“Bizə qarşı səsləndirilən ittihamlardan biri budur ki, guya haramzadalıqla məşğuluq. Mən 12 yaşımda atasız qalmışam. Bizi Məhəmməd babamız saxlayıb və o, bizə heç vaxt haram yedirtməyib. Oğlumun 40 yaşı var, o da övladlarına haram yedirtmir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli ona qarşı yönələn ittihamlara cavab olaraq səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Tahir Kərimlidən onu hədələyənlərə əjdaha cavab – VİDEO
“Deyirlər ki, Tahir əyilir kiminsə qarşısında və s... Bəli, əyilirəm. Əyilərək anamın ayağını, şəhid anasınının əlini, şəhid qəbrini, vətən torpağını öpərəm. Amma başqa kiminsə qarşısında heç vaxt əyilmərəm. Bəzən sual olunur ki, niyə dövlət rəhbərliyindən kiməsə müsbət söz deyirsən? Bunun səbəbi bu dövlət qarşısında borc və məsuliyyət hissimin olmasıdır”, - deyə deputat əlavə edib.
Millət vəkili vurğulayıb ki, bu yanaşmalar indi çox absurddur, gülməlidir, həm də öldürücüdür. Bizi yalnız bir-birimizə sevgi xilas edə bilər:
“Sağlam dövlət qurmalıyıq. Azərbaycanın sağlam gələcəyini yalnız və yalnız sağlam münasibətlər təmin edə bilər. Daha sonra deyirlər ki, Tahir Kərimli 1990-cı illərdə alovlu çıxış edib. Bəli, çıxış etmişəm: On illərlə qurduğumuz dövlət aradan gedəndə buna üsyan etmişəm və imkan verməmişəm. Deyirlər, nə əcəb Tahir özünü öldürməyib, çünki mən o zamanlar çıxış etdikdə qalib gəldik. Üç gündən çox Ali Sovet toplana bilmədi, qarşısını almışdıq. Sürücümü aldılar, maşınımı oğurlayıb apardılar. Piyada qaldım, Ali Məhkəmədən xəbərim olmadı. Heç birimiz "süddən çıxan ağ qaşıq" deyilik, ancaq belə də etmək olmaz”.
Tahir Kərimli qeyd edib ki, Şamaxı və Göyçay qəzalarında qaçaqlıq etmiş, minlərlə kasıbın haqqını qorumuş, zalımlara qan uddurmuş adı ensklopediya və Azərbaycan tarixində olan Qaçaq Zahidin nəvəsidir:
“Atam gəncikən vəfat etsə də, 101 traktorçu ərizə yazıb, işdən çıxıb, çünki atam kolxoz sədrini məcbur edirdi ki, onlara yüksək əməqhaqqı yazsın. O, işçiləri himayə edirdi. Yəni mənim atam, babam heç kimin qarşısında iynənin ucu boyda sınmayıblar. Nəslimin övladlarına sınmaq yaraşar? Belə böhtanı bizə atırsınız. Biz gücümüz çatan qədər, daim hallalıq gözləmişik, halal yolla getmişik və sınmamışıq, sınmarıq da, lakin vətənin xilası üçün canımızı qurban verməyə hazırıq”.
Murad Əhmədov, Bizim.Media