İsmail Ələkbərov:

İsmail Ələkbərov: "Kanada arxa cəbhəsində böyük işlər görmüş soydaşlarımızın əməyinə qiymət verilmədi"

Hazırda oxunan: İsmail Ələkbərov: "Kanada arxa cəbhəsində böyük işlər görmüş soydaşlarımızın əməyinə qiymət verilmədi"

7327

“Diaspora Komitəsi tərəfindən mənə verilən təşəkkürnamədən imtina edirəm.... Yarı ağlamalıdır, yarı gülməli, amma bir xalq olaraq dərs alıb nəticə çıxarmalı olduğumuz vacib məsələlərdən biri...”

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün "facebook" səhifəsində Azərbaycanın Kanadadakı diasporunun fəal liderlərindən olan İsmayıl Ələkbərov bölüşüb.

İsmail Ələkbərovun fikirləri sosial şəbəkədə geniş müzakirəyə səbəb olduğundan və Azərbaycanın xaricdə yaşayan soydaşlarımızla işinə töhfə olacağını düşünərək, onun fikirlərini ixtisarla təqdim edirik.

İsmail Ələkbərov öz sosial şəbəkə hesabında yazır ki, “Mən canımdan artıq sevdiyim Azərbaycan adına gördüyüm işləri təşəkkürnamə və ya medal almaq üçün etmirəm... Səbəblərini aşağıda ətraflı şəkildə açıqlayıram:

İlk öncə, Kanadada Vətən Müharibəsi dövründə əldə edilmiş uğurların qısa xülasəsini təqdim edim:

1. Kanada Senatında Azərbaycanın "təcavüzkar" kimi tanınması və qondarma Arsaxın müstəqilliyinin tanınması ilə bağlı qətnamənin gündəmə gəlməsinin 3 dəfə bloklanmasına nail olduq, sonda səsverməyə çıxarılsa da, apardığımız uğurlu lobbiçilik işinin nəticəsi olaraq, 53 senatorun əleyhinə və cəmi 13 senatorun leyhinə ses verməsi ilə bu qətnamə darmadağın edildi.

Kanadada yüz ildir ki əsası qoyulan erməni mifi göyə sovruldu.

Onlarla senatorla sıx işbirliyinə nail olundu, görüşlər keçirildi, görüşlərdən sonra birgə fəaliyyət sayəsində onların ədalətli mövqe nümayiş etdirilməsi əldə olundu. ... böyük bir prosesin yalnız başlanğıcıdır və Kanadadakı icmamız daim bu senatorlarla birgə iş həyata keçirəcəkdir ki, artıq əsasını qoymuşuq. İcmamızda motivasiya olmasa, bu işimiz havaya sovrulmuş kimi olacaq.
 


Diaspora Komitəsinin son təltifləri isə məhz icmamızda demotivasiya meyllərini gücləndirmişdir. Yuxarıda qeyd etdiyim qətnamə qəbul edilsəydi, ölkəmizin beynəlxalq nüfuzuna böyük zərbə olacaqdı.


Çünki, qondarma rejimin tanınması bir yana, ölkəmizi "təcavüzkar" kimi tanıyan (özü də Kanada kimi dünyada nüfuza malik böyük dövlətin Senatı tərəfindən) və Azərbaycanın xarici siyasətinə və beynəlxalq nüfuzuna zərbə vura bilən mənfi bir siyasi qərar olacaqdı.

2. Kanadanın ermənipərəst Xarici İşlər Naziri Fransua Filip Şampeyn ilə tarixi görüşümüz oldu. Dünya siyasi arenasında öz sözü olan, təsir dairəsi olan bir Şimali Amerika siyasətçisi neytrallaşdırıldı. ... Bu isə, Kanadada 100 il ərzində təşəkkül tapan, bu ölkənin siyasi həyatına çox böyük nüfuzu olan, həmin nazirlə yaxın təmaslarda olan erməni diasporasında mənfi rezonans doğurdu və bu günə qədər Xarici İşlər Naziri Şampeyn ermənilərin təpkisi ilə üzləşir. Bu görüşün əldə edilməsinə çoxminlik diaspora ordumuz cəlb olundu...

