İlham Əliyev:

İlham Əliyev: "Məcburi köçkünlər üçün nəzərdə tutulan evlər şəhid ailələrinə veriləcək"

Hazırda oxunan: İlham Əliyev: "Məcburi köçkünlər üçün nəzərdə tutulan evlər şəhid ailələrinə veriləcək"

7691

"Bu yaxınlarda müşavirə keçirərkən mənə məlumat verildi ki, bütövlükdə keçmiş məcburi köçkünlərin 52 faizi şəhərlərdə məskunlaşıb".

Bizim.Media-nın məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.

Dövlət başçısı bildirib ki, bu insanların böyük əksəriyyəti kənd yerlərindən didərgin salınıb, ancaq nədənsə məskunlaşma şəhərlərdə aparılıb: "Əlbəttə ki, bu insanları yenə də rayon yerlərinə qaytarmaq üçün xüsusi proqram olmalıdır. Mən bu yaxınlarda Prezident Administrasiyasına göstəriş verdim ki, köçkünlər arasında sorğular keçirilməlidir, onların niyyəti öyrənilməlidir".

Prezident qeyd edib ki, həm evlərlə təmin olunmuş köçkünlər, həm də bu günə qədər yataqxanalarda, yaxud da uşaq bağçalarında ağır vəziyyətdə yaşayan köçkünlər arasında sorğular keçirilməlidir ki, biz real vəziyyəti bilək: "Özümüz-özümüzü aldatmamalıyıq, real vəziyyəti bilməliyik. Xahiş edirəm köçkünlərdən, onlara sual veriləndə səmimi cavab versinlər - öz dədə-baba torpaqlarına getmək fikirləri var, yoxsa yox. Bizə bildirsinlər, biz də bilək və buna görə öz bərpa işlərimizi həyata keçirməliyik. Mən tam əminəm ki, keçmiş köçkünlərin mütləq əksəriyyəti böyük həvəslə öz doğma torpaqlarına qayıdacaqlar".

"Buna nail olmaq üçün dövlət əlindən gələni əsirgəməyəcək. Ancaq, eyni zamanda, bizdə rəsmi məlumat olmalıdır. Ona görə bu sorğunun keçirilməsi hesab edirəm ki, bir çox suallara cavab verəcək. İndi sorğuda hansı suallar olacaq, onu siz fikirləşin. Əlbəttə ki, ailənin tərkibi, ondan sonra harada işləyirlər, işdən razıdırmı, razı deyilmi, o ailələrin maddi vəziyyəti, maaşları, gəlirləri, onların sahibkarlıq fəaliyyəti vardır, yoxdur, onların arasında işsizlər nə qədərdir, bütün bu suallar verilməlidir. Əsas sual onların öz torpaqlarına qayıtmaq istəkləri ilə bağlı olacaq. Bu, öz yerində. Ancaq bildirmək istəyirəm ki, məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək. Bu qərarı mən qəbul etdim.

Artıq göstəriş verdim ki, Dövlətqaçqınkomun balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilsin".

Prezident bildirb ki, kifayət qədər böyük bir proqramdır: "Ona görə həm müharibəyə qədər növbədə dayanan şəhid ailələri yerləşdirilməlidir bu evlərdə. Eyni zamanda, İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin yaxınları bu evlərdə yerləşdirilməlidir. Bu, ədalətli qərardır. Hesab edirəm ki, köçkünlər, bağışlayın, keçmiş köçkünlər bunu düzgün anlayacaqlar. Mən hər şeyi həmişə necə var elə də demişəm".

"Mən bilirəm ki, onlar bu evləri uzun illər idi gözləyirdilər, amma indi torpaqlar azad olunub. Ona görə, keçmiş köçkünləri Bakıda, Gəncədə, Sumqayıtda yerləşdirmək heç bir məntiqə sığmır. Onlar üçün nəzərdə tutulmuş evləri şəhid ailələrinə vermək çox düzgün qərardır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO