Razi Nurullayevdən QHT-lərlə bağlı 5 TƏKLİF 

Razi Nurullayevdən QHT-lərlə bağlı 5 TƏKLİF 

Hazırda oxunan: Razi Nurullayevdən QHT-lərlə bağlı 5 TƏKLİF 

72892

“Bütün dünyada insan alveri, zorakılıq və buna bənzər cinayətlərin qurbanlarına xidməti, əsasən, qeyri-kommersiya təşkilatları həyata keçirir. Bizdə də qismən belədir”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Razi Nurullayev Milli Məclisin bu gün keçirilən iclasında səsləndirib. 

Deputat qeyd edib ki, dövlət tərəfindən göstərilən kömək kifayət deyil:  

"Qeyri-kommersiya, yəni qeyri-hökumət təşkilatlarına daha çox vəsait və resurslar verilməlidir. Azərbaycanda insan alveri, zorakılıq sahəsində fəaliyyət göstərən və DİN-in də əməkdaşlıq etdiyi təşkilatlar var. Sağ olun ki, onlara kömək edirsiniz. Bu təşkilatların xeyli problemləri var və onlar dövlət səviyyəsində həll edilməlidir". 
 

MÖVZU İLƏ BAĞLI:

“Bizdə ailə dəyərləri olmasa, pensiyaçılar aptekin qarşısında, küçədə ölərlər” – Razi Nurullayev 


Millət vəkili sözügedən məsələdə bir sıra problemli nüansları da diqqətə çatdırıb: 

"Birincisi, bu təşkilatlara infrastrukturu olan sığınacaqlar niyə dövlət tərəfindən təmin edilməməsi. QHT-nin gəliri var ki, ayda bir neçə min manat kirayə pulu versin? Məcbur olub, bir yerdən o biri yerə köç edirlər, bu da xidmətin keyfiyyətinin aşağı düşməsinə və qurbanların ikinci dəfə didərgin düşməsinə səbəb olur. 

İkincisi, bu təşkilatların kommunal xərcləri dövlət hesabına qarşılansa, məqbuldur. Bu təşkilatlar pul qazanmır, dövlətin çəkməli olduğu yükü çəkir. Biz bunlardan hüquqi şəxs kimi kommunal xərclər istəyirik və onların bunu vermək imkanları yoxdur. Bu məsələ müzakirə edilib həll yolu tapılmalıdır. 

Üçüncü, Komitə iclasında QHT nümayəndələri dedilər ki, qurbanların tibbi sığorta ilə bağlı ciddi problemi var. Bu məsələ qanunvericilik səviyyəsində həllini tapmalıdır və biz “Sığorta haqqında qanun”a “insan alveri, zorakılıq qurbanları” sözlərini də əlavə etməliyik ki, bu şəxslər tibbi sığortadan yararlana bilsinlər.

Bu məsələ ilə bağlı iki ay öncə İcbari-Tibbi Sığorta Agentliyinin sədri hörmətli Zaur Əliyevlə danışmışam və məsələyə isti yanaşıb və köməklik göstəyməyə çalışırlar. Amma, bu xahişlə olmur, gərək qanun bunu təsbit etsin. 

Dördüncü, sığınacaqlarda reabilitasiya olunan qurbanların cəmiyyətə reinteqrasiyasında ciddi problemlər var. Onlara peşələr öyrədilir, amma daha yüksək səviyyədə qurulmasına ehtiyac var. Əlavə olaraq, qurban sığınacaqı tərk edəndə konkret iş yerinə yönəldilməlidir. İş yeri isə 300-400 manat olanda, o şəxs reinteqrasiyadan imtina edir və köhnə peşəsinə qayıdır. Bütün bunlar da ABŞ Dövlət Departamentinin illik insan alveri hesabatında əksini tapır.  

Artıq Azərbaycan üçüncü ildir ki, bu hesabatda İkinci Müşahidə Qrupunda saxlanır. Mən hesabatda irəli sürülən tövsiyələrə doğru-dürüst əməl olunmasına çağırış edirəm.

Buraya məhkum olunan insan alverçilərinə adekvat cəzaların, sərt həbs cəzaları kəsmək; məcburi əmək, uşaq alveri daxil ölkəiçi insan alveri ilə mübarizəni gücləndirmək; alver qurbanlarının yoxlanması üçün standart prosedurların qəbulu, rəsmilərə bu sahədə təlim keçmək müstəntiqlərə, prokurorlara, hakimlərə müvafiq təlim keçmək; qrafik üzrə və qəfil əmək təftişlərinə moratoriumu qaldırmaq; potensial uşaq qurbanların qorunması üçün spesifik prosedurlar qəbul edərək həyata keçirmək və sairə daxildir. 

Beşinci, Azərbaycan beynəlxalq aləmdə nüfuzunu qaldırmaq və analoji hesabatlarda yüksək yer tutmaq üçün ictimai birliklər və fondlar haqqında qanuna edilən məhdudlaşdırıcı müddəaları aradan qaldırılmalıdır.

Məhz, QHT-lərə bu məhduduiyyətlər tətbiq ediləndən, onların beynəlxalq təşkilat və fondlarla əməkdaşlığına qadağa qoyulandan sonra qabaqlayıcı tədbirlərin görülməsi xeyli aşağı düşüb. Məhz, bundan sonra əxlaqsızlıq və zorakılıq halları, erkən nigahların sayı artıb, ictimai nəzarət isə tam olaraq zəifləyib". 

Razi Nurullayev müraciətlərə operativ cavab verdiyinə, köməklik göstərdiyinə DİN-ə təşəkkürünü bildirib. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO