Qəşəm Nəcəfzadəyə Rafiq İsmayılovdan CAVAB – “Onun şeirlərini başa salmaq üçün müəllim sinfə gərək şabalıd gətirsin”

Qəşəm Nəcəfzadəyə Rafiq İsmayılovdan CAVAB – “Onun şeirlərini başa salmaq üçün müəllim sinfə gərək şabalıd gətirsin”

Hazırda oxunan: Qəşəm Nəcəfzadəyə Rafiq İsmayılovdan CAVAB – “Onun şeirlərini başa salmaq üçün müəllim sinfə gərək şabalıd gətirsin”

76296

Tanınmış yazıçı Qəşəm Nəcəfzadə ilə  "Altun-kitab" nəşriyyatının direktoru, dilçi-alim Rafiq İsmayılov arasında qalmaqal səngimir. Qəşəm Nəcəfzadənin sözlərinə görə Rafiq İsmayılov illərdir ki, onun şerlərini dərsliyə salmır. Dəfələrlə Rafiq İsmayılova bu barədə müraciət etdiyini deyən Qəşəm Nəcəfzadə ona qarşı bu addımın başadüşülən olmadığını bildirib.   

“Qəşəm Nəcəfzadə şagirdlər üçün yazmır”

Qəşəm Nəcəfzadə dərsliklərə yalnız “Altun-kitab” nəşriyyatının işçilərinin və saxta müəlliflərin məzmunsuz şerlərinin salındığını iddia edib. Hətta bununla bağlı bir neçə müəlliflə bağlı nümunə də gətirib. 

Ünvanına səsləndirilən iradlarla bağlı Bizim.Media-ya danışan dilçi-alim Rafiq İsmayılov Qəşəm Nəcəfzadənin şerlərinin dərsliklərə salınacaq meyarlara cavab vermədiyini qeyd edib:
 

MÖVZU İLƏ BAĞLI:

Qəşəm Nəcəfzadənin dərslik məsələsi GÜNDƏM OLDU – “Rafiq İsmayılov şerlərimi kitablara salmağa qoymur” 


“Dərsliklərdə heç kimin yazısına məhdudiyyət və ya qadağa qoymuram. Sadəcə olaraq mətnlərin seçimində dərsliklərin konsepsiyasından irəli gələn meyarlar var. Qəşəm Nəcəfzadənin də şerləri bu meyarlara cavab vermir. Mən onların bir neçəsini də paylaşdım və özünə göstərdim. Oxuyub-anlama və dərketmə üçün uyğun gəlmir. Qaldı ki, Qəşəm Nəcəfzadənin bizə irad tutduğu, guya bədii zövqü korlayan şerlərin olmasına, o şerlər dərsliklərdən çoxdan çıxarılıb. Qəşəm Nəcəfzadə şair kimi öz fikir və duyğularını yazıya köçürür. Bu, onun haqqıdır. Amma biz bu şerləri dərsliklərə verəndə oradakı məcazları, leksikanı, söz ehtiyatını, oxuyub-qavramanın 5 mərhələsini nəzərə alırıq.  Qəşəm Nəcəfzadə şagirdlər üçün yazmır. Məsələn, onun “Şabalıd” şeri var və mən də bəyənirəm. O şerdə “Şabalıdı saldılar tavaya, şabalıdın yaxası açıldı” deyə misralar var. Gözəl bir məcazdır. Amma onu I sinif şagirdi anlaya bilərmi? Şabalıdın yaxası açıldı, nə deməkdir?
 

Hamıya xoş gəlir, amma gəlin görək müəllim uşağa bunu başa sala biləcəkmi? Onda müəllim gərək sinif otağına şabalıd gətirsin, bişirsin və göstərsin. Məcazın da sadəliyi və mürəkkəbliyi var. İbtidai sinif uşağına elə məcazlar təqdim etmək lazımdır ki, onu anlasın”.


