Bu gün saat 16:30 radələrində Şəki şəhərində yerləşən istirahət mərkəzlərinin birində Ağdam rayon sakini Elya Əhmədovun idarə etdiyi “ISUZU” markalı sərnişin avtobusunda yaranmış nasazlıqla əlaqədar nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən xəbərə görə, hadisə yerinə dərhal polis şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Təcili Tibbi Yardımın həkim briqadaları cəlb olunub, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.
Hazırda faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
Bildirilib ki, 4-ü müəllim, 2-si valideyn və 16-sı da şagird olmaqla ümumilikdə 22 nəfər gəzmək məqsədilə Samux rayonundan Şəki şəhərinə gəliblər.
19.23
Şəki şəhərində avtobusun aşması zamanı xəsarət alan 11 nəfər saat 17:10 radələrində Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
TƏBİB-dən Bizim.Media-ya verilən xəbərə görə, vətəndaşlardan 10 nəfərə ilkin zəruri tibbi yardım göstərilərək 18:30 radələrində evə buraxılıb.
Bir nəfərə isə bel nahiyəsinin küt travması, bel fəqərəsinin sınığı diaqnozu qoyulub və hazırda müayinəsi davam etdirilir.
17.43
Şəkidə avtobusun aşmasının bəzi təfərrüatları məlum olub.
Bizim.Media xəbər verir ki, avtobusu idarə edən şəxs Samux rayon sakini 1959-cu il təvəllüdlü Eyyar Kamil oğlu Əhmədov olub.
Eyyar Əhmədovun idarə etdiyi “İsuzu” markalı 20 AY 305 dövlət nömrə nişanlı avtobus idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı avtobusda sürücü ilə birlikdə 23 nəfər olub.
Avtobusdakılar Samux rayon sakinləridir. Onlardan 16 nəfəri şagird, 6 nəfərin isə müəllim və yaxud valideyn olduğu bildirilir.
Yaralıların hamısı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda yaralılar müayinə edilir, şəxsiyyətləri dəqiqləşdirilir.
17.25
Şəkidə turistlərin olduğu avtobus aşıb.
Bizim.Media xəbər verir ki, bu gün saat 16.30 radələrində Şəki şəhəri, Mustafabəyov İstirahət Mərkəzində, dağlıq ərazidə içərisində 25 nəfərə yaxın turist olan “Hyundai” markalı avtobus aşıb.
Qəza nəticəsində yaralananlar var.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bir yanğınsöndürən maşını, şəxsi heyəti və xilasedicilər cəlb olunub.
Bizim.Media