3. 6 millyon əhalisi olan Torontonun meri və Kanadanın ən tanınmış siyasi fiqurlarından biri olan Con Tori Vətən Müharibəmiz davam edən günlərdə ermənilərə dəstək-yönlü bəyanat vermişdi. Bunu ona erməni diasporası məcbur etmişdi. Bizim onunla görüş istəyimiz həftələrlə cavabsız qaldı, lakin qarşısında baş əydiyim - Kanada Azərbaycanlıları - minlərlə soydaşımız Torinin ofisini ... informasiya atəşinə tutdular və bu siyasətçi bizimlə də görüşəsi oldu. Ona həyatı başa saldıq, bizim icmamızın hissiyatına toxunduğuna görə bütün Azərbaycan icmasından üzr istədi və bundan sonra bu tipli birtərəfli, qərəzli, ermənipərəst bəyanatlardan çəkinəcəyinə söz verdi. Hələlik sözünə əməl edir...

4. Kanadanın hakimiyyətdə olan Liberallar Partiyasının rəhbərliyi, həmçinin, Konservatorlar partiyasının liderləri ilə silsilə görüşlərimiz oldu və böyük sayda qatı ermənipərəst siyasətçilərin neytrallaşdırılmasına nail olduq. ...

5. Kanadanın bir neçə naziri ilə görüşlərimiz oldu, bu nazirləri Azərbaycanın dəstəkçilərinə çevirə bildik, müharibə dövründə haqq səsimizi çatdırdıq, böyük siyasi nüfuza malik bu nazirlər Kanadada hakimiyyətdə olan kabinetdə Azərbaycana qarşı olan mövqelərin neytrallaşdırılmasına nail olmaqda bizə kömək etdilər...
 



6. Kanada Parlamentinin 300-dən artıq Üzvü vardır və bunların bir çoxu ilə görüşlərimiz oldu. Bu gün də onların hər biri ilə fəal iş aparırıq. Bu parlamentarilərin gələcək seçki kampaniyalarında fəal iştirak edəcəyik...

 

7. Müharibə başlayan kimi, Kanada televiziyaları, media qurumları ermənilərin propaqandası altında Azərbaycana qarşı müsahibələr, məqalələr, verilişlər verməyə başladı. Kanadada yaşayan həmvətənlərimiz bir nəfər kimi səfərbər oldu. Hələ müharibənin ilk günlərində bütün qlobal media resursları ermənipərəst informasiyalar verirdi. ... Kanadanın CTV, CBC, CP24, Toronto Stars kimi televiziyaları və media qurumları əvvəl-əvvəl qərəzli materiallar versə də, ciddi təpkilərimiz sayəsində ölkəmizin haqq səsinin geniş Kanada ictimaiyyətinə çatdırılmasına balansa nail ola bildik. Qeyd edim ki, bu proses asan başa gəlmədi. Hətta CBC telekanalının Ombudsmanına belə gedib çıxdıq, rəsmi şikayət məktubumuza baxıldı və bu telekanalda çalışan erməni əsilli jurnalistlərə ciddi qulaqburması verildi. ...

8. Kanada Azərbaycanlılarının sosial şəbəkə aktivliyi barədə isə hamınız bilirsiniz. ... Kanada Azərbaycanlıların Tvitterdə aktivliyi dünyanın top 3 ölkəsindən (Kanada, ABŞ, Türkiyə) biri oldu;

9. Kanada Azərbaycanlıları bu ölkədə möhtəşəm yürüşlər, mitinqlər keçirdi - Torontonun mərkəzi meydanında tarixdə görünməmiş sayda, 5 mindən artıq soydaşımızın iştirakı ilə, o cümlədən, Ottavada Parlament və Senat qarşısında, Vankuver, Edmonton, Montreal, Kalqari kimi iri şəhərlərdə izdihamlı yürüşlər keçirildi və Azərbaycan həqiqətləri Kanada ictimaiyyətinə çatdırıldı.

Bundan savayı, hər birinin qarşısında baş əydiyim soydaşlarım Kanadanın böyük şəhərlərinin mərkəzi küçələrində Müqəddəs bayrağımızla böyük maşın karvanları, mərkəzi meydanlarda ermənilərin raket zərbələrindən həlak olan dinc əhalimizin xatirəsinə aksiyalar, kreativ sərgilər keçirdilər, stendlər nümayiş etdirdilər. Bütün bu proses böyük bir icmamız tərəfindən ciddi koordinasiya edilmiş şəkildə həyata keçirilirdi və çox böyük effekti də olurdu.

