“Palmali Holding” Şirkətlər Qrupunun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimov İstanbulda yaşayan ziyalılar, sənət və iş dünyasının nümayəndələri, eləcə də Türkiyədə təhsil alan azərbaycanlı tələbələr üçün iftar süfrəsi açıb.
Bizim.Media xəbər verir ki, bu haqda şirkətin sözcüsü Fidan Quliyeva sosial şəbəkədə paylaşım edib:
“Masalar iki qardaş ölkə olan Azərbaycan və Türkiyə bayrağları ilə bəzədilib. İftar mərasimində Azərbaycanlı tələbələr üçün milli ab-hava yaradılıb.
Mübariz Mənsimov masaları tək-tək gəzərək iftar süfrəsinə dəvət etdiyi qonaqlarla görüşüb.
“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov tələbələrin təhsili və ehtiyacları ilə maraqlanıb. İş adamı tələbələrə kömək edə və ehtiyaclarını şəxsən öyrənə biləcəyini, gənclərin həyata keçirmək istədiyi layihələri dəstəkləyəcəyini söyləyib.
İstanbulun ən prestijli Etilər bölgəsində Azərbaycan və Türkiyə bayraqlarının cüt asılması hər kəsin diqqət mərkəzində olub.
Medianın suallarına cavab verən azərbaycanlı iş adamı gəmilərinin hazırda müharibə gedən Rusya və Ukrayna sularında üzdüyünü, taxıl, yağ və kömür daşıdıqlarını deyib.
Mübariz Mənsimov müqəddəs Ramazan ayında bütün müharibə və münaqişələrin bitməsini, insanlığın sülh, əmin-amanlıq və mehriban qonşuluq şəraitində yaşamasını arzulayıb”, - deyə F.Quliyeva bildirib.
Bizim.Media