci ildə imzaladığı  sərəncama əsasən, ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir (stasionar, modul və mobil tipli) kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) tapşırıq verilib.

Agentliyin sədri Qorxmaz Təhməzli isə  mətbuat konfransında mediaya açıqlama verib ki, Azərbaycanın 39 rayon və şəhərində 40 modul tipli heyvan kəsimi məntəqəsi yaradılacaq. 

Lakin Bizim.Media olaraq baş çəkdiyimiz  qəssabxanalarda kəsim məntəqəsinə rast gəlmədik.

Biləcəri qəsəbəsində “Seval” deyilən ərazidə 5-dən çox qəssabxana var ki, hamısı köhnə qayda ilə fəaliyyət göstərir. Təbii ki, belə nümunələrin sayı az deyil.

Biləcəri sakini Əliyev Həsən deyir ki, səhər tezdən heyvanların iniltisinə oyanırlar:

- Kəsimdən sonra yerdə qalan qan və ət parçaları natəmizlik yaradır. Ətrafa yayılan qoxu da burnumuzu deşir. Eyvandan baxanda uşaqlarımız bu mənzərəni görürlər. Və istər-istəməz oğlumda qəssablara qarşı aqressiya yaranır. Deyir, niyə onları öldürürlər? Belə yerlərdə ət təzə olur, inanıb alırıq, amma şərait düzəlməlidir. Şikayət edəndə də gəlib qəssabı cərimələyirlər, onlar da biz sakinlərlə düşmən olur. Dedikləri 40 ət kəsim məntəqəsi hanı? Heç olmasa birini də gətirib Biləcəridə yerləşdirsinlər”.

Ərazidə çalışan Qurban Hüseynov adlı qəssabla söhbət etdik.

“Mən niyə uzağa gedib mal-qara kəsməliyəm. Maddi dəstək versinlər, burada şəraitimizi yaxşılaşdıraq. Özləri maddi dəstək edə bilmirlərsə, dövlət qarşısında təkliflə çıxış etsinlər. Müəyyən maddi güzəştlər olsun”.

Mövzu ilə bağlı AQTA-ya sorğu ünvanladıq. 

“Niyə qəssablar hələ də yol kənarında, yaşayış yerlərində  ət kəsimi ilə məşğuldurlar? Dediyiniz modul tipli ət kəsim məntəqələri niyə gözə dəymir?”.

Agentlik sorğumuza cavab olaraq bildirdi ki, qəssab ya özü qəssabxanasının şəraitini yaxşılaşdırmalı, ya da mal-qaranı aparıb modul tipli məntəqələrdə kəsməlidir:

''Sahibkarlar standartlara uyğun, müasir heyvan kəsimi və ət satışı məntəqələri yaratmaq istəyirlərsə, metodiki kömək almaq üçün Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər''. 

''Sahibkarları müasir ət kəsimi məntəqələrinin yaradılmasında iştirak etməyə dəvət edirik. Bu zaman onlara bütün lazımi zəruri kömək göstəriləcək''.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən ölkənin əmtəə bazarında bükülməmiş malın satışı qadağandır.

Hər bir mal, o cümlədən ət bükülməlidir, üzərində son istifadə tarixi qeyd olunmalıdır.

Yeri gəlmişkən, mal-qaranın kəsimi zamanı zəruri qaydalar olmalıdır. Mal-qara baytarlıq-sanitariya, sanitariya-gigiyena tələblərinə uyğun kəsilməlidir.

Heyvanın saxlanıldığı təsərrüfat baytarlıq-sanitariya tələblərinə uyğun olmalı, kəsimə aparılan heyvan düzgün daşınmalı, baytar mütəxəssis tərəfindən müayinə olunmuş yalnız sağlam heyvanlar kəsilməlidir. 

Kəsimdə istifadə ediləcək ləvazimatların təmiz olması, qəssab sanitar geyim geyinməsi, kəsilmiş heyvan emalı zamanı ardıcıllıq gözlənilməsi kimi digər qaydalara əməl olunmalıdır. Və təbii ki, burada müsəlman adət-ənənələrini də unutmaq olmaz.

Gülşanə Mustafayeva, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO