“Uşaq evinə verilmiş uşaq həmin uşaq evinin rəhbərliyinə verilmiş ağ kağızdır. Düzgün metodika, qayğı, müasir tədris tələbləri ilə həyatdan incik, küskün düşmüş uşaqları yazıçı, rəssam, insan hüquqları mütəxəssisi, sosial işçi olaraq qazana bilərik.
11-ci sinifə gəlmiş, yetkinlik yaşına çatmış uşağın savadı azdırsa, mükəmməl peşə bilmirsə, müvafiq müəssisənin rəhbərliyi cəzalandırılmalıdır. Qapalı mühitdə, tam nəzarət altında ideal bir gənci formalaşdırmaq digər məktəblərə nəzərən uşaq evləri, internat məktəblərində daha asandır”.
Bu fikirləri Bizim.Media-nın sorğusuna cavab verərəkən sosioloq Əhməd Qəşəmoğlu səsləndirib. Ekspert müşahidələrindən yola çıxaraq uşaq evlərinin acınacaqlı vəziyyətindən danışıb.
MÖVZU İLƏ BAĞLI:
Dövlət Komitəsindən sığınacaqda uşaqlara xəsarət yetirilməsi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
O bildirib ki, baxmayraq ki, dövlətimiz gözəl binalar, rahat yataqxanalar tikib verib, amma uşaq evləri, internat məktəbləri və sığınacaqların əksəriyyətinin durumu ilə bağlı heç də ürəkaçan xəbərlər eşitmirik:
“Bəzi uşaq evlərində qeydiyyatda olan uşaq sayı mövcud uşaq sayından 2-3 dəfə artıq olur. Bunun da ən böyük səbəbi yeyintidir. Guya, hər gün 150 uşaq üçün qida, qulluq və digər ehtiyacları hesablayıb, tələb edirlər. Halbuki həmin uşaq evində göstərilən sayın üçdə biri qədər uşaq olur və heç onlara da yaxşı baxmırlar”.
Əhməd Qəşəmoğlu uşaq evlərinin müdirlərinin profillərini, onların gündəlik həyat tərzinin araşdırılmasını vacib hesab edir:
“Siz həmin uşaq evlərinin müdirlərinin malikanələrini, villalarını, onları gəzdirən maşınları araşdırın. Hamısı yüz minlik maşınlarda gəzirlər. Hələ axtarın, görək, uşaq evinə müdir olmaq üçün nələr tələb olunur...
Amma unutmaq olmaz ki, uşaq evlərində, internat məktəblərində Azərbaycanın yeni nəsli yetişir. Onlar özlərinə qarşı gördükləri münasibəti eynilə cəmiyyətə daşıyırlar”.
Mia Quliyeva, Bizim.Media