İyunun 1-də polis şöbəsində vəfat edən Yardımlı rayon sakini Rövşən Əliyevin ailəsi mərhumun işgəncələr nəticəsində öldüyünü iddia edir. Onlar həmin şəxsin fotolarını yayaraq fiziki zorakılığa məruz qaldığını deyiblər.
Bununla bağlı DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin, prokurorluq əməkdaşlarının və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış olub:
"Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Yardımlı rayon sakini Rövşən Əliyev iyunun 1-də saxlanıldıqdan sonra həkimlərin səyinə baxmayaraq, ürək tutmasından vəfat edib.
İlkin xarici müayinə zamanı meyit üzərində həyat üçün təhlükəli olan hər hansı zədələnmələr müşahidə olunmayıb. Lakin bu gün bəzi sosial şəbəkə istifadəçiləri mərhumun fotosunu yayaraq güya onun fiziki işgəncələr nəticəsində öldüyünü iddia edirlər.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda polis ehtiyatsızlıqdan özünü güllələdi - VİDEO
Bununla əlaqədar bildirirəm ki, ölən şəxsin meyiti üzərində olan xəsarətlər döyülmə əlaməti deyil. Həyat üçün təhlükəli olan zədələnmələr bədən xəsarəti, xəstəlik və ya patoloji vəziyyət halında ola bilər. Məqsədli olaraq, yayılan fotolardan aydın görünür ki, meyit üzərində həyat üçün təhlükəli olan xəsarətlər yoxdur, yəni bu, ölümə səbəb olan hal deyil. Faktla əlaqədar hazırda Respublika Baş Prokurorluğunda cinayət işi qaldırılıb, istintaq tədbirləri davam etdirilir".
Bizim.Media