“Soyadımı başqa cür təqdim edirəm”

Rafiq İsmayılov dərsliklərə hər hansı şer və mətn salınanda müəlliflərin statusunun nəzərə alınmadını vurğulayıb:

“Elə şerlər var ki, mən heç onun müəllifini tanımıram. Orada Nina Rəşid, Sevinc Nuru və s... tanımadığım müəlliflər var. Elə müəlliflər də var ki, o, heç Yazıçılar Birliyinin üzvü deyil və şikayətlənirlər  ki, Qəşəm müəllim məni ora buraxmır. Qəşəm Nəcəfzadə deyir ki, dərsliklərdə şerləri olan yalnız “Altun-kitab” nəşriyyatının işçiləridir. Amma tamamilə yalnış  məlumatdır. Söz yox, mən də yazıram və buna haqqım var. Görəndə ki, uyğun mətn yoxdur, yazıram və soyadımı başqa cür təqdim etməli oluram. Deməsinlər ki, dərslik müəllifi öz əsərlərini ora salır.
 

Mənim ona ehtiyacım yoxdur. Mən naşirəm, istəsəm onları kitab halında da buraxaram, harada lazımdırsa dərc də etdirərərəm. Amma gəlin etiraf edək ki, Azərbaycan uşaq ədəbiyyatında bu gün nəşrə salınası maraqlı əsərlər çox azdır. Hər dərslik 200-220 səhifədir, mətnlər isə yetərli deyil”.


“Hansısa çobanı çağırsınlar ki, gəl sən də sözünü de...”

Rafiq İsmayılovun sözlərinə görə dərliklərlə bağlı iradlara yerində baxılır və reaksiya verilir:

“Hansısa şeri birdən-birə demək ki, bədii zövq korlanır, belə müzakirə olmur. Hər şeyin öz qaydası var. Təsəvvür edin, iqtisadi bir mövzuda iqtisadçıların gəldiyi bir görüşə hansısa bir çobanı çağırsınlar ki, gəl sən də öz sözünü de, görək sənin sürün niyə inkişaf etmir, yaxşı qazana bilmirsən. O da gəlib danışsın. Dərslikdən söhbət gələndə elə düşünürlər ki, istənilən adam dərin bir fikir söyləyə bilər. Müasit təhsilin özünün qanunauyğunluları, dünya təcrübəsi var. O ki qaldı dərsliklərə, onlar müsabiqə əsasında qəbul olunub. 8-9-cu sinif dərsliklərini də yazmışam. Amma başqalarınınki seçilib. 2004-cü ildə alternativ dərsliklər yazmışam və sübut etmişəm ki, mənim dərsliklərim daha yaxşıdır. Ona görə “Rafiq İsmayılov monopoliyanı əlinə alıb” demək doğru deyil.
 

Dərsliklərlə bağlı bizə də irad gəlir. Mətndə dil üslub baxımdan qüsurlar ola bilər, hansısa söz yerində işlənməyə bilər. Yaxud hansısa tapşırığın şərtində problem ola bilər. Bunları düzəltmək olar. Yetər ki, hər bir dərsliyin sağlam konsepsiyası olsun və nəyə xidmət etməsi aydın olsun”. 


“Qəşəm Nəcəfzadə maraqlı şer yazsa, dərsliyə salarıq...”

Rafiq İsmayılov Qəşəm Nəcəfzadənin Azərbaycan dilini mükəmməl bilməməsi ilə bağlı söylədiyi fikrə də münasibət bildirib:

“Azərbaycan məktəbini bitirmişəm. 5 il Moskvada təhsil alandan sonra ölkəyə qayıdıb Azərbaycan dilində aspiranturanı bitirmişəm. Ədəbiyyat institutunun elmi katibi olmuşam. 30 ilə yaxındır ki, 500-dən çox kitabın müəllifiyəm. Bundan artıq nə etməliyəm ki, dərslik yazmağa haqqım olsun? Mənim Qəşəm Nəcəfzadəyə elə bir kin-küdurətim yoxdur. Əgər maraqlı bir şer yazarsa və o şerlər nəzərdə tutduğumuz mövzuya, parametrə uyğun gələrsə, niyə də dərsliyə salmayaq?”

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO