Azərbaycandan olan zəvvarların Həcc ziyarətinə icazə verilib.
Bu barədə Bizim.Media-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Həcc ziyarəti şöbəsinin müdiri Hacı Azad Bağırov bildirib. Onun sözlərinə görə Qurban bayramından 10 gün əvvəl (iyun ayının sonu) Azərbaycandan Kəbəyə Həcc ziyarəti təşkil olunacaq. QMİ rəsmisi Həcc ziyarətinin qiymətindəki dəyişikliklə bağlı məlumatsız olduğunu bildirib:
MÖVZU İLƏ BAĞLI:
Ümrə ziyarəti neçəyə başa gəlir? – MƏBLƏĞ
“Qiymət barədə məlumat təxminən bir həftə sonra müəyyənləşib, açıqlanacaq”.
Xatırladaq ki, pandemiya səbəbindən 2020-2021-ci illərdə Həcc ziyarəti baş tutmayıb. 2019-cu ildə Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edib. Qiymətə təyyarə biletləri, otel xərcləri, gündəlik yemək və nəqliyyat daxil idi.
Qeyd edək ki, Ramazan ayından etibarən COVID-19-a qarşı peyvənd olunmuş, yaxud koronavirusa yoluxaraq sağalmış müsəlmanlara Ümrə ziyarətinə icazə verilib.
Bu barədə Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyinin COVID-19-la bağlı yaydığı yeni açıqlamasında bildirilib. Bu şərtlərə uyğun gələn zəvvarlar Məkkəyə qəbul ediləcək və ibadətlərini gerçəkləşdirə biləcəklər. Bu şərtlər Mədinədə Məhəmməd peyğəmbərin məscidinə ziyarətlərə şamil olunur.
Alçina Amilqızı, Bizim.Media