1990-2019-cu il aralığında demoqrafik tendensiyanın nəticələrinə görə, Azərbaycanda əhalinin artımı 28,5% təşkil edib.
Hazırda demoqrafik səviyyə təhlükə həddinə enməsə də son illər ailələr 1 və ya 2 uşaqla kifayətlənirlər. Amam bu tendensiya qarşıdakı illərdə ölkəni çıxılmaz duruma sala bilər.
Məsələni araşdırmaq üçün “Azərbaycanda əhalinin müşahidə edilən artım tempi normaldır, yoxsa gələcəkdə fəlakət yarada bilər” sualı ilə mütəxəssisə müraciət etdik.
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu düşünür ki, 20 ildən sonra Azərbaycan bu gedişlə demoqrafik fəlakətlə üz-üzə qala bilər:
MÖVZU İLƏ BAĞLI:
Dünya ölkələrində çoxuşaqlı ailələrə güzəştlər olunur, bəs AZƏRBAYCANDA? - ARAŞDIRMA
“Hazırda ölkədə əhalinin artım tepmi normadan bir qədər aşağı düşüb. Artım indi mövcud olandan bir qədər artıq olsa, daha yaxşı vəziyyət yaranar. Əsas prinsip odur ki, həm ölkədə əhali artımı normal olsun, həm də keyfiyyətli nəsil böyüsün. 30 ildir təbliğ edirəm, çalışmalıyıq Azərbaycanda 3 uşaqlı ailə modelini təmin edək. Tək uşaqlı ailənin olduğu evdə uşaq mühiti olmur. Uşağın tay-tuşu həmyaşıdları deyil, ata-anası, nənə-babası olur. Belə uşaqlar da normal böyümür. İki uşağın olması da əhalinin azalmasına gətirib çıxarır. Amma 3 uşaqlı ailədə həm evdə uşaq mühiti formalaşır, həm də ölkədə artım tempi normal olur”.
Ekspert qeyd edir ki, əhali artımının azalması işçi qüvvəsinə ehtiyac yarananda istər-istəməz kadr çatışmamazlığı problemi yaradır:
“Azərbaycanda indilikdə bu problem yoxdur. Amma artım tempinin azalması gələcəkdə belə bir təhlükəni qaçımaz edə bilər. Ona görə də çalışmalıyıq ki, böyük templə olmasa da, əhalinin artımı böyük deyil, müəyyən kiçik templə getsin. 10 il bundan qabaq Azərbaycanda əhalinin artım tempi normal idi. İndi isə normadan bir qədər aşağı düşüb. Belə gedişlə 20 ildən sonra Azərbaycan demoqrafik fəlakətlə üz-üzə qala bilər”.
Son məlumatlara görə, 2021-ci ildə ölkə əhalisinin sayı 28 min 247 nəfər və ya 0,3 faiz artaraq həmin ilin sonuna doğru 10 milyon 147 min 380 nəfərə çatıb.
Bu müddət ərzində 59356 doğulan körpə qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 12,0 təşkil edib.
Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna görə, Azərbaycan əhalisinin sayı 2024-cü ilin sonuna 10 milyon 560 min nəfərə çatacaq. 2022-ci ilin sonuna əhali sayının 10 milyon 310 min nəfər, 2023-cü ildə isə 10 milyon 430 min nəfər təşkil edəcəyi proqnozlaşdırılır.
Rüfət Sultan, Bizim.Media