İctimaiyyətdə Dövlət İmtahan Mərkəzinə (DİM) qarşı kampaniya başladılıb. Bu dəfəki etiraz da məhz uzun illərdir müzakirəsi davam edən buraxılış imtahanlarındakı sualların mürəkkəbliyidir.
Təhsil ekspertləri, media mənsubları və valideynlərin başlatdığı kampaniyanın əsas tələbi imtahan suallarının sadələşdirilıməsi ilə bağlıdır.
Qeyd edək ki, son 3 gündə 2 məktəbli intihar edib. Hər iki şagirdin imtahanda zəif nəticə göstərdiklərinə görə canlarına qıydıqları bildirilir. Əvvəlki illərdə də baş verən analoji hadisə ictimaiyyəti hərəkətə gətirib. İldən-ilə artan etirazlar cəmiyyətin DİM-ə aqressiyasını artırıbn və artıq cəmiyyət bu qurumun fəaliyyətinə etibar eləmir.
MÖVZU İLƏ BAĞLI:
DİM Azərbaycan dilindən “qeyri-məqbul” qiymət alanlara MÜRACİƏT etdi
Maraqlıdır, ünvanına kütləvi etirazlar yağdırılan DİM ictimaiyyətin bu tələbini qəbul edəcəkmi? Şagirdlər üçün akademik, DİM üçün bəsit görünən suallar sadələşəcəkmi?
Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə baş verən məktəbli intiharlarının imtahanla əlaqələndirilməsi ilə razılaşmayıb. Saytımıza açıqlamasında qurum rəsmisi bildirib ki, yaxşı olar ki, etiraz edənlər imtahan suallarının mürəkkəb olmasını təhlilləri ilə əsaslandırsınlar:
“İntiharın dərin psixoloji səbəbləri olur. Onu imtahanla əlaqələndirmək doğru deyil. İmtahanların mürəkkəblik dərəcəsinə gəldikdə isə hələ heç proses başa çatmayıb. Nəticə yoxdur ki, kimsə onun əsasında nəsə statistikaya dayanan fikir irəli sürsün. Amma götürün ötən illərin, həmçinin bu ilin kitabçalarını və təhlil edin. Mürəkkəb nəsə varmı? DİM imtahan iştirakçılarının səviyyəsini həmişə nəzərə alır və hər 3 çətinlik səviyyəsinə uyğun tapşırıqlardan istifadə olunur.
Abituriyent 12 jurnallarındakı elmi təhlillərlə tanış olsunlar. Onda vəziyyət aydın olacaq. Yəni bir fikir irəli sürərkən onun məlumat bazasına dayalı əsası olmalıdır”.
Təhsil eksperti Elşən Qafarov isə hesab edir ki, DİM-dən test alınmalı, bu işlə Testologiya adlı xüsusi bir qurum məşğul olmalıdır:
“DİM-in hazırladığı testlər şagirdlərin bilik-bacarıqlarına və səviyyəsinə uyğun deyil. Bunun üçün bir addım atmaq lazımdır. Atılan addım da o ola bilər ki, DİM-dən test alınmalıdır. Nazirlər Kabineti yanında xüsusi Testologiya Mərkəzi və ya Testologiya İnstitutu yaradılmalıdır. Həmin qurum həm Təhsil Nazirliyi, həm də DİM-lə əməkdaşlıq səviyyəsində fəaliyyət göstərməlidir.
Vaxtaşırı keçirilmiş sınaqlar və biliyin qiymətləndirilməsi, monitorinqlər zamanı, bütün sahələrdə işə götürülən real şəxslərin bilik və bacarıqlarının səviyyəsi müəyyən edilməlidir. İmtahanlar da həmin bilik və bacarıqlara uyğun olaraq həyata keçirilməlidir”.
Ekspertin fikrincə, nə qədər ki, DİM-də test hazırlamaq səlahiyyəti qalacaq, bu problemlər həmişə olacaq:
“Bu halların qarşısının alınmasının yeganə yolu DİM-dən testin alınması və oranın texniki quruma çevrilməsidir. Təbii ki, DİM özünü müdafiə etmək üçün əsas gətirəcək ki, biz imtahan suallarını proqrama uyğun tərtib edirik. Halbuki DİM-in də, Təhsil Nazirliyinin də öz proqramları var. Test səlahiyyəti tezliklə DİM-dən alınmalıdır”.
Alçina Amilqızı, Bizim.Media