Lakin!..
 

Bir neçə gün öncə Diaspora Komitəsi 51 ölkədən 500 diaspora üzvünün qatıldığı ZOOM konfransı keçirdi və mən də tədbirdə iştirak etdim. Mən də daxil olmaqla, Kanadada yaşayan minlərlə icma üzvümüz çox üzüldü, çox sarsıldı.


Vətən Müharibəsində Kanada arxa cəbhəsində böyük işlər görmüş minlərlə soydaşımızın əməyinə qiymət verilmədi.

Kanadada yaşayan soydaşlarımız Azərbaycanın övladlarıdır və övlad öz anası üçün hər nə edirsə, bu onun övladlıq borcudur və övladın valideyn qarşısında etdiklərində təmənna ola bilməz. Şəxsən mənim düşüncəm belədir ki, hansı işləri görsək də, torpaqlarımızı canı-qanı bahasına azad etmiş şəhidlərimizin və qazilərimizin çəkməsinin tozu belə ola bilməz!

Lakin Kanadadakı soydaşlarımızın fədakarlığı sayəsində Azərbaycan diasporası tarixində çox əlamətdar uğurların əldə edilməsinin Diaspora Komitəsinin 51 ölkədən 92 nəfərə medal təltifindən kənarda qalmasına göz yummaq, bu ədalətsizliyi qəbul etmək olardı. Ona görə də, mənim üçün nə qədər çətin olsa da, bir çox insanlarla, dostlarla körpüləri yandırmaq bahasına başa gəlsə də, Tanrıma mənə cəsarət hissini verəndə əsirgəmədiyinə görə şükür edərək, bu yazını yazıram və etirazımı bildirirəm.

Bu etirazı təkcə öz adımdan deyil, Kanadada yaşayan 50 min nəfərdən artıq güneyli qüzeyli soydaşlarımızın adından yazıram.

Diaspora Komitəsi bu konfransda Kanadada yaşayan Esmira Əsədova adlı xanımı medal ilə təltif etdi. Bu xanım Vətən Müharibəsində minlərlə soydaşımızın apardığı mücadiləsində yoxa çıxmışdı, əlini daşın altına qoymamışdı, amma medal təltifində meydana çıxdı. Axı nəyə görə? Niyə belə edirsiniz axı? Vətən Müharibəsində Kanadada yuxarıda sadaladığım uğurların əldə edilməsində müstəsna xidmətləri olan, hər birinin qarşısında baş əydiyim onlarla soydaşımız qaldı bir yana, bu işlərə ümumiyyətlə qatılmayan bir şəxsə isə dünyanın 51 ölkəsindən olan həmvətənlərimizin gözü qarşısında nümayişkəranə şəkildə Diaspora Komitəsi tərəfindən təşəkkür bildirilir, ona medal verilir. ...

Bu azmış kimi, bir neçə nəfərimizin çıxışa yazılmasına baxmayaraq, Kanadadan heç kimə söz də verilmədi.

Komitə ilə bu məsələni müzakirə edənbə bizə bildirildi ki, Kanadadan medal alan bu xanım 30 il əvvəl hansısa töhfələrinə görə təltif edilir. Vətən Müharibəsində əlini daşın altına qoymayan bir şəxsə medal vermək gecə-gündüz bilmədən, öz bizneslərini, işlərini dondurub 24 saat iş rejimində Azərbaycan həqiqətlərinin, haqq səsinin Kanadada lazımınca çatdırılması istiqamətində fədakarcasına çalışan minlərlə insana qarşı həqarət demək deyilmi?

Bu sözlər mənim dilimdən yazılsa da, Kanadada yaşayan soydaşlarımızın mütləq əksəriyyətinin fikrini ifadə edir.

Mən Azərbaycan adına gördüyüm işləri medal, ödül almaq üçün etmirəm. Bu, mənim vətəndaşlıq borcumdur. Məncə hər bir həmvətənim bu fikrimi paylaşır. Bu yazını da medala layiq görülmədiyim üçün yazmıram. Medal və təşəkkürnamələrə haqqı çatan çoxlu sayda insanlarımız var, onlara görə yazıram”.

Diasporla İş üzrə Dövlət Komitəsinin məsələyə münasibət və mövqeyini açıqlamağa hazırıq.

Bizim.Media






 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO