Tarixdə iz buraxanlar - Gəncə xanı Cavad xan 

Tarixdə iz buraxanlar - Gəncə xanı Cavad xan 

Hazırda oxunan: Tarixdə iz buraxanlar - Gəncə xanı Cavad xan 

7293

Gəncə xanı 1804-cü ildə yanvarın 3-dən 4-nə keçən gecə rus general Pavel Sisianovun işğalçı qoşunları ilə döyüşdə qəhrəmancasına həlak olub.

Bizim.Media Cavad xan haqqında maraqlı məlumatların bəzilərini təqdim edir:

Cavad xan XVI əsrdən Gəncədə hökmranlıq edən Ziyadoğlular nəslindəndir. Ziyadoğlular Qızılbaş tayfalarından olan Qacarların bir qoludur.

Onun həyat yoldaşlarından biri Şəki xanının(Məhəmmədhəsən xanın)bacısı olsa da, biri də sadə kəndli qız idi. (Şükufə)

Cavad xan bir neçə il gürcü çarına(İrakli)10 min manat həcmində vergi ödəyirdi. Deyilənə görə, onun hakimiyyətə gəlməsində İraklinin köməyi olub. Borçalı və Şəmşədil mahallarını gürcülərə bağışlasa da, sonradan Şəmşədili azad edə bilib.

Rus qoşunlarının hücumu ilə bağlı Cavad xanın digər xanlıqlarımızdan kömək müraciəti cavabsız qalır. Bunu Qacar şahı Fətəlinin qorxaqlığı ilə izah edirlər.

Mühasirədə olan Gəncənin su borularına ermənilər mal-qara qanı axıdırdı ki, əhali xəstəlik tapsın, əldən düşsün, ölsün. Məcbur bu sudan içən insanlar arasında xəstəliklər tüğyan edirdi. Buna rəğmən Sisianovun "təslim ol" şərtlərinə Cavad xan cavab vermişdi ki, "Şəhəri verməyə gəlincə, bu niyyətindən çəkin, çünki bu olan iş deyil.

Sən Gəncəyə yalnız mənim meyitimin üzərindən girə bilərsən. Başa düşürsənmi? Ancaq mən öləndən sonra, başqa heç cür."

Sisianovla döyüş Nizami Gəncəvinin məqbərəsi yaxınlığında baş verib.

"Gəncə qapı"larını rusların üzünə açan da ermənilər olub. Rus tarixçisi Dubrovinin qeydlərində deyilir ki, "Şəhərin bir yerində qan lap sel kimi axırdı. 500-ə qədər tatar məsciddə gizlənmişdi... Bir nəfər erməni bizim əsgərlərə xəbər çatdırdı ki, onların içində bir neçə Dağıstan ləzgisi var. Ləzgi adının dilə gətirilməsilə məsciddə olanların ölümünə işarə verildi".

Cavad xan Gəncədə I Şah Abbasın(1588-1629)tikdirdiyi Cümə məscidində dəfn olunub.

Sonda qeyd edək ki, Cavad xanın oğlu Uğurlu xan 1826-cı ilin iyulunda Gəncəni yenidən ələ keçirmiş, lakin sentyabrın 13-də baş verən döyüşdə əsir düşərək Stavropola sürgün olunub. Həmin döyüşdə ruslar 1500-dən çox gəncəlini şəhid edib.

Uğurlu xan ruslara qarşı Birinci Gəncə üsyanının başçısı kimi Azərbaycan tarixinə adını əbədi həkk etdirib.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO