Bu tarixdə Cəlilabadda ilk dəfə Çiyələk festivalı keçiriləcək – Tədbirə kimlər gedə bilər?

Bu tarixdə Cəlilabadda ilk dəfə Çiyələk festivalı keçiriləcək – Tədbirə kimlər gedə bilər?

Hazırda oxunan: Bu tarixdə Cəlilabadda ilk dəfə Çiyələk festivalı keçiriləcək – Tədbirə kimlər gedə bilər?

75124

Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq Cəlilabad rayonunda çiyələk festivalı keçiriləcək.

Bu haqda Bizim.Media-nın Cənub bürosuna  rayon icra hakimiyyətindən bildirlib.

Festival 29 may 2022-ci il tarixdə saat 11:00-da Cəlilabad şəhəri Heydər Əliyev Seyrəngahında start götürəcək. Festivalda rayonda istehsal və ixrac edilən çiyələk sortları nümayiş olunacaq.

Eyni zamanda tədbirdə kənd təsərrüfatı şirkətlərinin çıxışları, yerli brendlər və regionun tanınmış restoranları ilə tanışlıq, yerli yeməklərin dadına baxma, əyləncə proqramı, VKV veteranları ilə görüş, aşbazların ustad dərsləri və ənənə halına çevrilən çiyələk məhsulları təqdim ediləcək. Əyləncəli təşkil olunan tədbiri bütün ölkə vətəndaşları dəvətlidir.

Qeyd edək ki, bu haqda təklif Cəlilabadda çiyələk istehsalı və ixracının təşkili ilə bağlı fermerlərlə keçirilən görüş zamanı irəli sürülüb və rayon rəhbərliyi tərəfindən təqdir olunub. 
Görüşdə qeyd olunub ki, bu il Cəlilabadda 607 hektar sahədə çiyələk becərilib. 20 min ton məhsul əldə olunacağı proqnozlaşdırılıb. İstehsal olunmuş məhsulun 5 min tonunun ixrac olunması nəzərdə tutulub. 

Eyni zamanda çiyələkdən cem və kampot məhsullarının istehsalı, çiyələyin “Freeze dry” texnologiyası ilə məhsulun alınması müəssisələrinin yaradılması sahibkarlarla müzakirə edilib.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov qeyd edib ki, keçən il ixrac olunmuş 4 min 18 ton çiyələkdən ölkəyə 7 milyon ABŞ dollarından çox valyuta daxil olub. Amma Cəlilabadın potensialı bundan dəfələrlə üstündür. 
Bu göstəriciləri daha da yüksəltmək üçün görüşdə fermerlərin fikirləri alınıb və konstruktiv qərarlar qəbul olunub.

May ayının 29-da təşkil olunacaq Çiyələk festivalı da istehsalın və məhsuldarlığın stimullaşdırılması üçün nəzərdə tutulub.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO