Dövlət Gömrük Komitəsinin Akademiyasında Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqerlə görüş keçirilib.
Bizim.Media xəbər verir ki, ABŞ səfirliyinin dəstəyi ilə Dövlət Gömrük Komitəsinin Akademiyasında qurulan linqafon kabinetinin açılışı münasibətilə təşkil olunan görüşdə Dövlət Gömrük Komitəsinin və Akademiyanın rəhbərliyi, əməkdaşları, ABŞ-nin Azərbaycandakı səfiri Li Litzenberqer və səfirliyin nümayəndə heyəti iştirak ediblər.
MÖVZU İLƏ BAĞLI:
ABŞ səfiri Gömrük Komitəsinə verilən avadanlıqlara baxdı - FOTO
Dövlət Gömrük Komitəsinin sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov qonaqları salamlayaraq onları Dövlət Gömrük Komitəsinin Akademiyasında görməkdən məmnun olduğunu bildirib.
Sədr müavini səfirə gömrük işinin təşkili istiqamətində iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək, təhsil sahəsində əməkdaşlığın önəmini xüsusi olaraq qeyd edib.
Daha sonra Cavad Qasımov linqafon kabinetinin açılışının vacib perspektivindən söz açaraq bu addımın həm tələbələrin, həm də gömrük xidməti əməkdaşlarının inkişafı baxımından uğurlu addım olduğunu vurğulayıb.
O, linqafon kabinetinin qurulmasında, onun müvafiq tədris resursları ilə təmin olunmasında köməklik göstərildiyi üçün Dövlət Gömrük Komitəsinin və Akademiyanın rəhbərliyi adından səfirə və ABŞ hökümətinə öz təşəkkürünü bildirib.
Dövlət Gömrük Komitəsinin Akademiyasında olmaqdan məmnunluğunu bildirən səfir, səmimi qonaqpərvərliyə, həmçinin olduqca maraqlı və geniş təqdimata görə öz təşəkkürünü bildirib. Akademiyanın fəaliyyətini yüksək qiymətləndirən səfir ABŞ və Azərbaycan arasında ali təhsil, təlim-tədris sahəsində ikitərəfli əməkdaşlığın önəmini qeyd edərək, gömrük sahəsində bilik və bacarıqların artırılması istiqamətində əməkdaşlığın inkişaf etdirilməsinin önəmli və vacib məsələ olduğunu vurğulayıb.
Daha sonra Akademiya tərəfindən səfirə ənənəvi simvolik hədiyyələr təqdim olunub.
Görüşün rəsmi hissəsindən sonra səfir Akademiyada yeni yaradılan linqafon kabineti, müasir texniki nəzarət vasitələri ilə təmin olunmuş auditoriyalarla tanış olub, ingilis dili fənlərinin tədris prosesini izləyərək tələbələrlə yaxından ünsiyyət qurub.
Bizim.Media