Xəbər verdiyimiz kimi 14 may 2022-ci il tarixdə bir qrup şəxs Səbail rayonu ərazisindəki “Fəvvarələr meydanı”nda müvafiq dövlət qurumları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd etdi. Bununla bağlı Daxili İşlər Nazirliyi həmin gün məlumat yayıb. Məlumatda deyilir ki, “Bu aksiyanın Azərbaycan Respublikasının "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanununa zidd keçirilməsinə baxmayaraq polis əməkdaşları tərəfindən aksiyaya müdaxilə edilməyib, əksinə iştirakçıların təhlükəsizliyi təmin olunub və aksiyanın yekununda müvafiq bəyanat səsləndirilib. Aksiya zamanı hər hansı insident qeydə alınmayıb və saxlanılan olmayıb”.
Bununla belə bəzi Qərb dövlətləri öz qərəzli mövqelərini sərgiləməkdən çəkinmədi.
ABŞ və Böyük Britaniya nədən narazıdır?
Bununla belə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi 14 may “aksiyası” ilə bağlı Facebook səhifəsində məlumat yerləşdirib. Bunun ardınca mayın 17-də ABŞ Dövlət Departamenti məlumat yayıb. Bir-birini təkrarlayan məlumatlarda deyilir ki, guya ki, Azərbaycanda insanların fikirlərini ifadə etmək və dinc şəkildə toplaşmaq azadlıqlarının həyata keçirməsi hüquqları məhdudlaşdırılır. Ona görə də höküməti KİV-in təhlükəsizliyini təmin etməyə və jurnalistlərin öz işlərini zorakılıq, təhdid və ya bilavasitə saxlanılmaqdan qorxmadan yerinə yetirmək imkanını qorumağa çağırırlar.
MÖVZU İLƏ BAĞLI:
DİN-dən Bakıdakı qanunsuz aksiya ilə bağlı RƏSMİ AÇIQLAMA
Qəribə vəziyyətdir. 14 mayda heç bir insident baş vermədi, bir nəfər də olsun polis tərəfindən saxlanılmadı.
Bir dəstə adam “Fəvvarələr meydanı”da bir-iki saat səs-küy salıb sonra da dağılışıb getdi. Hətta onlar “aksiya”nın yekununda müvafiq bəyanatlarını da səsləndirdilər. Amma bəzi dövlətlər adətləri üzrə yenə də “qaşınmayan yerdən qan çıxartmağa” çalışırlar.
Təbii ki, hər iki dövlətin bəyanatı Azərbaycanda vətəndaş cəmiyyətin formalaşmasına yardım məqsədi güdmür. Bu tip bəyanatlar ölkəmizə qarşı açıq təzyiq vasitəsidir. Regionda konkret güc mərkəzinə çevirilən Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu Qərbdəki bəzi qüvvələri çox ciddi narahat edir. Çünki, Azərbycanın beynəlxalq aləmdə baş verən məsələlərə ədalətli, obyektiv və prinsipial mövqe sərgiləməsi heç də bəzi dövlətlərin ürəyincə deyil. Bu dövlətlər özlərini dünyanın ağası kimi aparmaqları bir yana digər dövlətləri də hər zaman özlərinin səhv-düz siyasətlərini dəstəkləməyə məcbur edirlər.
Qarşılarına ədalətli və prinsipial mövqe ilə çıxan dövlətlərə isə insan haqlarının pozulması, fikir azadlıqlarının məhdudlaşdırılması və digər absurd metodlarla təzyiq edirlər. Elə ABŞ və Böyük Britaniyanın son mövqeyi də buna xidmət edir.
14 mayda nə baş verdi?
14 mayda bir qrup “ictimai fəal” Azərbaycanda guya ki, hansısa ictimai-siyasi xadimlərə qarşı artan fiziki zorakılıq və təhdidlərə etiraz etdilər. Amma özlərini haqq-ədalət müdafiəçisi kimi göstərmək istəyən bu “fəallar” qanunun aliliyini ayaqlar altına atdılar. Keçirəcəkləri aksiya ilə bağlı heç bir dövlət və yerli quruma məlumat vermədilər. Və aksiyanın keçirildiyi müddətdə dövlət orqanlarında çalışan bəzi şəxslərin, xüsusilə də polislərin ünvanına ən ağır təhqirlər belə səsləndirdilər. Bütün bunlara rəğmən heç kim xəsarət almadan, təzyiqə məruz qalmadan “işlərini” başa vurdular.
Hələ onu demirik ki, aksiyaya gələnlərin sosial tərkibi də çox əcaib idi. İştirakçılar arasında daha çox LGBT tərəfdarları cəmləşmişdi. Və onlar “qürurla” öz bayraqlarını meydana gətirdilər. Onların nə istədiklərini isə heç kim bilmədi.
Təbii ki, bu və digər faktlar onu göstərir ki, 14 mayda bir qrup qrant ovçusu xaricdən daha çox yardım almaq üçün küçəyə çıxdılar. Onların nə dediyi və nə tələb etdikləri məlum deyildi. Tək məlum olan o idi ki, təşkilatçılar xaricdən yaxşı təlimat və maddi dəstək almışdılar ki, Azərbaycandakı ictimai-siyasi sabitliyə xələl gətirsinlər. Və dünən səsləndirilən bəyanatlar da bunun əyani göstəricisidir.
Surxay Atakişiyev, Bizim.Media