Bu gün Xızı rayonunun Sayadlar kəndində böyük, amma nakam məhəbbət şairi Mikayıl Müşfiqin doğum günü qeyd edilib.
Bizim.Media xəbər verir ki, heç bir dəvət gözləmədən bu gün də Xızı, Siyəzən, Sumqayıt və Bakıda yaşayan söz, sənət adamları, müşfiqsevərlər, ziyalılar Müşfiqin ata ocağında yerləşən ev-muzeyinə yığışıblar.
MÖVZU İLƏ BAĞLI:
Bu gün Mikayıl Müşfiqin anadan olmasından 114 il ötür
Əvvəlcə Mikayıl Müşfiqin ev muzeyinin qarşısındakı büstü ziyarət edilib, önünə tər güllər düzülüb.
Anım mərasimində millət vəkili Müşfiq Məmmədli, Sumqayıt regional mədəniyyət idarəsinin rəisi Rəşad Əliyev və Xızıdakı bütün mədəniyyət işçiləri müşfiqsevərlərlə birgə ölməz şairin ruhunu yad ediblər.
Şairə Ofelya Babayeva, şair Ağasəfa, millət vəkili Müşfiq Məmmədli, Sumqayıt regional mədəniyyət idarəsinin rəisi Rəşad Əliyev və digərləri çıxışlarında Müşfİq poeziyasının, insanı riqqətə gətirən misralarının hələ neçə illər, əsrlər boyu yaşayacağından söz açıblar.
Mədəniyyət Nazirliyinin nümayəndəsi Sənan Talıbov Müşfiq ocağına gələn, məzarı sular olan repressiya qurbanı olmuş nakam şairin adını anan hər kəsə təşəkkür edib. Şair Ağasəfanın çıxışı da iştirakçılarda duyğusal anlar yaşadıb.
Müşfiq nəslinin yadigarı, əmisi nəvəsi Vahab İsmayılzadə də ölməz söz ustadını yad edənlərə ailəsi adından minnətdarlıq edib.
Qeyd edək ki,1908-ci ildə Bakıda doğulan Mikayıl Müşfiqin atası 1902-ci ilədək bu kənddə yaşayıb.
Ötən əsrin doxsanıncı illərində müşfiqsevər insanların dəstəyi və köməkliyi ilə Xızının Sayadlar kəndində onun xatirəsinə hörmət olaraq ev-muzeyi inşa edilib.
Müşfiqin ev muzeyi ilin bütün dövrlərində Xızıya gələn bütün turist və qonaqlar tərəfindən ziyarət edilir.
Bugünkü tədbirdə Xızı rayon icra hakimiyyətinin rəsmilərindən heç kim Müşfiqin anım mərasimində iştirak etməyib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu