“Ali təhsil müəssisələrinə qəbul ölkədə çox ciddi problemlər yaradır. DİM-in qəbul qaydaları çox sərtdir və dünyanın heç bir ölkəsi ilə müqayisə olunmayacaq qədər məntiqsizdir. Məsələn, Azərbaycan gənci dünyada yeganə gəncdir ki, hər 100-ündən 95%-i ali məktəblərə sırf ali məktəbə qəbul olmaq üçün sənəd verir və yaxud arzuladığı ixtisasa düşə bilmir. Uzun müddətdir, biz təklif edirik ki, qrup imtahanları ixtisas imtahanları ilə əvəz olunsun. Buna görə də hesab edirəm ki, təcili Ali Təhsil haqqında da qanun qəbul edilməlidir”.
Bu fikirləri Bizim.Media-ya danışan təhsil eksperti Elşən Qafarov səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Ümumi təhsil müəssisələrinin təsnifatı dəyişir - SİYAHI
Təhsil eksperti Dövlət İmtahan Mərkəzinin yerinə daha səmərəli alternativ qurumun yaradılması vacibiyyətini irəli sürüb:
“DİM-in həm imtahan keçirən, həm də test materiallarını hazırlayan, həm də xüsusi vəsaitləri olan qurum olması onu göstərir ki, DİM Təhsil Nazirliyinə alternativ orqandır. Dövlətin təhsil siyasətini həyata keçirən mərkəzi icra orqan isə yalnız Təhsil Nazirliyidir. DİM imtahanları keçirən texniki qurumdur. Ona görə testin hazırlanması DİM-in öhdəçiliyindən alınmalı, ya Nazirlər Kabineti yanında, ya da Prezident yanında Testologiya institutu yaradılmalı və ona verilməlidir. Testlər bu institut tərəfindən hazırlanmalı və hər il abituriyentlərin bilik-bacarıqlarına uyğun müəyyən edilməlidir. Bunu müəyyən etmək üçün isə Təhsil Nazirliyi və Testologiya mərkəzi milli və diaqnostik qiymətləndirmələrdə iştirak etməlidir. DİM isə sınaq imtahanları ilə abituriyentlərin bilik səviyyəsini nisbi müəyyən edə bilməlidir. Bu zaman imtahanlar bu qədər çətin olmaz. Kolleclər ləğv olunmalı və ali təhsilin strukturu dəyişilməlidir. Ali təhsil dörd mərhələli olmalıdır. Subbakalavr, bakalavr, magistr, doktorantura”.
Elşən Qafarov nəzərə çatdırır ki, Azərbaycan ali təhsillilərinin sayına görə çox aşağı səviyyədədir, keçmiş MDB ölkələri arasında ən axırıncı sıralarda yer alır. Hər 100 nəfərdən sadəcə 17-si ali təhsilli şəxsdir.
“Mən düşünmürəm ki, ali məktəblərə kütləvi axın var. Ölkədə hər il sadəcə tam ali təhsilə qəbul üçün 90 min qəbul olur, onlardan isə sadəcə 54 mini sənəd verir. İnsanların ali təhsil alması üçün yol açılmalıdır. Azərbaycan kimi iqtisadi cəhətdən potensiallı dövlət üçün bu çox aşağı göstəricidir”.
Ekspert insanların ali təhsil müəssisələrinə qəbulu asanlaşdırılması tərəfdarıdır:
“Bizim ali təhsil müəssisələrimizdə hələ də həmin 20-30 il əvvəlki saralmış vərəqlərdən mühazirələr oxunur. Biz həm nəzəri, həm də praktiki biliklərə sahib kadrlar hazırlamaq istəyiriksə də, hələ də yalnız nəzəri biliklərə sahib kadrlar hazırlayırıq, əgər onu da hazırlaya biliriksə.
Düzgün kadrlar hazırlamaq üçün əmək bazarını öyrənməliyik. Əmək bazarına həm də ictimai institutlar cəlb olunmalıdır. Əmək bazarında tələb olunan kadrlar hazırlanmalıdır. Mənim şəxsi qənaətim belədir ki, qəbul asanlaşdırılmalı, ali təhsil ocaqlarında isə tədrisə məsuliyyət artırılmalıdır. Qoy, yüz nəfər bir ixtisas üzrə daxil olsun, amma 4 ilin yekununda ələnərək 15-20 faiz diplom ala bilsin. Bu zaman diplom almaq üçün yalandan vaxt keçirməyə gələnlər sonrakı illərdə sənəd vermiyəcəklər. Amma əvəzində müəyyən estetik və təfəkkür dəyişməsinə məruz qalacaqlar”.
Ekspert bildirib ki, bunla parallel təhsilin stimullaşdırılması üçün pedaqoji kadrların peşəkarlığının artırılması ilə bağlı da işlər görülməlidir:
“Təəssüf ki, son illərdə əlavə təhsil məhv edilib. Əlavə təhsil mütləq bərpa olunmalıdır. Əlavə təhsilə cəlb olunan pedaqoqların əməyi stimullaşdırılmalıdır.
Differensiallaşdırılmış əmək haqqı sistemi tətbiq olunması, yəni hər bir müəllimə əldə etdiyi nailiyyətlərə görə əmək haqqının verilməsi çox vacib şərtdir. Bunun üçün isə müəllimlər sertifikasiya olunmalıdır. Bu qərar iki ildir qəbul olunub, lakin heç bir sertifikasiya prosesi həyata keçirilməliyib. Ola bilər ki, pandemiyaya görə olsun, lakin mütləq müəllimlər sertifikasiya olunmalıdırlar. Yararlı müəllimlər sistemdə qalmalı və mütəmadiyən əlavə təhsilə cəlb olunmalıdırlar”.
Mia Quliyeva, Bizim.Media